AZ

Neftçilərin sosial təminatı SOCAR-ın qayğı missiyasıdır

“SOCAR-ın 2035-ci ilə kimi Korporativ Strategiyası” çərçivəsində SOCAR təşkilati mədəniyyət və sosial məsuliyyət prinsiplərini rəhbər tutaraq, öz işçilərinin əmək şəraitinin yaxşılaşdırılması və sosial-əmək münasibətlərinin möhkəmləndirilməsi ilə bərabər, əməkdaşların və onların ailə üzvlərinin sosial rifahının yüksəldilməsi, o cümlədən onların sağlamlığının qorunması və istirahətinin təşkili, eləcə də respublikamızda aparılan uğurlu sosial siyasətin davamı olaraq mühüm sosial-iqtisadi layihələrə töhfə verməklə, irimiqyaslı tədbirləri həyata keçirir. Strateji çərçivə, idarəetmə və koordinasiya sosial sahədə fəaliyyətin gücləndirilməsi məqsədilə SOCAR-ın Aparatında Protokol və Sosial Layihələrin İdarə Edilməsi Departamentinin tərkibində yaradılan Sosial layihələr şöbəsi tərəfindən 2024-cü il ərzində müasir dövrün çağırışlarını və yeni reallıqları əks etdirən normativ sənədlər, o cümlədən şöbənin funksiyaları və əməkdaşların vəzifə təlimatları tərtib edilib. Sosial sahədə ilk dəfə olaraq, SOCAR Qrupa daxil olan qurumları əhatə edən hesabatlılıq təmin edilib, qurumlarda qidalanma və sosial xərclər üzrə məlumatlar toplanaraq təhlil edilib.

SOCAR ilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə əməkdaşlıq

Həmçinin cari ildə SOCAR ilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında 2024-2026-cı illər üzrə Sahə (tarif) Kollektiv Sazişin işlənib hazırlanması işi koordinasiya edilib, Sazişin təsdiqlənməsi təmin edilib. Hazırda SOCAR-ın Sosial Tərəfdaşlıq Strategiyasının işlənib hazırlanması davam etdirilir. SOCAR Qrupa daxil olan müəssisələrdə iş yerində qidalanma xidmətinin yaxşılaşdırılması, habelə SOCAR-ın balansında olan qeyri-yaşayış sahələrinin təhlili və dəqiqləşdirilməsi işləri həyata keçirilir, araşdırma və təhlillərin nəticələrinə uyğun olaraq müvafiq təklif və layihələrin hazırlanması nəzərdə tutulur. Ümumilikdə ölkədə fəaliyyət göstərən müxtəlif istirahət mərkəzlərində 2024-cü ilin yanvar ayından hazırkı dövrədək Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən 3894 nəfərə müalicə, 2010 nəfərə isə istirahət üçün yollayışların verilməsi təşkil edilib. Cari il ərzində SOCAR-ın əməkdaşlarının müayinəsi və müalicəsinin təşkili ilə əlaqədar “PAŞA Həyat Sığorta” vasitəsilə könüllü tibbi sığorta xidmətlərindən istifadə davam etdirilib, yayılmaqda olan kritik və sağalmaz xəstəliklərdən işçilərin sığortalanması və xidmətlərin müasir dövrün tələblərinə uyğun olaraq təmin edilməsi üçün yeni korporativ həyat sığortası müqaviləsinin bağlanılması məqsədilə əməli tədbirlər görülüb.

SOCAR-ın təşəbbüsü ilə Novruz, Ramazan və Qurban bayramları münasibətilə Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi ilə birlikdə SOCAR-ın işçisi olmayan aztəminatlı vətəndaşlara, o cümlədən şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına, Çernobıl əlillərinə, istehsalat qəzası və peşə xəstəliyi səbəbindən əlil olan işçilərə və onların ailələrinə, eləcə də Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai birliklərə ərzaq paketləri təqdim edilib.

SOCAR-ın bütün struktur təşkilatlarını əhatə etməklə həyata keçirilmiş əsas fəaliyyət istiqamətləri

Sosial İnkişaf Proqramının (2021- 2025) icrası SOCAR-ın bütün struktur vahidlərini əhatə etməklə davam etdirilib. 2024-cü il ərzində proqram çərçivəsində nəzərdə tutulmuş 18 iş tamamlanıb, 43 işin icrası davam etdirilib. Müxtəlif sosial obyektlərdə təmir-yenidənqurma işləri aparılıb və sosial təminat bölməsinə əlavələr edilərək işçilərin rifahına yönələn tədbirlərin icrasına nəzarət gücləndirilib.

