AZ

Yoxa çıxan məktublar, yaşayan ünsiyyət və ya rəqəmsal dünyaya açılan poçt xidmətləri...

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Amerikada bir ailəylə dostluq edirəm. İllər əvvəl bu ölkədə tədqiqat layihəsi zamanı həmin evdə yaşamışdım. İndiyə qədər dostluğumuz davam edir. Düzdü, görüşə bilmirik: adamlar yaşlı, bizə gələ bilmir, mən də ki, iş-güc, filan. Gedə bilmirəm. 

Amma danışırıq, votsapdan, sosial şəbəkələrdən. Əvvəllər yalnız elektron məktub yazırdıq bir-birimizə. Necə sevinirdik, vallah. Sonra oturduq “Skaype”nin qarşısına, indi də Votsapdan çıxmırıq. Neyləməli, rəqəmsal dünya, informasiya texnologiyaları bizə hər şərait yaradıb.

Dəyişməyən bir şey var bizim ünsiyyətdə. İldə bir dəfə bir-birimizə banderol göndəririk: mən milad ərəfəsində, ya da ad günləri üçün, onlar da Novruz bayramı münasibətilə-filan. Yasamaldakı poçtda tanıyırlar məni qızlar. Qəşəng düzəldirlər o banderolu mənimçün. Sağ olsunlar. 

Hər şey dəyişdi ənənəvi poçtda, bircə bağlama göndərmədən başqa. 

Nəylə əvəz etmək olar ki, bu ünsiyyəti? Heç bir texnoloğiya yoxdu hələ bunu əvəzləməkçün. Kitab, jurnal, qəzet, hər şeyi elektron edə bilərsiniz, amma mən o kələğayımızı ki, büküb qoyuram qutuya və 10 gündən sonra amerikalı Pat onu başına örtüb Feysbukda “Azərbaycan incisi” adıyla poz verir ha, bunun keyfini yaşamağın başqa yolu varmı? Yoxdu.

Rəqəmsal dünyada ənənəvi bəzi poçt xidmətlərinin də köhnəldiyini və arxivə döndüyünü görmək adamı üzür.

İnsanlar öz əli və xəttiylə yazdığı məktublarla daha çox enerji verirdi sevdiklərinə. İndi canlı telefon bağlantısı edirsən, o deyil yəni. Məktub yazanda söyüş söymürdün, ağzına gələni danışmırdın. Ünsiyyətin dəyəri bu qədər ucuz deyildi, onu demək istəyirəm.

Poçt xidmətlərinin rəqəmsal dünyaya uyğunlaşması da asan başa gəlmir. Müasir tələblərə cavab verməyən xidmətlər sadəcə, rəqabətdə uduzur.

Məsələn, ötən il Azərbaycanda 113 poçt şöbəsi bağlanıb. Dövlət Statsitika Komitəsi deyir ki, poçt şöbələrinin sayı 2022-ci illə müqayisədə 7 faiz azalaraq 1611-dən 1498-ə düşüb. Hazırda şəhər və rayon mərkəzlərində 481, kəndlərdə isə 1017 poçt şöbəsi fəaliyyət göstərir. 

Ötən il Ağsu rayonunda 22 poçt şöbəsindən 12-si, Masallıda 42-dən 12-si, Qusarda 28 şöbədən 10-u fəaliyyətini dayandırıb. Digər rayonlarda da azalma var. “Azərpoçt” MMC deyir ki, bəzi yaşayış məntəqələrində poçt xidmətlərinin dövriyyəsi aşağı olduğu üçün rentabelli sayılmır. Düzdü, belə vəziyyət əsasən kənd və ucqar yaşayış məntəqələrində yaşanır. Amma ümumilikdə ənənəvi poçt xidmətlərindən istifadə səviyyəsi zəifdir.

Yazışmaq, yaxud kommunal ödənişlər üçün kifayət qədər elektron infrastruktur var.  “Azərpoçt” MMC-nin hazırda 63 Poçt Filialı, 7 Rabitə Qovşağı, 3 törəmə müəssisə, 1497 Poçt şöbəsi və 89 Poçt Agentliyi mövcuddur. 

