Sentyabrın 19-da Milli Məclisin sədri Sahibə Qafarova Malayziyaya səfəri çərçivəsində Malayziya Parlamenti Senatının sədri Avanq Bemi Bin Avanq Ali Basah ilə görüşüb.
Ölkələrimiz və parlamentlərimiz arasındakı münasibətlərin mövcud səviyyəsindən məmnunluğunu bildirən Senatın sədri Sahibə Qafarovanın bu səfərinin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə inandığını qeyd edib.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əməkdaşlığın perspektivləri müzakirə olunub, beynəlxalq platformalarda əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib.
***
Həmin gün Milli Məclisin sədri Sahibə Qafarova Malayziya Parlamenti Nümayəndələr Palatasının sədri Tan Sri Dato Johari Bin Abdul ilə də görüşüb.
Nümayəndələr Palatasının sədri Azərbaycan parlament nümayəndə heyətinin AİPA-nın 46-cı Baş Assambleyasında iştirakına görə təşəkkürünü bildirib. Azərbaycan və Malayziyanın qanunvericilik orqanlarının parlamentlərarası təşkilatlar çərçivəsində əməkdaşlığından danışan Sahibə Qafarova, bu baxımdan AİPA-nın 46-cı Baş Assambleyasının əhəmiyyətini qeyd edib.
Görüşdə Azərbaycan və Malayziya parlamentləri arasında əməkdaşlığın perspektivlərindən danışılıb, bu cür görüşlərin və aparılan danışıqların parlamentlərimiz arasında uğurlu əlaqələri təsdiq etdiyi qeyd olunub.
***
Milli Məclisin sədri Sahibə Qafarova dünən Kuala Lumpur şəhərinin meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) sabiq icraçı direktoru Maimuna Mohd Şərif ilə də görüşüb.
Milli Məclisin sədri səfər çərçivəsində keçirilən tədbirlər və görüşlər barədə məlumat verərək, belə təmasların ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu diqqətə çatdırıb. Kuala Lumpur şəhərinin meri Azərbaycana səfərlərini, Prezident İlham Əliyevlə görüşlərini xatırladaraq, ölkəmizin, o cümlədən paytaxt Bakının inkişafı ilə bağlı müsbət təəssüratlarını bölüşüb.
Söhbət zamanı, həmçinin Bakı və Kuala Lumpur arasında əməkdaşlıq perspektivlərinə toxunulub, maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
XQ