“20 sentyabr Dövlət Suverenliyi Günü böyük zəfərimiz olmaqla yanaşı ölkəmizin bütün ərazilərində konstitusion tələblərinin bərpası tarixidir”.

Bu sözləri Moderator.az-a açıqlamasında Millət vəkili Azər Badamov deyib.
Millət vəkili xatırladıb ki, 1991-ci ildə sovetlər birliyinin dağılmasından sonra ittifaqa daxil respublikalar öz müstəqilliklərinə və suverenliklərinə qovuşdular. Amma Azərbaycan işğalla qarşılaşdı və ərazilərinə qara yara kimi salınmış “Dağlıq Qarabağ” erməni separatçıların yuvası olaraq möhkəmlənərək dövlətimizin qanunlarına tabe olmadıqlarını elan etdilər:
“32 il separatçılar özləri üçün xunta hökuməti yaradaraq Azərbaycan dövlətinə hədə dilində danışmağa və yeni ərazilərin iddiasında olduqlarını bəyan etdilər. Hətta 2020-ci ildə keçirdiyimiz antiterror tədbirlərindən sonra havadarlarına arxayınlaşan erməni separatçıları Azərbaycan dövlətinin çağırışlarına cavab verməkdən imtina edirdilər. Ərazilərimiz yenidən minalanır, fortifikasiya məntəqələri yaradır və yenidən silahlanırdılar. Təbii ki, belə bir vəziyyət həm də uzun illərdən sonra öz doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərin həyatlarına yeni təhlükə mənbəyi kimi möhkəmlənirdi. Dövlətimiz Qarabağda baş verən proseslərə seyrici edici mövqedə dayana bilməzdi. Düzdür, ekoaktivistlərin Laçın yolunda aksiyaları, Həkəri çayı üzərində sərhəd məntəqəmizin yaradılması separatçıların silahlanma imkanlarını daraltmışdı. Amma onlar dövlətimizin çağırışlarına hələ də cavab verməkdən imtina edirdilər”.
Millət vəkili vurğulayıb ki, nəhayət 19 sentyabr 2023-cü ildə Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Qarabağda lokal xarakterli antiterror tədbirlərinə başlanıldı:
“23 saatdan az davam edən bu antiterror əməliyyatı sayəsində torpaqlarımızda qalmış 12 mindən çox Ermənistanın qeyri-qanuni silahlısı tərksilah edildi. 20 sentyabr əməliyyatı zərgər dəqiqliyi ilə hazırlanmışdı. Dövlət başçımız ordumuza mülki insanlara və infrastruktura zərər yetirilməməsi ilə bağlı tapşırıq vermişdi. Ordumuz az bir müddətdə keçirlmiş hərbi əməliyyatla separatçıların ancaq legitim hərbi hədəfləri məhv etdi. Bu, dünya hərb tarixində görünməmiş və misilsiz bir əməliyyat idi. Separatçılar ağ bayaraq qaldırmasına məcbur oldular. Separatçı xontanın rəhbəri Şahramanyan isə xuntanın buraxılması ilə bağlı sərəncanam imzaladı. Beləliklə 20 sentyabr torpaqlarımızda erməni separatçılarının tabutuna son mıxın vurulduğu gündür. Artıq iki ildir ki, ərazilərimizdə dövlət suverenliyi bərpa olunmuşdur. Bürtün ərazilərimizdə üçrəngli dövlət bayrağımız dalğıalanır. Separatçıların uzun illər üzümüzə bağladığı Xankəndi şəhəri yenidən qurularaq tələbələr şəhərinə çevrilmişdir. Xocalıya, Xocavəndə, Ağdərəyə keçmiş məcburi köçkünlər qayıdırlar. Bütün ərazilərimizə həyat qayıdıb qaynayır. Təbii ki, bu zəfərimizin müəllifi Ali Baş Komandan, Prezident İlham Əliyevdir. Qələbəni bizə qazandıran isə müzəffər ordumuz və xalqımıızın milli birliyidir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edəcək və özünün suverenliyini əbədi edəcəkdir”.
Azər Badamov qeyd edib ki, 20 sentyabr yeni tariximizin yarandığı və ölkəmizin bütün ərazilərində suverənliyin bərpası günüdür. Fürsətdən istifadə edərərk bu əlamətdar tarixi gün münasibətilə təbrik etmək istəyirəm. Bayramınız mübarək!
Mehin Mehmanqızı