SOCAR-ın prezidentinin müvafiq əmrləri ilə formalaşdırılmış Nəzarət Qrupu tərəfindən 2024-cü ildə SOCAR-ın tabeli qurumlarının 143 alt bölməsinin 512 sahəsindəki 1593 istehsalat, inzibati, sosial-məişət, idman və digər təyinatlı tikilidə monitorinqlər aparılıb. Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb. 2024-cü ildə SOCAR-ın struktur vahidlərində sosial obyektlərin funksionallığının artırılması məqsədilə 121 sosial obyektdə cari, 51 obyektdə əsaslı təmir işləri aparılıb və 5 yeni sosial obyekt inşa edilib. “Azneft” İB, “Azərikimya” İB, “Azəriqaz” İB, Heydər Əliyev adına Neft Emalı Zavodu, “Neftqaztikinti” Tresti, “Kompleks Qazma İşləri” Tresti, Neft Kəmərləri İdarəsi, Qaz İxrac İdarəsi, Geofizika və Geologiya İdarəsi, Nəqliyyat İdarəsi, Bakı Ali Neft Məktəbi və Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin inzibati binalarında, yataqxana, yeməkxana və digər yardımçı sahələrdə lazımi təmir-tikinti işləri həyata keçirilib.

İşçilərin sosial rifahı

“SOCAR-ın işçilərinə maddi yardım verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq SOCAR-ın əməkdaşlarına maddi yardım göstərilib, vəfat etmiş işçilərin həddi-büluğa çatmayan övladlarına (18 yaşadək, təhsil alarsa 23 yaşadək) minimum əmək haqqının 2,5 misli, Qarabağ müharibəsi şəhidi olan işçilərin övladlarına isə 5 misli həcmində yardımın ödənilməsi davam etdirilib. “Quba Şahdağ Truskavets Tibbi-Müalicəvi Sanatoriyası”, “Buzovna Sanator-Kurort Reabilitasiya Mərkəzi”, “Sehirli Naftalan” sanatoriyası, “Yeni Naftalan Hotel” sanatoriyası/Murov stansiyası, “Qaşaltı Health Hotel” sanatoriyasında neftçilərin istirahətinin və müalicəsinin təşkili üçün Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə sosial yardım ayrılıb.

Mədəni-kütləvi tədbirlər

Struktur təşkilatlarda əlamətdar günlər münasibətilə tədbirlər keçirilib, işçilərə bayram sovqatları və pul mükafatları verilib. BANM-də tələbələrin iştirakı ilə tədbirlər və intellektual turnirlər təşkil olunub.

Ətraf mühit və abadlıq

Bibiheybət ərazisində 42 hektar sahədə yeni park salınıb. Bakı buxtası və sahil zonası tullantılardan, batmış gəmi və metal konstruksiyalardan təmizlənib. «Ağ Şəhər» Bulvarında 7 hektarlıq neftlə çirklənmiş ərazi təmizlənib. Heydər Əliyev adına Neft Emalı Zavodunun inzibati binasının fasadı yenilənib, zavodun Böyükşor ərazisindəki çənlər parkında binaların dam örtüyü boyanıb, qurğu və magistral borularda rənglənmə işləri aparılır. SOCAR-ın İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin inzibati binası təmir edilib. İstehsalat sahələrinin yerləşdiyi ərazilərdə, o cümlədən Çilov adası və “Neft Daşları”nda geniş abadlıq işləri görülüb. Sumqayıt şəhərində yaşıllıq ərazilərinin qorunması üçün 30 ton karbamid gübrəsi alınaraq aidiyyəti üzrə təhvil verilib.

İdmanın inkişafına dəstək

SOCAR-ın balansında Bakı Olimpiya Stadionu, habelə bir sıra şəhər və rayonlarda stadion və idman zalları (Şirvan, Neftçala, Pirallahı, Siyəzən) fəaliyyət göstərir. Ölkədə idmanın inkişafına töhfə vermək məqsədilə futbol, cüdo, şahmat, atıcılıq və s. idman federasiyalarına sponsor dəstəyi təmin edilib. 2024-cü il ərzində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və “Neftçi” İdman Klubu İctimai Birliyi tərəfindən həyata keçirilən idman tədbirlərinə maliyyə vəsaiti ayrılıb. “Sumqayıt” Futbol Klubunun inkişafı üçün sponsor dəstəyi göstərilib.

