AZ

Milli Aviasiya Akademiyasında “Suverenliyin Zəfəri” adlı tədbir keçirilib  

Milli Aviasiya Akademiyasında Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün və Konstitusiyasının qəbulunun 30 illiyi münasibətilə “Suverenliyin Zəfəri” adlı tədbir təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Milli Aviasiya Akademiyası və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlayıb. Ulu Öndərin xatirəsinə hörmət əlaməti olaraq abidə önünə əklil və gül dəstələri düzülüb.

Daha sonra tədbir Milli Aviasiya Akademiyasının akt zalında davam edib. Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Suverenliyi Gününün və Azərbaycan Respublikası Konstitusiyasının qəbulunun 30 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbiri açıq elan edən akademiyanın İqtisadiyyat və Hüquq şöbəsinin müdiri, professor Ayxan Rüstəmzadə konstitusiya quruluşunun və suverenliyin bərpasının tarixi və hüquqi əhəmiyyətini vurğulayıb. Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində qazanılan 44 günlük Vətən müharibəsi Zəfərindən, 2023-cü il sentyabrın 20-də Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatı nəticəsində dövlət suverenliyinin bərpasından danışıb.

Milli Məclisin deputatı Gülşən Paşayeva suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsindəki rolunu xüsusi vurğulayıb.

Millət vəkili Soltan Məmmədov qeyd edib ki, cəmi 23 saat davam edən əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulan bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirərək növbəti parlaq Qələbə ilə Azərbaycanın suverenliyini tam bərpa edib.

Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev Dövlət Suverenliyi Gününün xalqımızın milli kimliyini, azadlıq iradəsini və gələcəyə inamını təcəssüm etdirən möhtəşəm tarix olduğunu bildirib.

Şəhid Elçin Mansurovun anası Məleykə Məcidova deyib ki, qəhrəman oğulların canı-qanı ilə qazanılan şanlı Zəfər sayəsində bu gün Azərbaycanın Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanır.

Seçilən
28
3
azerbaijan-news.az

4Mənbələr