AZ

Premyer Liqamızın Anandı

Junior Martins 2022-cü ildə «Kəpəz»lə müqavilə imzalayanda, aylıq maaşı 1000 dollar olub.

İkinci mövsümdə bu rəqəmin ikiqat üstünə çıxıb.

«Zirə»də məvacibi ondan çoxdur. Komanda yoldaşları ilə müqayisə etsək, ən az əməkhaqqı alanların sırasında onun da adını görərik.

Braziliyalı hücumçu «Zirə»nin dünənki qəhrəmanı oldu. İlk hissənin bitməsinə dəqiqələr qalmış meydana ayaq basdı, final fitinə dəqiqələr qalmış iki qol vurdu.

Rəşad Sadıqov oyunun hara getdiyini göydə tutdu. Leroy Mikelsi vaxtında dəyişdi, heç fasilənin elan olunmasını da gözləmədi.

Baxdı ki almaniyalı hücumçu keçmiş komandasına qarşı heç nə edə bilmir, əvəzlədi onu. Dəyişiklik üçün ikinci yarının ortasınadək səbr etsəydi, 1 xal da «Zirə»nin olmayacaqdı.

«Zirə» çempionatın ən «ağır» komandasıdır. «Qarabağ»dan sonra.

Harada nə edəcəyi bilinməz. Yeri gəlsə, fələk də baş açmaz onlardan.

Rəşad Sadıqov oyun modelinə sadiqdir, lakin dəqiqələrin bir-birini qovduğu anlarda bəzən elə yerdəyişmələr, elə taktiki manevlər edir ki, bütün təxminlər pozulur.

Şahmat masasına əyləşsə, bəlkə Ananda da çətin anlar yaşadar.

İxtiyarında oyunçu çoxdur onun. İki həftə əvvələ kimi Salifu Suma və Rafael Utziqin yoxluğundan tez-tez danışırdıq, day danışmırıq.

Çün yeri yoxdur bu mövzuya qayıtmağın, gedənləri yada salmağın.

Su axıb çuxurunu tapdığı kimi, Rəşad Sadıqov da «Zirə»nin Suma və Utziqsiz uğur yolunu tapıb. Üç ay səbrini basaraq.

KAMİL

Seçilən
10
sportinfo.az

1Mənbələr