Elm və təhsilə dəstək

ADA Universitetində təhsil alan, Gürcüstanda yaşayan etnik azərbaycanlı tələbələrin təhsil və yaşayış xərclərinin ödənilməsi üçün sosial yardım ayrılıb. Akademik Zərifə Əliyeva adına liseyin maddi-texniki bazasının gücləndirilməsi üçün sosial yardım ayrılıb. “Azerbaijan-British College” Təhsil Kompleksinin infrastrukturunun inkişaf etdirilməsi və SOCAR-ın işçilərinin övladlarının güzəştli şərtlərlə təhsil almalarının təmin edilməsi üçün sosial yardım ayrılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə “Yer elmləri və ətraf mühit problemlərinin vəhdəti: Xəzər Hövzəsi keçid dövründə” mövzusunda beynəlxalq konfransının, Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutuna “Xəzərin neftqazlılığı və geoekoloji problemləri” mövzusunda “Xoşbəxt Yusifzadə 1-ci geoloji qiraətləri” beynəlxalq elmi-praktiki konfransının, Təhsilin İnkişafı Fonduna «Təhsilin İnkişafı Forumu 2024” tədbirinin keçirilməsi üçün sponsor dəstəyi göstərilib. Bundan əlavə, 2024-cü ildə Qazaxıstanın Atırau şəhərində KMG-nin ev sahibliyi ilə keçirilmiş İllik Xəzər Texniki Konfransı (CTCE) daxilində Tələbə İnkişafı Sammitində SOCAR-ın Gənc İstedadlar Proqramının «Çalışan Tələbə» layihəsinin məzunu olan 10 tələbənin iştirakının maliyyələşdirilməsi üçün Neft Mühəndisləri Cəmiyyətinə (SPE) sponsor dəstəyi göstərilib. 13.09.2012-ci il tarixli 306 nömrəli “Əməkdaşlıq müqaviləsi” çərçivəsində SOCAR-ın Tematik planı üzrə seçilmiş elmi-tədqiqat işlərinin maliyyələşdirilməsi üçün “Partnyor Elmin İnkişafına Dəstək” İctimai Birliyinə qrant yardımı ayrılıb.

Biznesə dəstək

“SABAH ACADEMY” MMC-yə “ClimateTech” layihəsi çərçivəsində «Bakı İnvestisiya Günü» tədbirinin keçirilməsi və startapların maliyyələşdirilməsi üçün sponsor yardımı göstərilib. “Bakı Marafonu 2024” tədbirinin təşkili üçün sponsor yardımı göstərilib. “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans”ına dəstək üçün sponsor yardımı göstərilmişdir. “Əsrin müqaviləsi”nin imzalanmasının 30-cu ildönümü ilə əlaqədar “Neft Odisseyi: Əsrin müqaviləsi Tomas Qoltsun gözü ilə” sənədli filminin istehsalı üçün yardım göstərilib. SOCAR-ın brend tanıtımı və işgüzar nüfuzunun gücləndirilməsi baxımından platin sponsorluq statusunun verilməsi üçün COP29 Əməliyyat Şirkətinə SOCAR tərəfindən alınmış hidrotəmizlənmiş bitki yağı (L HVO) və dizel məhsulu təhvil verilib. TEAS Press Nəşriyyat Evi MMC-yə AMEA Əlyazmalar İnstitutunun Elmi Şurası tərəfindən çapa tövsiyə edilməklə, “İslam atlası” adlı iki hissədən ibarət olan kitabın 1000 (min) nüsxə tirajla çapı üçün maliyyə yardımı göstərilib.

Beynəlxalq və icma fəaliyyəti

SOCAR-ın fəaliyyət göstərdiyi ölkələrdə təlim, təhsil və ekologiya sahəsində layihələr həyata keçirilib. SOCAR - Blaqo şirkəti vasitəsilə Ukraynada Buçansk poliklinikasının inşası davam etdirilib. Karbamid zavodunun əməkdaşları tərəfindən ətrafda yaşayan (əsasən məcburi köçkün) sakinlərlə görüş keçirilib, zavodun fəaliyyəti, ekoloji tələblərə uyğunluğu və məşğulluq imkanları barədə maarifləndirmə aparılıb.

