AZ

Dövlət suverenliyi – tarixi nailiyyət, parlaq gələcək

Suverenlik dövlətin ərazi bütövlüyünün əsası və təminatı, onun sərhədlərini və onları idarə etmək hüququnu təmin edir. 30 il əvvəl, 1995-ci ilin noyabrında Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış ilk Konstitusiyamızın Preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilib.

Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan vermirdi. 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrında həyata keçirilmiş 23 saatlıq uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Beləliklə, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar oldu. Bu səbəbdən 23 saatlıq antiterror əməliyyatları tarixə həm də suverenliyin tam bərpası əməliyyatı kimi düşdü.

2020-ci il noyabrın 10-da imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən artıq Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin, separatçı rejimin mövcudluğu ciddi təhlükəsizlik problemləri yaradırdı. Əslində, üçtərəfli bəyanata əsasən, Qarabağ ərazisindəki erməni yaraqlıları tərksilah edilməli idi. Lakin bu istiqamətdə heç bir fəaliyyət qeydə alınmadı. Əksinə, separatizm meylləri daha da gücləndi.

Azərbaycan isə işğala məruz qalan tərəf olmasına baxmayaraq, mövcud gərginliyin aradan qaldırılması, azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin etmək istiqamətində praktik addımlar atırdı. Rəsmi Bakının bütün addımları regionda konstruktiv mühit yaratmağa hesablanmışdı. Amma qarşı tərəf ən radikal davranışlar sərgiləyir, suveren ərazilərimizdə silahlı təxribatlarını davam etdirir, qondarma seçkilər təşkil edir, regionda vəziyyətin gərginləşməsi üçün əlindən gələni edirdi. Ermənistanda istehsal olunan minalar, qanunsuz silah-sursat Azərbaycanın işğal altında olan ərazilərinə daşınırdı. Bu proses Laçın sərhəd-buraxılış məntəqəsi qurulana qədər davam etdi.

2023-cü il aprelin 23-də Laçında quraşdırılan sərhəd-keçid məntəqəsi terror məqsədilə həyata keçirilən məkrli fəaliyyətin qarşısını aldı. Təsadüfi deyil ki, İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilərək müxtəlif yerlərdə basdırılırdı. Sentyabrın 19-da isə erməni kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minaların partlaması nəticəsində mülki şəxslər və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları şəhid oldu.

Beləliklə, 2023-cü il sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlandı. Cəmi 23 saat davam edən, sentyabrın 20-də uğurla başa çatan əməliyyat nəticəsində Azərbaycan Ordusu qarşıya qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.

Cəmi bir neçə saat ərzində Ermənistan ordusunun təxminən 15 minlik ekspedisiya korpusu tamamilə iflic vəziyyətinə salındı, 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edildi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə məntiqi sonluğuna çatdı. Bu, Azərbaycan ərazilərində qondarma erməni dövləti yaratmaq xülyasının sonu və separatizmin kökünün kəsilməsi demək idi.

Beləliklə, Azərbaycan regionu erməni faşizmindən birdəfəlik xilas etdi, Xankəndi, Xocalı, Ağdərə, Xocavənd, Əsgəranda da Azərbaycan bayrağı ucaldıldı. Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

Prezident İlham Əliyevin Sərəncamı ilə hər il sentyabrın 20-sini Dövlət Suverenliyi Günü kimi qeyd edən Azərbaycan xalqı bir daha öz taleyinə sahib olduğunu, müstəqil dövlətini yaradaraq inkişaf etdirdiyini dünyaya bəyan etmiş oldu.

Nigar Məmmədova,

Milli Məclisin deputatı

Seçilən
39
ikisahil.az

1Mənbələr