AZ

Milli qürurun, ədalətin və suverenliyin təntənəsi

Azərbaycanın dövlətçilik tarixində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonlarının xüsusi yeri vardır. Bu ərazilər Qarabağ bölgəsinin tarixi, mədəni və siyasi mərkəzlərindən olmaqla yanaşı, həm də xalqımızın mübarizə iradəsinin simvoluna çevrilmişdir. Uzun illər işğal altında qalan bu torpaqlar Azərbaycan Ordusunun qəhrəmanlığı, dövlət rəhbərliyinin qətiyyətli siyasəti və xalqımızın dəmir iradəsi sayəsində azadlığa qovuşmuşdur.

Qarabağ bölgəsinin inzibati mərkəzi olan Xankəndi, Azərbaycan mədəniyyətinin və iqtisadiyyatının mühüm ocaqlarından biridir. Xankəndinin azad edilməsi Qarabağın tam suverenliyinin təmin olunması deməkdir. Bu şəhər həm tarixi, həm də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır.

Xocalı adı Azərbaycan tarixində həm böyük bir faciəni, həm də xalqımızın əyilməzliyini simvolizə edir. 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı insanlığa qarşı törədilən ən ağır cinayətlərdən biri kimi yadda qalmışdır. Lakin bu gün Xocalı azaddır və oraya Azərbaycan bayrağı ucaldılıb. Bu, şəhidlərin xatirəsinə ehtiramın, ədalətin bərpasının ən böyük göstəricisidir.

Qarabağın ən gözəl guşələrindən biri olan Xocavənd də uzun illər işğal altında qalmışdır. 2020-ci ilin Vətən müharibəsi və sonrakı antiterror tədbirləri nəticəsində Xocavənd də bütövlükdə azad edildi. Rayonun təbiəti, mədəni irsi və kənd təsərrüfatı potensialı bu bölgəni Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan mərkəzlərdən birinə çevirəcək.

Ağdərə Qarabağ bölgəsinin coğrafi baxımdan mühüm ərazisidir. Strateji yüksəkliklərə sahib olan Ağdərənin azadlığı hərbi baxımdan mühüm qələbədir. Bu rayonun azad edilməsi bütövlükdə Qarabağın təhlükəsizliyinə və davamlı sülhün təmin olunmasına xidmət edir.

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad olunması Azərbaycan xalqının milli birliyinin, ərazi bütövlüyünə sarsılmaz inamının və güclü dövlətçilik siyasətinin nəticəsidir. Artıq bu bölgələrdə bərpa-quruculuq işləri aparılır, yeni yollar, məktəblər, xəstəxanalar inşa olunur. Məqsəd təkcə azad olunan torpaqları dirçəltmək deyil, həm də keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etməkdir.

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü Azərbaycan xalqı üçün təkcə tarixi bir hadisəni deyil, həm də milli qürurun, ədalətin və suverenliyin təntənəsini simvolizə edir. Bu gün biz şəhidlərimizin xatirəsini anır, qazilərimizin qəhrəmanlığını uca tutur və əminliklə gələcəyə addımlayırıq. Qarabağ Azərbaycandır və əbədi olaraq Azərbaycan torpağı kimi qalacaq.

Əminə Ağazadə

Milli Məclisin deputatı

Seçilən
48
3
sabahinfo.az

4Mənbələr