AZ

RAZILAŞDILAR: Qələbə qazanmasa, istefaya göndəriləcək, az pul alacaq - SON DƏQİQƏ

Premyer Liqada beşinci tur davam edir.

Mövsümün ilk baş məşqçi istefası məhz bu gün qeydə alına bilər.

Bunun baş verməməsi üçün «Kəpəz» cari sezonun ilk qələbəsini qazanmalıdır.

Yoxsa Adil Şükürov əşyalarını toplamalı, 2024-cü ilin sentyabrındakı kimi buradan ayrılmalıdır. Hətta «Qəbələ» ilə heç-heçənin də onu xilas etməyəcəyinə dair bilgilər var.

Düşərgədən bu yöndə bəzi yeni məlumatlar almışıq. Bildirilib ki, rəhbərlik Şükürova sonuncu dəfə xəbərdarlıq edib.

İlk dörd turda məğlubiyyətlə üzləşən mütəxəssisə «uğursuz seriyaya son qoymasan, gedəcəksən, limitin bitdi» deyilib.

O, bu ilin iyununda Gəncə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. Kontrakt birtərəfli pozulsa, baş məşqçiyə təzminat ödəmək lazım gələcək.

Şükürovun aylıq maaşının 9000 manat civarında olmasını xatırlasaq, ayrılıq qərarı ona böyük miqdarda pul qazandıracaq.

Amma… Çalışdırıcı güzəştə gedəcək. Bir neçə ayın məvacibi qədər kompensasiya alacaq. Hər halda özü bu barədə yönətimə deyib.

Yəni, postu ilə vidalaşarsa, keçən dəfə olduğu kimi, iki ayağını bir başmağa dirəməyəcək, təzminatını tam şəkildə tələb etməyəcək.

«Kəpəz» ilk həftələrdə «Sumqayıt»a 0:3, «Karvan»a 2:3, «Zirə»yə 0:5 və «Araz-Naxçıvan»a 0:2 hesabıyla uduzub. Xal xanası boş olan «sarı-göylər» hazırda turnir cədvəlinin sonuncu 12-ci pilləsindədir.

SPORTİNFO.AZ

Seçilən
46
sportinfo.az

1Mənbələr