Xidmətlərin qiyməti də dəyişib. 2022-ci ilin iyun ayında Poçt və kuryer xidmətlərinin qiymətləri 57.9% bahalaşıb. Amma qazanc azdı: 2023-cü ildə əhaliyə göstərilən poçt xidmətlərinin ümumi dəyəri 36,6 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 3 milyon manat azdır. Bunun səbəbi xidmətin keyfiyyəti və ya əlçatanlığında deyil. Sadəcə, müasir dünyada ənənəvi poçtun transformasiyası mühitində texnologiyanın inkişafı ilə poçt xidmətləri də ciddi dəyişikliklərə məruz qalıb. 

Ənənəvi poçtun dünya miqyasında tarixi rolu olub: insanlar və dövlətlərarası əlaqələrin təmin olunmasında mühüm vasitəyə çevrilib. Amma müasir dövrün çağırışlarında rəqəmsallaşma və avtomatlaşdırma, sürət, rahatlıq tələbləri dayanır. Texnoloji inkişafı izləməyə və tətbiq etməyə zorla uyğunlaşır bəzən dövlət qurumları. Məsələn, əvvəllər hansısa arayışı almaqçün ərizə ilə müraciət edirdin, sonra bu ərizəni email vasitəsilə göndərməyə başladıq. İndi əksər dövlət qurumları vahid informasiya portalına bağlanıb və istədiyin məlumatı sənə inteqrasiya edirlər.

Məhkəmə işləri üzrə sənədlər belə artıq rəqəmsal dünyaya bağlanıb. Elektron poçtun (e-mail) aktuallığını itirdiyi, toy dəvətnamələrinin votsapla göndərildiyi dünyada yaşayırıq biz. Bank işləri kimi konfidensiallıq, şəxsin fiziki iştirakını tələb edən sahə elektron imza (AsanDoc) ilə su kimi asanlaşıb. 

Yeni dünyaya uyğunlaşmaq asan deyil. Azərbaycanda poçt şöbələrinin və logistik mərkəzlərin avtomatlaşdırılması hələ də davam edir.

Banderol göndərəndə bəzən “sistem işləmir”, - deyə yubanma ilə üzləşirsən. Belə hallar beynəlxalq böhran vəziyyətlərdə ortaya çıxırsa, problem deyil. Bizim özümüzdə çatışmayan nə varsa, onu aradan qaldırmaq beynəlxaq poçt sistemləri qarşısında mötöbərliyimizi və nüfuzumuzu artırır. Elə götürək, müasir dünyanın ayrılmaz hissəsi olan elektron ticarəti və kuryer xidmətlərini. Bəzi nüfuzlu və populyar xidmətlər (Amazon, eBay, Alibaba və s.) poçt sisteminə yeni tələblər qoyur. Çatdırılma sürəti və izləmə imkanlarının inkişafı olmasa, "Son mil" logistikası və dron/robot çatdırılma texnologiyalarını necə tətbiq edə bilərik? 

“Azərpoçt” MMC müsbət mənada işinə kənardan baxıb dəyişmək gücündə olan müəssisədir: geniş filial şəbəkəsi və xidmət çeşidləri var. Rəqəmsal poçt xidmətlərini, o cümlədən elektron ödənişlər, onlayn bağlama izləmələrini artıq nə vaxtdır, uğurla tətbiq edir. POS-terminalların tətbiqi və maliyyə xidmətlərinin inteqrasiyasına da çalışır. Ölkədə e-ticarətin inkişafı ilə ayaq uydurur: “Azərpoçt”un e-ticarət platformaları və beynəlxalq daşımalarda (əsasən Çin, Türkiyə) hələ ciddi nöqsanlar görməmişik.

