AZ

4 şəhərin 1 günü

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycan 44 günlük müharibədə və  23 saatlıq antiterror əməliyyatında yalnız işğalçı Ermənistana deyil, bütövlükdə dünya erməniliyinə qalib gələrək əsas ümummilli hədəfinə çatıb - ərazi bütövlüyünü və suverenliyini təmin edib. Bu şanlı zəfərləri heç kim bizə hədiyyə etməyib, onları biz igid əsgər və zabitlərimizin şücaəti, dövlət və xalqın sıx həmrəyliyi, Müzəffər Ali Baş Komandanın yolgöstərənliyi ilə qazanmışıq. Doğma, əziz şəhər və kəndlərimizin azad olunması bizim üçün bayramdır və Prezident İlham Əliyev ölkəmizdə şəhər günlərinin təsis edilməsi ilə bağlı imzaladığı müvafiq sərəncamlarla bunu rəsmiləşdirib. Xatırladaq ki, dövlətimizin başçısı 2023-cü il 31 iyul tarixində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Ölkə rəhbərinin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla isə həmin sənədə aşağıdakı məzmunlu dəyişiklik edilib: “20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü”. Beləliklə də, respublikamızda işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin sayı 9-a çatıb.

Təqvimdə yeni bayram günləri

İşğal illərində məqsədli şəkildə viran qoyulan yaşayış məntəqələrimizin siyahısı çox uzundur. Bu siyahıda 9 Azərbaycan şəhərinin adı var.

Xalqımızın işğaldan azad olunan ərazilərə böyük bağlılığı var. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi də bunun rəsmi olaraq təsdiqidir.

Mənfur düşmən otuz il ərzində aparılan sülh danışıqlarını manipulyasiya predmetinə çevirmişdi. Havadarlarından dəstək alan ermənilər hətta “yeni torpaqlar uğrunda yeni müharibə” iddiaları səsləndirirdilər. Xaincəsinə torpaqlarımıza soxulan düşmən cəzalandırlmalı idi və Azərbaycan Ordusu bunu layiqincə etdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində misilsiz şücaətlər göstərərək 300-dən çox yaşayış məntəqəsini bilavasitə döyüş meydanında geri qaytardı. Alınmaz qala sayılan Şuşanın, Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının, Hadrutun geri qaytarılması uğrunda gedən döyüşlərdə əsgər və zabitlərimiz misilsiz qəhrəmanlıqlar göstərdilər. Düşmən ordusu cəmi 44 gün ərzində bütün döyüş qabiliyyətini itirdi. Dövlətimizin başçısının imzaladığı Sərəncamda da vurğulandığı kimi, Azərbaycanın döyüş meydanında qazandığı böyük Qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz  işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu. Sonrakı mərhələdə isə Silahlı Qüvvələrimiz 2023-cü il 19-20 sentyabr tarixində Xankəndidə və digər ərazilərdə uğurlu lokal xarakterli antiterror əməliyyatı aparmaqla separatçıların tabutuna son mismarı vurdu və beləliklə də, Azərbaycanın suverenliyi tam şəkildə təmin edildi. Prezident İlham Əliyevin imzaladığı iki Sərəncama əsasən hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunur. Siyahını təqdim edirik:

26 avqust - Laçın şəhəri günü,

4 oktyabr - Cəbrayıl şəhəri günü,

17 oktyabr - Füzuli şəhəri günü,

20 oktyabr - Zəngilan şəhəri günü,

25 oktyabr - Qubadlı şəhəri günü,

8 noyabr - Şuşa şəhəri günü,

20 noyabr - Ağdam şəhəri günü,

25 noyabr - Kəlbəcər şəhəri günü.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü.

Qara gələn “Artsax bayramı”

Azərbaycanın şanlı Zəfəri ilə başa çatan 44 günlük müharibəyədək ermənilər, necə deyərlər, eyforiyada idilər, xam xəyalları göylərdə uçurdu. Onlar “yenilməz ordu”larına güvənərək hər il sentyabrın 2-də Xankəndidə “Artsax” günü”nu böyük şadyanlıqla qeyd edirdilər. “Bayram” tədbirlərində separatçıların “liderləri” Ermənistandan, Fransadan və xaricdəki erməni lobisinin girovluğunda qalan digər belə ölkələrdən təşrif gətirən qonaqları qarşılayardılar. Xoşbəxtcəsinə badələr qaldırılır, “döyüşkən erməni xalqının” şərəfinə təmtəraqlı sağlıqlar söylənilirdi...

İndi isə... Artıq “Artsax oyunu” bitib və “Artsax” günü”də tarixin zibilliyinə atılıb. Daha Ermənistandan, uzaq xaricdən gələn qonaqların ayağı Xankəndidən kəsilib. Elə separatçıların özləri də “asta qaçan namərdir” deyib ərazilərimizdən birdəfəlik rədd olublar. 44 günlük müharibədən sonra xəstə təxəyyüllü ermənilər möcüzə baş verəcəyinə və “Artsax”ın 30 illiyinin təmtəraqlı şəkildə qeyd olunacağını gözləyirdilər. Mifik xəyallar bir qədər də ucalara qalxaraq Fransadan, Yelisey Sarayından qonaqları soraqlayırdı. Ancaq gözləntilər doğrulmadı- “Artsax”ın 30 illik “yubiley” törənini yada salan olmadı. Məyus qalan separatçılar da yalnız kağız parçasından ibarət “bəyanat” verməklə “yubiley” törənini yekunlaşdırmaq məcburiyyətində qaldılar.

