AZ

Bu gün də suverenliyimizin bərpasını qəbul etməyən dövlətlər var - Rəy

Yazını böyüt
Yazını kiçilt

“2023-cü ilin 19-20 sentyabr gecəsi separatçı rejimə qarşı həyata keçirilən antiterror əməliyyatı nəticəsində Qarabağ bütövlükdə Azərbaycanın nəzarətinə keçdi. Erməni əhali əraziləri tərk edərək Ermənistan tərəfinə keçdi. Lakin mübarizə tam bitmiş sayılmır - bəzi xarici dairələr kollektiv şəkildə ermənilərin Qarabağa qayıtmasını tələb edirlər. Bu cür tələb Azərbaycan üçün qəbuledilməzdir”.

Bunu hafta.az-a siyasi şərhçi Abutalıb Səmədov dövlət suverenliyi günü ilə bağlı şərhində bildirib.

A.Səmədov Dövlət Suverenliyinin əldə olunmasına doğru keçilən yola qısa nəzər salıb:

“1988-ci ilin əvvəllərindən başlayaraq erməni separatçıları Azərbaycanın suverenliyini pozmaq üçün cəhdlər göstərdilər. Bir neçə il ərzində Rusiyanın hərbi yardımı ilə Azərbaycanın Qarabağ bölgəsini tamamilə nəzarətə götürdülər. Çıxış nöqtəsi Dağlıq Qarabağdan başladı və eyni zamanda Dağlıq Qarabağ ətrafındakı bir neçə rayon da işğal edildi. 1994-cü ilin may və iyun aylarında əvvəlcə Bişkekdə, sonra Moskvada atəşkəs sazişi imzalandı. 1994-cü ilin dekabr ayında Budapeştdə ATƏT-in sammiti keçirildi. Həmsədrlik institutu yaradıldı və Rusiya ilə yanaşı ABŞ və Fransa Minsk qrupunun həmsədrləri oldular. 1996-cı ilin dekabrında Lissabon sammitində isə Ermənistan istisna olmaqla, ATƏT-ə daxil olan bütün üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyünü qəbul etdilər. Bu, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi müdrik diplomatik kurs sayəsində mümkün oldu. Sonralar dəfələrlə bəyan edildi ki, bizim diplomatik qələbəmiz məhz Lissabondan başladı. 1997-ci ildə Minsk qrupu iki təklif verdi. 1998-ci ildə isə növbəti ümumdövlət təklifi irəli sürüldü. Bütün bu variantlarda demək olar ki, Qarabağın müstəqilliyi məsələsi gündəmdən çıxarıldı. 1999-cu ildə İstanbul sammitində “ərazi mübadiləsi” təklifi ortaya çıxdı. Lakin Ermənistan parlamentində baş verən terror hadisəsi bu məsələnin İstanbulda müzakirəsinə imkan vermədi. 2001-ci ildə ABŞ-ın Key West şəhərində növbəti müzakirələr keçirildi. Ərazi mübadiləsi məsələsi burada da gündəmə gətirildi. Azərbaycana ciddi təzyiqlər göstərildi, amma bu təzyiqlərə baxmayaraq Azərbaycan rəhbərliyi həmin planı qəbul etmədi. Sonrakı illərdə - xüsusən 2006–2007-ci illərdə — müxtəlif "madrid prinsiplər" irəli sürüldü və həmin prinsiplər müxtəlif variantlarda 2020-ci ilə qədər Azərbaycana qəbul etdirməyə çalışıldı. Bu madrid prinsiplərin mahiyyəti belə idi: beş rayon işğaldan azad olunsun, Dağlıq Qarabağda referendum keçirilsin və Qarabağın gələcəyi müəyyənləşdirilsin; Bundan sonra Laçın və Kəlbəcər də Azərbaycana qaytarılsın. Lakin Azərbaycan bu prinsipləri qəbul etmədi. 2020-ci ilin iyul–sentyabr aylarında baş vermiş hərbi əməliyyatlar zamanı Azərbaycan BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin icrasına sadiq qalmaqla hərəkət etdi. Hərbi uğurlar nəticəsində Ermənistan 2020-ci il 10 noyabr tarixində kapitulyasiya etdi. Bu, münaqişənin bitməsi demək idi, amma proses tam yekunlaşmamışdı - addım-addım iş aparıldı və 2020–2023-cü illərdə azad edilmiş torpaqlarda reinteqrasiya işləri həyata keçirildi”.

A.Səmədov qeyd edib ki, bu gün də Azərbaycanın suverenliyinin bərpasını qəbul etməyən dövlətlər var. Ekspert son zamanlar bu tələbin əsasən Rusiya tərəfdən səsləndirildiyinə diqqət çəkb:

“Halbuki 2001-ci ildə müəyyən səviyyədə Rusiyanı neytrallaşdırmaq mümkün olmuş və bəzi regional proseslərdə Rusiyanın təsiri məhdudlaşdırılmışdı. Hazırda isə bəzi Qərb və Avropa dairələri, eləcə də müəyyən dövlətlər Dağlıq Qarabağ ermənilərinin kollektiv şəkildə geri qaytarılmasını tələb edir. Azərbaycan bunu qəbul etmir. Azərbaycanın mövqeyi aydındır: əgər geri dönüşdən söhbət gedəcəksə, bu, fərdi əsasda olmalıdır - hər bir şəxsin durumu ayrıca qiymətləndirilməli, hüquq və təhlükəsizlik aspektləri nəzərə alınmalıdır. Eyni zamanda, Azərbaycanlıların da Ermənistan daxilində öz ata-baba torpaqlarına qayıtmaq hüququ təmin olunmalıdır”.

A.Səmədov son illər - xüsusən 2020–2023-cü illərdə - Azərbaycanın tarixi uğurlara nail olmasına diqqət çəkib:

“Torpaqlar azad edildi, suverenlik təmin olundu, Qarabağda bərpa və infrastruktur işləri başlanıldı, yeni şəhər və yaşayış məntəqələri salınır. Lakin qarşıda hələ də ciddi çağırışlar var. Ermənilərin kütləvi qaytarılması təhlükəsi separatizmin yenidən yaranmasına şərait yarada bilər və buna imkan verməmək üçün hər kəs fəaliyyət göstərməlidir. Siyasi qüvvələr, ictimai fəallar, dövlət institutları və vətəndaşlar - hamımız öz üzərimizə düşəni etməliyik. Kiçik hisslər və şəxsi ziddiyyətlər arxa plana keçməli, suverenliyimizin qorunması bir vətəndaş borcu kimi qəbul edilməlidir”.

Seçilən
50
hafta.az

1Mənbələr