Çətinliklər əlbəttə, var. Xüsusən, regionlarda, kənd və rayonlarda internetə əsaslanan poçt xidmətləri - mobil poçt xidmətlərinin (mobil şöbələr) inkişafı lazımdı. Bunu da təkcə “Azərpoçt”un öhdəliyi kimi qəbul etmək olmaz. Bəzi bölgələrdə infrastrukturun zəifliyi, yaxud əhalinin rəqəmsal savadlılığının qeyri-bərabər səviyyəsi buna mane olur. Eyni zamanda, rəqabətli özəl kuryer şirkətlərinin (“Express24”, “Mover”, “Zəng Express”,  "CargoAZ" və s.) artmasını da gözardı etməyək. Onlarla rəqabətə hələ tam hazır deyil “Azərpoçt”, - deyə düşünürəm.

Ölkəmizdə poçt xidmətlərinin əsas operatoru olan “Azərpoçt”un qarşısında maraqlı perspektivlər var. Məsələn, süni intellekt və data analiz əsasında çatdırılmanın optimallaşdırılmasını həyata keçirmək, habelə inteqrasiya olunmuş "smart logistics" sistemlərini tətbiq etmək olar. İndi bütün dünyanın əsas trendi olan yaşıl texnologiyaların tətbiqiylə (elektrik kuryer nəqliyyatı, kağız israfının azaldılması və s.) də dünya arenasında diqqəti cəlb etmək mümkündü. Bu, poçt sistemlərinə daha çevik, ekoloji və müştəriyönlü rəng verir. 

Süni intellekt texnologiyalarının tətbiqi ilə çatdırılmanın avtomatlaşdırılması yeni dünyanın trendidir. Yaşıl enerji ilə çalışan çatdırılma vasitələrindən istifadə, smart loqistika sistemlərinin və “ağıllı poçt qutuları”nın tətbiqi hazırda transsərhəd e-ticarət axınlarında Azərbaycanın tranzit mərkəz kimi rolunu daha da gücləndirə bilər.

Ölkəmizdə ənənəvi poçtun daha geniş və kompleks xidmətlər təqdim edən çoxfunksiyalı bir sistemə çevrilməsində problemlərin yaranmasının qarşısını almaq üçün rəqəmsal dövrün çağırışlarına vaxtında cavab vermək lazımdır. Rəqəmsallaşma, elektron ticarətin artması və texnoloji yeniliklər poçt sistemini modernləşdirərək onun funksiyalarını genişləndirib. Ənənəvi poçtun yeni həyatında məktub qoxusu olmasa da, bir kliklə gələn bağlamalar, saniyələr içində çatdırılan sənədlər və “dron poçt” dövrünün reallığını qəbul etmək bizi yeni atmosferə kökləyib.

Məktublar yoxa çıxsa da, poçt yaşayır. Düzdür, əvvəlki kimi əzizlərimizin, dostların duyğularını, həsrətini kağız üzərində saxlaya bilmirik. Amma əvəzində adi poçtun yerində yaranan logistik nəhəng bizi rahatlıqla bir-birimizə qovuşdurur . Poçt transformasiyasının əsas oyunçusu olan “Azərpoçt” yeni dünyanın dəyərlərinə özünü pandemiya dönəmində alışdırdı. Çölə çıxmaq üçün əlində cəmi 3 saatı olan insanların poçt şöbələrində demək olar ki, növbəsi yaranmadı. Bu dönəmin “Azərpoçt”un tarixində xüsusi yeri var. Düşünürəm ki, o zamandan etibarən gələcək poçtun perspektivlərinin süni intellekt, ağıllı marşrutlaşdırma, ekoloji təmiz nəqliyyat vasitələri və tam avtomatlaşdırılmış xidmətlərdən ibarət olduğunun fərqinə varıb “Azərpoçt”. Çünki onların əlində ölkəmizi regional logistika mərkəzinə çevirmək üçün daha yaxşı imkan və fürsət var: xüsusilə Çin-Türkiyə marşrutlarında poçtun rolunun artması böyük avantajdır. 

