AZ

Tbilisidə şəhər bayramı keçirilir, azərbaycanlı icmanın mədəniyyəti təqdim olunub - FOTOLAR

TBİLİSİ, 20 sentyabr. TELEQRAF

Tbilisidə ənənəvi “Tbilisoba” şəhər bayramı qeyd olunur.

Teleqraf-ın Gürcüstan bürosu xəbər verir ki, genişmiqyaslı festival tədbirləri iki gün ərzində şəhərin mərkəzindəki Rike parkı, Orbeliani meydanı və Abanotubani rayonunda keçiriləcək.

Bayram günlərində müxtəlif əyləncəli və idman tədbirləri, konsertlər, musiqili şoular və teatr səhnəcikləri nümayiş etdiriləcək.

“Tbilisoba” çərçivəsində Abanotubani rayonunda şəhər şurasının dəstəyi ilə “Tbilisi müxtəlifliyi” adlı sərgi-satış yarmarkası da təşkil olunub. Sərgidə Gürcüstanın azərbaycanlı icması da daxil olmaqla bu ölkədə yaşayan milli azlıqlar öz milli adət-ənənələrini, mədəniyyət və mətbəx nümunələrini nümayiş etdirirlər.

“Gürcüstanın Fəal Azərbaycanlı Qadınlar Assosiasiyası”nın yaratdığı azərbaycanlı icmanın guşəsində müxtəlif əl işləri, rəsm əsərləri, milli suvenirlər, kələğayılar, şirniyyat nümunələri sərgilənib. Guşəni ziyarət edənlər Azərbaycan çayına qonaq ediliblər. Sərgi-yarmarka şəhər sakinləri və əcnəbi qonaqların böyük marağına səbəb olub.

Tbilsidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi də “Tbilisoba” bayramı münasibətilə xüsusi güşə təqdim edib. Muzeyin yaxınlığında yaradılmış guşədə milli mədəniyyət nümunələri ilə yanaşı, Azərbaycan mətbəxinin təamları da sərgilənib.

Bayram çərçivəsində bu gün ənənəvi olaraq Tbilisinin fəxri vətəndaşlarının təltifetmə mərasimi də baş tutacaq. Şəhər günü sabah axşam Tbilisinin Avropa meydanında təntənəli qala-konsertlə yekun vurulacaq.

Qeyd edək ki, “Tbilisoba” 2018-ci ildən oktyabr ayının ilk şənbə-bazar günləri təşkil olunsa da, builki şəhər günü oktyabrın 4-də keçiriləcək yerli seçkilər səbəbindən 20-21 sentyabr tarixinə keçirilib.

Şəhər bayramı ilk dəfə 1979-cu ildə qeyd edilib. Gürcüstanda 1989-cu ildən 1994-cü ilə qədər mövcud ağır sosial-iqtisadi duruma görə həmin dövrdə bayramın keçirilməsi mümkün olmayıb.

“Tbilisoba” 2020-ci ildə koronavirus pandemiyası, 2021-ci ildə isə Batumidə 9 nəfərin ölümü ilə nəticələnmiş yaşayış binasının uçması səbəbindən ləğv edilmişdi.

Seçilən
38
teleqraf.com

1Mənbələr