AZ

Məşğulluq tərəqqi və rifah qaynağıdır

Sosial siyasətin tətbiq olunduğu sahələrdən biri və başlıca prioriteti məşğulluğun səmərəli və düzgün təminidir. Tarixi dövrlərə nəzər salanda görünür ki, bu amil təhlükəsizliyin həyata keçirilməsində vacib nüanslardandır. İnsan kapitalının inkişafının, məşğulluq sahəsində keyfiyyət göstəricilərinin yüksəldilməsi, layiqli iş yerlərinin yaradılması, inklüzivliyin təmin olunması və sosial cəhətdən həssas əhali qruplarının əmək bazarında iştirakının artırılması istiqamətində görülən işlər ölkəmizdə dinamik sosial-iqtisadi inkişafın davamlılığının təmin edilməsində mühüm faktor olaraq qiymətləndirilir.

Bu sahədə daha böyük nailiyyətlərin əldə olunması istiqamətində ciddi addımlar atılır, mühüm tədbirlər görülür. Prezident İlham Əliyevin 2018-ci il 30 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası” bunun əyani sübutudur. Dövlət hər kəsin əmək hüquqlarının təmin edilməsini özünün pоzitiv öhdəliyi kimi bəyan edir.

Məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri yeni iş yerlərinin yaradılmasını məhdudlaşdıran amillərin aradan qaldırılması və məşğulluq səviyyəsinin artırılmasını stimullaşdıran şəraitin təmin edilməsidir. Bu baxımdan sahibkarlığın, əsasən də kiçik və orta sahibkarlığın inkişafına yönəlmiş tədbirlər xüsusi əhəmiyyət kəsb edir. Ötən illərdə məşğulluq siyasətində əsas məqsəd əmək ehtiyatlarından daha dolğun istifadə etməklə əhalinin səmərəli məşğulluğunun təminatından ibarət olub.

Dövlət Məşğulluq Agentliyinin (DMA) məlumatına görə, 2025-ci ilin 8 ayında 109 min şəxs münasib işlə təmin olunub. Bu dövrdə 300 minə yaxın şəxs agentliyin aktiv məşğulluq tədbirləri ilə əhatə edilib. 14,6 min şəxs özünüməşğulluq proqramına cəlb edilib, 11 min işsiz şəxs üçün peşə hazırlığı kursları təşkil olunub, 164,2 min şəxsə peşəyönümü xidmətlər göstərilib. Cari ilin 8 ayında müharibə iştirakçıları olan 832 nəfər, ümumilikdə isə 10,6 min müharibə iştirakçısı əmlaklarla təmin olunub və onlar üçün kiçik bizneslər yaradılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində müharibə iştirakçılarına seçdikləri biznes istiqamətləri üzrə avadanlıqlar təqdim edilib.

Ölkəmizdə həyata keçirilən dövlət məşğulluq siyasətinin prioritetlərindən biri də qadınların məşğulluq səviyyəsinin artırılmasıdır. Aparılan işlər qadınların əmək bazarında iştirak səviyyəsinin getdikcə yüksəlməsinə imkan verib. Bu istiqamətdə tədbirlərin davamı olaraq ötən il 55 mindən çox qadın münasib işlə təmin olunub. Özünüməşğulluq proqramı işsiz və işaxtaran qadınların da kiçik sahibkarlığa çıxışında önəmli rola malikdir. Bu proqram üzrə həmin dövrdə daha 7,4 min qadına aktivlər verilməklə onlar üçün kiçik biznes sahələri yaradılıb. Dövlət Statistika Komitəsindən verilən göstəricilərə görə, qadınların məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən 48 faizdir.