Yaşayan, amma dəyişən poçtun dövlət dəstəyinə ehtiyacı varmı? Var.

Çünki poçt təkcə ünsiyyət, daşınma vasitəsi deyil, həm də milli təfəkkürün təkamülü və inkişafıdır. 

Hazırda ölkədə milli poçt şəbəkəsinin operatoru olan “Azərpoçt” MMC 1999-cu il sentyabrın 29-da yaradılıb və Ümumdünya Poçt İttifaqının üzvdür. Sovetlər dönəmindən sonra bütün sahələrdə yaranan tənəzzüldən onlar da yan keçməyib. Amma məhz dövlətin davamlı inkişaf siyasəti nəticəsində yeni nəfəs alıb: 1997-ci ilin mart ayında poçt rabitəsinin qısa müddətli "Dirçəliş və inkişaf proqramı" qəbul olunub, dekabr ayında isə "1998–2003-cü illər üçün poçt rabitəsinin inkişaf konsepsiyası" təsdiq edilib. 2000-ci ildən poçt rabitəsi rentabelli fəaliyyət göstərməyə başlayıb. Poçt rabitəsinin tarixində ilk dəfə olaraq 2002-ci ildə isə "Poçt Rabitəsi Qaydaları" hazırlanaraq təsdiq edilib. 2004-cü il 29 iyunda isə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Poçt rabitəsi haqqında" Azərbaycan Respublikası Qanununun imzalanması poçt rabitəsinin inkişafında yeni mərhələ və məsuliyyət dövrünün əsasını qoyub. 

Dövlətin dəstəyi yenə davam edir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2023-cü ildə başlanan "Maliyyə xidmətlərinin inkişafı" layihəsində "Azərpoçt" MMC-nin də yeri var: layihə çərçivəsində 1,361 poçt şöbəsinin mərkəzi serverə qoşulması məqsədilə zəruri texniki tədbirlər həyata keçirilib. Poçt haqqında Azərbaycan Respublikasının Qanunu 2 oktyabr 2008-ci ildə prezident İlham Əliyev tərəfindən imzalansa da, əlavə və dəyişikliklərlə təkmilləşdirilib. Bu qanun Azərbaycan Respublikasında poçt rabitəsi sahəsində fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyənləşdirir, poçt rabitəsi xidmətləri göstərənlərlə istifadəçilər arasında münasibətləri tənzimləyir.

Bu illər ərzində "Azərpoçt"un fəaliyyət strategiyası hazırlanıb, hazırda göstərilən xidmətlərin və gələcək bank-maliyyə xidmətlərinin, eləcə də müəssisənin bazar mövqeyinin təfsilatlı diaqnostikası aparılıb və onun nəticələrindən ibarət Diaqnostik Hesabat da ortaya qoyulub.

... Bəli, artıq heç kimə kağız məktub gəlmir. Zəng eləmək, işıq, qaz, su pulunu ödəmək üçün də poçta gedən yoxdur. Poçtalyonlar həyətə gəlmir. Amma mən uşaq vaxtı bizim həyətə gələn poçtalyon Samirə xalanı arada xatırlayıram. Əynindəki uzun, nimdaş paltosunun cibinə doldurduğu məktublar, qəbzlər, xəbərdarlıq bildirişləri ilə o zamankı poçtun məktub qoxusu verən nostalji atmosferini xatırladır mənə. Samirə xala o zamanların poçtunun aşağı-yuxarı elə bu cür, uzun paltolu simvolikası kimi qalıb beynimdə. 

Poçt öz yerindədi yenə. 

Sadəcə, paltosunu dəyişib və daha müasir, şarmlı obraza - Rəqəmsal obraza dönüşüb.

Zülfiyyə Mustafayeva

Mia.az

Yazı “Azərpoçt” MMC-nin Mətbuat Şurası ilə birgə keçirdiyi “Müasir dünyada və Azərbaycanda ənənəvi poçtun transformasiyası” mövzusunda müsabiqəyə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
mia.az

1Mənbələr