Namaz zamanı məscid VURULDU- Bu ölkədə...
Ajans.az BBC-ə istinadən xəbər verir ki,hücum cümə günü səhər namazı zamanı həyata keçirilib. Yerli sakinlərin sözlərinə görə, dron zərbəsi nəticəsində onlarla insan hadisə yerindəcə həyatını itirib. Hadisəyə görə məsuliyyəti heç bir tərəf rəsmi şəkildə öz üzərinə götürməyib. Lakin təxminlərə görə, hücumun arxasında Sudandakı yarımhərbi Çevik Dəstək Qüvvələri (RSF) dayanır. Hazırda Darfur bölgəsində, xüsusilə də əl-Faşer şəhərində Sudan ordusu ilə RSF arasında şiddətli döyüşlər davam edir. Bu şəhər hökumət qüvvələrinin bölgədəki son dayaq nöqtələrindən biri hesab olunur və burada 300 mindən çox mülki sakin döyüşlər arasında qalıb. Tibbi mənbələrin məlumatına görə, hücum nəticəsində 20-yə yaxın insan yaralanıb. Axtarış-xilasetmə işləri davam edir və dağıntılar altından cəsədlərin çıxarılması prosesi hələ də başa çatmayıb. Sudanlı ekspertlər və fəallar narahatdırlar ki, RSF şəhərdə qalan mülki əhalini hədəfə ala bilər. Onların çoxu bu yarımhərbi qruplaşma tərəfindən düşmən kimi qəbul edilən etnik azlıqlara aiddir. BMT cümə günü yaydığı hesabatda “münaqişənin etnik xarakter alması” barədə xəbərdarlıq edib. Sənəddə qeyd olunub ki, həm RSF, həm də ordu müxalif tərəflə əməkdaşlıqda ittiham olunan şəxslərə qarşı qisas əməliyyatları həyata keçirirlər. BMT və digər beynəlxalq təşkilatlar RSF-nin nəzarət etdiyi bölgələrdə ərəb olmayan icmalara qarşı sistematik etnik təmizləmə siyasəti apardığını sənədləşdiriblər. “Sərhədsiz Həkimlər” təşkilatının son hesabatında qeyd olunur ki, RSF döyüşçüləri "əl-Faşeri ərəb olmayan icmalardan təmizləmək planlarından" açıq şəkildə danışıblar. RSF bu ittihamları rədd edir və tayfa qarşıdurmalarında iştirak etmədiyini bildirir.