Doğma şəhərlər doğma əllərdədir

Prezident İlham Əliyevin Sərəncamı ilə bundan sonra hər il sentyabrın 20-də  şəhər günləri qeyd olunacaq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində işğalçılardan təmizlənməsi ədalətin və həm də tarixin bərpasıdır. Xocalı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni vəhşiliyinə tuş gələn və təsəvvürəgəlməz zülm, sitəm yaşayan bir şəhərdir. Erməni soyqırımlarının 1988-1993-cü illərdəki son mərhələsi xüsusi amansızlığı ilə səciyyələnir. Bu mərhələdə  Xocalı şəhəri erməni vandalizminin növbəti ünvanı oldu. Qanlı gecədə keçmiş sovet ordusunun 366-cı alayının dəstəyi ilə Xocalıya hücum çəkən ermənilər bütün şəhəri yerlə-yeksan etdilər. Xocalı faciəsi dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Holokost, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda və Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil. Qırğın zamanı 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 8 ailə tamamilə məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə hər iki valideynini itirib. Qətlə yetirilən insanlardan 56 nəfəri xüsusi qəddarlıqla - diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb.

Separatçıların qondarma qurumun baş şəhəri elan etdikləri Xankəndiyə münasibətdə də erməni məkrinə yol verilib. Tarixi mənbələrə əsasən, Xankəndi XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlığının başçılarının - xanların istirahəti üçün salınıb. Xanların fəaliyyətinə uyğun şərait yaradılması üçün istirahət məskəni xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, nisbətən dağ ətəyində planlaşdırılır. Bu zaman istirahət məskəninin xanlığın digər vacib şəhər və kəndlərinə, o cümlədən Ağdama, Xocalıya, Malibəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. Bəhs olunan məntəqələrin hamısında istisnasız olaraq azərbaycanlılar yaşayırdılar. İlk vaxtlarda yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında məhz bu adla tanınıb: Xanın kəndi.  Az vaxt ötəndən sonra isə “Xanın kəndi” “Xankəndi” adını alıb. Qarabağ xanlığı Rusiyaya birləşdirildikdə Xankəndi axırıncı Qarabağ xanı Mehdiqulu xanın arvadı Pəricahan bəyimə hədiyyə olunub. “Xankəndi” toponimi 1923-cü ildə keçmiş ittifaqın mərkəzi hakimiyyətinin diqtəsi ilə dəyişdirilib və şəhərə saxta “Stepanakert” adı verilib. Separatçılar da məhz bu toponimdən istifadə ediblər.

İşğal dövründə Xocavənd və Ağdərə şəhərləri də oxşar talelərlə üzləşiblər. Ancaq artıq kədərli günlər keçmişdir. İki il bundan əvvəl baş tutan uğurlu lokal xarakterli antiterror əməliyyatından sonra digər azad olunan yaşayış məntəqələri kimi, Xocavənd və Ağdərə də artıq doğma əllərdədirlər.

Tariximizdə əbədi qalacaq anlar

Uğurlu lokal xarakterli antiterror tədbirlərindən sonra da biz tariximizdə əbədi qalacaq anlara şahidlik etdik. Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-də  Onun üçün əlamətdar olan bir gündə - dövlət başçısı seçilməsinin 20 ilinin tamamında antiterror tədbirlərində separatçılardan təmizlənən ərazilərimizdə, o cümlədən Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla bizlərə sonsuz qürur hissi yaşatdı. Bu gün ölkənin bütün ərazisində suverenliyimiz tam təmin olunub və bayrağımız əzəmətlə dalğalanır.

Xankəndi, Xocalı və digər ərazilərə davam edən köçlər

Postmüharibə dövründə ölkəmizin əsas hədəflərindən biri işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsidir. Bu məqsədlə müvafiq Dövlət Proqramı qəbul edilibb və hazırda ikinci Dövlət Proqramının hazırlanması istiqamətində intensiv işlər aparılır.  Hədəflərin müəyyənləşdirilməsi öz yerində. Azərbaycan həm də güclü və məsuliyyətli dövlət kimi qarşıya qoyulan məqsədlərə çatmaqdan ötrü praktiki müstəvidə müxtəlif istiqamətləri əhatə edən çoxsaylı layihələr reallaşdırır. Son beş ildə işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğuna, yaşayış məntəqələrinin bərpasına aid çoxlu sayda layihələr yüksək səviyyədə reallaşdırılıb. Paralel şəkildə, işğaldan azad olunmuş ərazilərin məskunlaşdırlması uğurla davam etdirilir. Qeyd edək ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

O cümlədən sentyabrın 20 şəhər günləri qeyd edilən yaşayış məntəqələrinin də bərpası və məskunlaşdırılması intensiv şəkildə davam etdirlir. Soyqırımına məruz qalan Xocalıya ilk köç 2024-cü il mayın 28 -də - müstəqilliyimizin 106-cı ildönümü günündə baş tutdu. Necə deyərlər, bayram bayrama qarışmışdı. Tale xocalılara 32 il 3 ay 1 gün sonra doğma şəhərə qayıtmağın xoşbəxtliyini yaşatdı. Artıq ötən ildən başlayaraq bir vaxtlar separatizm yuvasına çevrilmiş Xankəndinin də məskunlaşdırılmasına start verilib. Getdikcə qeyd olunan ünvanlara köç karvanlarının sayı artır. Təkcə sentyabrın əvvəlindən bəri Xocavəndin Hadrut, Qırmızı Bazar qəsəbələrinə, Sos kəndinə, Xocalının Badara kəndinə və digər ünvanlara yeni köç karvanları yola salınıb. Bu günlərdə Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri çərçivəsində Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə bir daha bildirib ki, uzun illər ağır köçkünlük həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər.

Mübariz ABDULLAYEV

Seçilən
24
yeniazerbaycan.com

1Mənbələr