AZ

Honkonqda İkinci Dünya müharibəsi dövründən qalmış bomba zərərsizləşdirilib

Pekin, 20 sentyabr, AZƏRTAC

Çinin Honkonq xüsusi inzibati ərazisində İkinci Dünya müharibəsindən qalmış partlamamış bomba 9 saatlıq əməliyyatdan sonra zərərsizləşdirilib.

AZƏRTAC Çin mediasına istinadla xəbr verir ki, şəhərin şərq bölgəsində tikinti işləri aparılarkən aşkarlanan bombanın zərərsizləşdirilməsinə sentyabrın 19-da başlanılıb. Əməliyyatın təhlükəsizliyi məqsədi ilə ətrafdakı 18 yaşayış binasından 6 mindən çox sakin təxliyə edilib. Çəkisi təxminən 453 kiloqram, uzunluğu 1,5 metr olan bomba Amerika Birləşmiş Ştatları (ABŞ) istehsalıdır. Mütəxəssislər bombanı deşərək, içəridəki trotili yandırmağa müvəffəq olublar. Uğurlu başa çatan əməliyyatdan sonra sakinlərin evlərinə qayıtmasına icazə verilib. Əməliyyatın gedişində bağlanmış yollar açılıb.

Qeyd edək ki, Honkonq İkinci Dünya müharibəsinində Yaponiyanın ilk hədəflərindən biri olub. Şəhər yaponların əlinə keçdikdən sonra hərbi və dənizçilik bazası rolunu oynayıb. ABŞ və müttəfiq qoşunları Yaponiya qoşunlarının bölgədəki təchizatını pozmaq üçün Honkonqa güclü aviasiya hücumları təşkil edib. Ötən müddətdə şəhərdə bir neçə dəfə İkinci Dünya müharibəsindən qalan partlamamış hərbi sursat tapılıb. 2018-ci ildə şəhərin Vançay rayonunda tapılan 3 bomba da ABŞ qoşunları tərəfindən atılıbmış.

 
Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
14
azertag.az

1Mənbələr