Mənzil təminatı və yaşayış şəraitinin yaxşılaşdırılması

SOCAR müasir dövrün çağırışları, qlobal enerji sektorunda sosial məsuliyyətin artan əhəmiyyəti, rəqəmsal transformasiya və yeni texnologiyaların tətbiqi fonunda mövcud kadr potensialını qorumaq, sosial infrastrukturu təkmilləşdirmək və sosial-əmək münasibətlərini tənzimləmək üçün zəruri tədbirləri davam etdirir. Eyni zamanda, SOCAR özünün korporativ sosial məsuliyyət anlayışı çərçivəsində sosial cəhətdən həssas qrupların rifahı və onların cəmiyyətə inteqrasiyasına yönələn müxtəlif təşəbbüslər vasitəsilə özünün ictimai nüfuzunu artırmaqla yanaşı, ölkəmizdə inklüzivliyin inkişafına da mühüm töhfə verir. Mənzil təminatı və yaşayış şəraitinin yaxşılaşdırılması 2024-cü il ərzində SOCAR üzrə mənzil uçotunda olan neftçilərdən 112 nəfəri kooperativ mənzillər, 14 nəfəri isə Buzovna qəsəbəsində fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ilə təmin edilib və beləliklə, həmin ərazidə nəzərdə tutulan 335 yerlik torpaq sahəsinin bölgüsü başa çatdırılıb. Mənzillə təmin olunanlar arasında SOCAR-ın Təqaüd Proqramı çərçivəsində təhsilini başa vuraraq şirkətdə əmək fəaliyyətinə başlayan bir nəfər gənc mütəxəssis, habelə uşaq evində yaşamış və SOCAR-da peşə təhsili alaraq işlə təmin olunan 9 nəfər əməkdaş yer alır. Mənzil təminatı sahəsində aparılan tikinti işləri çərçivəsində “Neftçi” Mənzil-Tikinti Kooperativi tərəfindən Bibiheybət qəsəbəsində inşası davam etdirilən 671 mənzilli yaşayış kompleksində 252 mənzilli iki bina istifadəyə verilib. 4 may 2024-cü il tarixində binaların açılışı və mənzillərə çıxarışların təqdim olunması ilə bağlı tədbir keçirilib. Sözügedən binalar müvafiq qaydada Bakı Şəhər İcra Hakimiyyətinin balansına verilib. Eyni zamanda, həmin ərazidə inşası başa çatdırılmış 212 mənzilli üç yaşayış binası üzrə sənədləşdirmə işləri aparılır və bu mənzillərin yaxın zamanda sakinlərin istifadəsinə verilməsi planlaşdırılır. Hazırda Bibiheybət yaşayış kompleksindəki boş qalmış mənzillərin bölgüsü prosesi davam etdirilir. Şəffaflıq və effektivliyin təmin olunması məqsədilə SOCAR üzrə mənzil növbəsində olan işçilərin məlumatlarına giriş imkanı verən və mənzil təminatı məsələlərinin ictimai səviyyədə izlənilməsinə zəmin yaradan elektron mənzil portalı istifadəyə verilib. Bu portal vasitəsilə növbəlilik, bölgü və ümumi məlumat axını mərkəzləşdirilmiş və şəffaf şəkildə tənzimlənir.

Protokol və tədbirlərin təşkili sahəsində fəaliyyət 2024-cü il ərzində SOCAR prezidentinin iştirakı ilə keçirilən tədbir və görüşlərin təşkilinə, beynəlxalq səviyyəli qəbul və görüşlərin idarə olunmasına, habelə əməkdaşların ezamiyyə və viza dəstəklərinə dair çoxşaxəli fəaliyyət həyata keçirilib. Bu dövr ərzində şirkətin korporativ mədəniyyətini və protokol standartlarını əks etdirən yanaşmalar əsasında müxtəlif formatlı görüş və mərasimlərin uğurla təşkili təmin edilib. 2024-cü ildə SOCAR-ın əsas təşkilatçı və ya tərəfdaş olduğu bir sıra beynəlxalq tədbirlər çərçivəsində – Cənub Qaz Dəhlizi Məşvərət Şurası, Yaşıl Enerji Məşvərət Şurası, Bakı Enerji Həftəsi, “Əsrin müqaviləsi”nin 30 illiyi və COP29 – SOCAR prezidentinin iştirakı ilə görüş və imzalanma mərasimləri təşkil olunub. SOCAR-ın beynəlxalq tərəfdaşlarının ölkəyə səfərləri də diqqət mərkəzində olub. İl ərzində ona yaxın yüksək səviyyəli səfərin təşkili zamanı otel rezervasiyaları, CIP keçidlər, qarşılanma və yola salınma, müşayiət, nəqliyyat dəstəyi və koordinasiya işləri həyata keçirilib. SOCAR-ın əməkdaşlarının xarici səfərlərində iştirakını dəstəkləmək məqsədilə 120-dən çox əməkdaşa viza dəstəyi göstərilib. SOCAR-ın Almaniyanın UNIPER şirkəti ilə əməkdaşlığı çərçivəsində 4-18 avqust 2024-cü il tarixlərində şirkət əməkdaşlarının övladları üçün Azərbaycanda yay düşərgəsi təşkil edilmiş, həmçinin həmin ilin iyun ayında SOCAR əməkdaşlarının övladlarının Almaniyaya səfəri zamanı Protokol şöbəsinin əməkdaşı onları müşayiət edən heyətdə təmsil olunub. Bunlarla yanaşı, 20-26 may 2024-cü il tarixlərində Ukraynanın Zərifə Əliyeva adına İrpen Humanitar Liseyinin nümayəndə heyətinin Azərbaycana səfəri zamanı SOCAR tərəfindən qonaqların qarşılanması, müşayiəti, daşınması və qidalanması təmin olunub, ekskursiyalar təşkil edilib. Bütün bu fəaliyyətlər Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə əlaqələndirilmiş şəkildə Protokol şöbəsi tərəfindən həyata keçirilib.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
4
ikisahil.az

1Mənbələr