Gənclərin də məşğulluğu əsas istiqamətlərdən biri kimi diqqət mərkəzində saxlanılır və bununla bağlı xüsusi layihələr həyata keçirilir. Belə ki, peşə təhsili mərkəzlərində təhsil alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi, sahibkarlıq fəaliyyətinə təşviq olunması, onların özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış gənclərin sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsi və peşə təhsilinə marağın artırılması məqsədilə DMA, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə “Gənclərin biznes emalatxanası” layihəsi icra olunur. Layihə çərçivəsində müxtəlif sahələr üzrə peşə təhsili alan gənclərin biznes təlimlərinə cəlb edilməsi, istehsalat müəssisələrinə səfərlərin təşkili və onların özünüməşğulluq proqramı çərçivəsində mikro biznes qurmaq məqsədilə müvafiq avadanlıqlarla təmin olunması nəzərdə tutulub. Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil edilir, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir.

Ölkəmizdə müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi bu sahədə mövcud olan problemlərin həllinə və əhalinin səmərəli məşğullğu¬nun təmin edilməsinə istiqamətlənib. “Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşların sosial rifahının təmin olunması prioritet məsələlərdən biridir. Bu istiqamətdə əsas məqsəd “Məşğulluqdan məskunlaşmaya” yanaşması ilə qayıdan insanların yaşayışlarının davamlılığının və rifahının dəstəklənməsidir. Məskunlaşmanın tələblərinə uyğun olaraq məşğulluğun müxtəlif aspektləri, o cümlədən özünüməşğulluq, kvota üzrə iş yerlərinin yaradılması, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsi və digər bu tipli layihələrin icrasına hazırlıq görülür.

Cari ilin iyul ayına qədər sözügedən ərazilərdə məskunlaşmış iqtisadi fəal əhalidən məşğulluğu təmin edilmiş şəxslərin sayı ümumilikdə 4 min 809 nəfər təşkil edib. Bunlardan 3 min 677 nəfər müvafiq qaydada işlə təmin olunub, 339 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib. Fərdi qaydada özünüməşğul olanların sayı isə 793 nəfər olub. Bu şəxslər əsasən xırda ticarət, yük və sərnişindaşıma sahələrində çalışırlar. Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 222 nəfər peşə hazırlığına cəlb olunub, daha 641 nəfərin məşğulluğunun təmin edilməsi ilə bağlı işlər aparılır.

“Azərbaycan Respublikasının 2019-2030-cu illər üçün Məşğulluq Strategiyası” çərçivəsində həyata keçirilən tədbirlər planının davamı olaraq, artıq 2025-2027-ci illər üçün yeni Strateji Plan hazırlanaraq təsdiqlənib. Bu sənəd əmək bazarındakı çağırışlara daha çevik və sistemli yanaşmanı təmin etmək məqsədi daşıyır. Onu da qeyd edək ki, rəqəmsal texnologiyalar hazırkı dövrdə müasir əmək bazarında dönüş nöqtəsi rolunu oynayır. Bugünkü reallıq onu deməyə əsas verir ki, texnologiyanın inkişafı təkcə əmək bazarına deyil, bütövlükdə məşğulluq siyasətinin təşkili və idarə edilməsinə fundamental təsir göstərir. Bu texnologiyalar əmək bazarının strukturunu dəyişdirir, işsiz, işaxtaran şəxslər və işəgötürənlər arasında əlaqəni daha sürətli və effektiv edir. Onların sayəsində məşğulluq xidmətləri daha əlçatan, şəffaf və çevik olur.

Mütəxəssislərin təxminlərinə görə, avtomatlaşdırma və süni intellekt səbəbindən əmək bazarının təxminən 27 faizi risk zonasında olsa da, həmçinin robotlaşma və optimallaşma artsa da, onlarla əməkdaşlıq edə bilən yüksəkixtisaslı işçi qüvvəsinə daim ehtiyac olacaq. Bu, o deməkdir ki, rəqəmsal texnologiyaların tətbiqi və rəqəmsal bacarıqların inkişafı əmək bazarında rəqabət qabiliyyətini artırır, yeni peşə sahələrinin yaranmasına, mövcud peşələrin məzmununun dəyişməsinə səbəb olur. Bu da təbii olaraq bacarıqların inkişafına, xüsusən də gənclərin və peşəkarların özlərini daha yaxşı inkişaf etdirmələrinə şərait yaradır.

Mustafa KAMAL
XQ

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr