AZ

Suverenlik zirvəsi

İsa Həbibbəyli, 
AMEA-nın prezidenti, akademik

Azərbaycanda Konstitutsiya quruculuğunun özünəməxsus ənənəsi və təcrübəsi vardır. XX əsrin birinci yarısında, sovet hakimiyyəti illərində qəbul edilmiş Azərbaycan SSR-in konstitusiyalarında Sovetlər İttifaqı quruluşu şəraitində ölkəmizin siyasi sisteminin əsasları öz əksini tapmışdır. Sırf ideoloji xarakter daşımasına baxmayaraq, ilk konstitusiyalar Azərbaycanın respublika subyekti olmasının qəbul edilməsi cəhətdən əhəmiyyətlidir. Lakin bu konstitusiyalarda Azərbaycan vətəndaşlarının hüquqları və vəzifələrinə dair müddəalar formal xarakter daşımışdır. 

Bundan başqa, Azərbaycan Sovet Respublikasının beynəlxalq birliyin subyekti olması məsələsi demək olar ki, konstitusiyanın müddəası olmaq “hüququnu” itirmişdir. Bunlar isə öz növbəsində SSRİ adlanan bolşevik imperiyasının zorla işğal edib öz tərkibinə daxil etdiyi müttəfiq respublikaları, o cümlədən Azərbaycanı tədricən əridib itirmək siyasətinin siyasi-ideoloji ifadəsi demək idi. 

Sovet dövləti bu siyasi xətti özünün inkişafının bütün mərhələlərində davam etdirmişdir. Hətta XX əsrin 70-80-ci illərində inkişaf etmiş sosializm cəmiyyəti mərhələsində Sovetlər İttifaqının SSRİ-yə daxil olan bütün xalqların vahid vətəni olması ideyası dövlət səviyyəsində həyata keçirilmişdir. Nikita Xruşşov tərəfindən hakimiyyətdən uzaqlaşdırılması gündəmdə olan Mərkəzi Komitə katibi Mixail Suslov Leonid Brejnevin Baş katib seçilməsindəki rolundan istifadə edərək, Sovetlər İttifaqının tərkibində olan xalqların əridilib itirilməsi siyasətini qanuniləşdirmək vəzifəsini həyata keçirməyə çalışmışdır. Həmin illərdə meydana çıxmış “Mənim ünvanım nə ev, nə küçədir. Ünvanım Sovetlər İttifaqıdır” mahnısının populyarlaşdırılması həmin siyasətin üzvi tərkib hissəsi idi.

XX əsrin 70-ci illərində sovet dövlətinin apardığı millətlərin əridilib itirilməsi və xalqların eyniləşdirilməsi siyasətinin genişləndirildiyi dövrdə Azərbaycanda siyasi hakimiyyətə gələn Heydər Əliyevin apardığı düşünülmüş siyasət nəticəsində bu məkrli planlar respublikamızda həyata keçirilə bilməmişdir. Sovet dövlətinin görünən-görünməyən cəhətlərinə dərindən bələd olan görkəmli dövlət xadimi Heydər Əliyev mövcud siyasi sistemi tənqid etmədən Azərbaycan Sovet Respublikasında Azərbaycan dilini, milli mədəniyyəti, elm və ədəbiyyatı geniş miqyasda inkişaf etdirməklə xalqımızın milli varlığını, milli-mənəvi dəyərlərimizi qoruyub saxlamış və möhkəmləndirmişdir. Ümumi xarakter daşıyan sovet vətənpərvərliyi tərbiyəsini azərbaycançılıq hərəkatı miqyasında həyata keçirməklə Heydər Əliyev xalqımızın milli-mənəvi özünüdərk proseslərini daha da dərinləşdirməyə nail ola bilmişdir. Uzaqgörən rəhbərin respublikamızda yaşayan digər xalqların da hüquqları və vəzifələrinin təmin edilməsi sahəsində həyata keçirdiyi real və faydalı siyasət zahirdə həm də sovet hakimiyyətinin təməl prinsiplərindən biri olan beynəlmiləlçilik tərbiyəsi təəssüratı yaratdığı üçün heç cür siyasi ayrı-seçkilik siyasəti adlandırıla bilməmişdir. 

Sovet dövlətinin beynəlmiləlçilik adı ilə xalqları əridib sıradan çıxarmaq siyasəti həyata keçirdiyi ­şəraitdə Heydər Əliyevin həmin siyasətin “bayrağı” altında Azərbaycanda yaşayan azsaylı xalqların mədəniyyətini qoruyub saxlamaq və yaşatmaq sahəsində tədbirləri genişləndirməsi əsl böyük dövlət xadimi olmağın nümunəsi idi. 

Eyni zamanda, Azərbaycan neftinin ümumittifaq kvotası hesabına ölkəmizdə neft-maşınqayırma sənayəsinin yaradılıb inkişaf etdirilməsi, yaxud SSRİ bazarlarına kənd təsərrüfatı məhsullarının ixrac edilməsinin artırılması respublikamızda neft sərvətlərinin milliləşdirilməsi sahəsində aparılan mübarizənin düşünülmüş şəkildə həll edilməsi demək idi. Vaxtilə Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanovun həyata keçirmək istədiyi neft sərvətlərinin milliləşdirilməsi siyasətinin faciəli aqibəti ondan sonra respublikamıza rəhbərlik etmiş birinci katiblərin bu mövzunu təhlükəli məsələ kimi gündəmdən çıxarmaları ilə nəticələnmişdir.

Uzaqgörən görkəmli dövlət xadimi Heydər Əliyev isə Azərbaycan Respublikasının suverenliyinin atributlarından biri olan neft siyasətinin ən münasib həll yolunu tapmış, yüksək siyasi eşelonda  xüsusi bir narahatlıq doğurmayacaq şəkildə uğurla başa çatdırmışdır. Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılması və milli Zabitlər Korpusunun formalaşdırılması da xalqımızın suverenliyinin təməl prinsiplərindən biri idi.

SSRİ-də  inkişaf etmiş sosializm cəmiyyəti quruculuğu tərkibində 1978-ci ildə Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq Azərbaycan dilinin dövlət dili kimi xüsusi bir maddə kimi yer alması ölkəmizin və sovet hakimiyyəti dövründə xalqımızın siyasi suverenliyinin təmin edilməsi yolunda əldə edilmiş ən mühüm nailiyyət idi. Bu, görkəmli dövlət xadimi Heydər Əliyevin siyasi iradəsi və nüfuzu sayəsində baş tutmuş qeyri-adi, möhtəşəm nailiyyətdir. 

Azərbaycan dilinin dövlət dili statusunda Konstitusiya səviyyəsində təsdiq olunması bu məsələnin hər hansı bir səviyyədə müzakirə obyektindən çıxarılması, hüquqi qiymət alması demək idi. Azərbaycan dilinin dövlət dili statusu qazanması məntiqi mənada müstəqil dövlətçilik ideyasının təməllərinin yaradılması baxımından da əhəmiyyətli hadisə idi. Diqqət edilərsə, Azərbaycan ədəbi-ictimai fikrində milli istiqlalçılıq ideyaları məhz bu dövrdən etibarən genişlənmiş və güclənmişdir.  

Ziya Bünyadov, Bəxtiyar Vahabzadə, Abbas Zamanov, Xəlil Rza, Xudu Məmmədov və başqaları kimi elm və ədəbiyyat xadimlərinin milli istiqlalçılıq, milli-mənəvi özünüdərk istiqamətində apardığı mübarizəyə müəyyən düşünülmüş vasitələrlə şərait yaradılmışdır. Milli ziyalılığın görkəmli nümayəndələrinin deputat seçilmələrinə dəstək verilməsi, Dövlət mükafatı ilə təltif olunmaları, fəxri adlar almaları onların toxunulmazlığının təmin edilməsi üçün həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi idi. Son nəticədə bütün bunlar hələ sovet hakimiyyəti illərində çətin şəraitdə  Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin və xalqımızın suverenliyi üçün qazanılmış tarixi nailiyyətlərdir.

Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev milli istiqlal uğrunda mübarizə illərində və müstəqillik dövründə də xalqımızın suveren hüquqlarının, dövlətimizin siyasi suverenliyinin təmin edilməsi naminə mühüm qərarların qəbul edilməsinə, tarixi hadisələrin həyata keçirilməsinə imza atmışdır. Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi mühüm tarixi əhəmiyyətə malik olan suverenlik hadisəsidir. Milli ordu yaratmaq istiqamətində atılmış qətiyyətli addımlar da mühüm müstəqil dövlətçilik aktıdır.   

Nəhayət, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 noyabr 1995-ci il tarixində Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq referendumu yolu ilə qəbul edilməsinə nail olması Heydər Əliyevin adı ilə üzvi surətdə bağlı olan mühüm tarixi hadisədir. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının yaradıcısı və banisidir. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Konstitusiyası tarixə Heydər Əliyev Konstitusiyası kimi daxil olmuşdur.

Bütün bunlarla bərabər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi olmadan tam suverenliyə nail olmaq mümkün deyildir. Müstəqil dövlətimizin inkişafı tarixinin ən şərəfli hadisəsi olan ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi kimi böyük tarixi vəzifəni Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev həyata keçirmişdir. Otuz illik işğaldan sonra 2020-ci ildə 44 gün ərzində Azərbaycanın qədim ərazisi olan Qarabağın erməni işğalından azad edilməsi dövlət suverenliyinin əsas müddəası olan ərazi bütövlüyümüzün təmin edilməsinin əsasını təşkil etmişdir. Qarabağ savaşında Vətən müharibəsində qazanılmış tarixi Zəfər tam qələbə, 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş bir günlük antiterror hadisəsi isə qəti qələbədir.  

Beləliklə, Qarabağ müharibəsində Azərbaycan Respublikasının tam və qəti qələbəsi Ali Baş Komandan İlham Əliyevin Dəmir Yumruğu ilə qazanılmış nadir tarixi hadisədir.  Dəmir Yumruq  bu gün dövlət suverenliyimizin rəmzinə çevrilmişdir. Prezident ­İlham Əliyev Vətən müharibəsinin Ali Baş Komandanı, ölkəmizin Suverenliyinin qarantıdır. Hazırda Azərbaycan Respublikası özünün müstəqil dövlətinin suveren hüquqlarına malik olan qüdrətli dövlətdir. 

Ali Baş Komandan İlham Əliyev Qarabağ Zəfərinin banisi, hərəkətverici qüvvəsi və rəhbəridir. Müzəffər Ali Baş Komandan Qarabağ Zəfərinin əsas ilhamçısı və lideridir. İlham Əliyevin liderlik missiyası Azərbaycan xalqına qalib xalq, müstəqil ölkəmizə qalib ölkə, dövlət başçımıza qalib Prezident statusu qazandırmışdır. Qalib Prezidentlik özündə qalib liderliyi birləşdirir. Azərbaycan Respublikasının Prezidenti Qalib ölkənin, Qalib xalqın Qalib lideridir. Qalib liderin 2020-ci ildə Qarabağda qazandığı tarixi Zəfər işğalçılar üzərində qələbə, 2023-cü ildəki bir günlük hərbi əməliyyat nəticəsində əldə olunan ərazi bütövlüyü isə Qalibiyyətdir. Bu, Azərbaycan tarixində ilk dəfə müstəqil dövlətimizin özünün ərazi bütövlüyünə sahib olması hadisəsidir. Bu, Azərbaycan Respublikasının suveren dövlət statusu qazanması kimi böyük tarixi hadisədir. Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikasının suverenlik zirvəsini fəth etmiş Qalib liderdir.

Prezident İlham Əliyev eyni zamanda Suverenliyin əbədi olmasını təmin etmək üçün də genişmiqyaslı kompleks tədbirlər həyata keçirir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması və Böyük Qayıdış hərəkatının sürətlə həyata keçirilməsi, Azərbaycanın bütün ərazilərində həyatın bərqərar olması ərazi bütövlüyü ilə Suverenlik arasında bərabərlik işarəsi qoymağa tam əsas verir.

Bu baxımdan artıq Qarabağ və Şərqi Zəngəzurun əksər yaşayış məntəqələrində insanların məskunlaşdırılması, burada böyük quruculuq proqramlarının həyata keçirilməsi Azərbaycanın tarixi ərazilərinin bərpası və ərazi bütövlüyünün əbədi olaraq təmin edilməsi yolunda atılan qətiyyətli addımlardır. Bu mənada Böyük Qayıdış Suverenliyin möhtəşəm təməlidir. Böyük Qayıdış –  Böyük və Əbədi Quruculuqdur.

Ölkəmizin tam ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin bərpa edilməsi də zəruri şərtlərdən biridir. Vaxtilə ölkəmizin rayonlarının və paytaxtımız Bakı şəhərinin Naxçıvanla əlaqələndirilməsi üçün bir neçə istiqamətdə magistral yollar fəaliyyət göstərmişdir. Bakı-Noraşen və Bakı-İrəvan qatarları Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın digər əraziləri arasında polad magistrallar kimi fəaliyyət göstərmişdir. 

Bu marşrutlar üzrə qatarların hərəkəti o qədər dəqiq tənzimlənmişdir ki, adamlar həmin qatarların ayrı-ayrı dayanacaqlara çatması vaxtına baxıb saatlarındakı vaxtı düzəltmişlər. Bundan başqa, Bakı-Yevlax-Gorus-Biçənək aşırımı və Bakı-Gəncə-Qazax-Dilican-İrəvan-Naxçıvan avtomobil yolları da muxtar respublikanı Azərbaycanın digər əraziləri ilə üzvi surətdə əlaqələndirmişdir. Birinci Qarabağ müharibəsi nəticəsində bu yolların hamısı bağlanmış, Naxçıvan Muxtar Respublikası ağır blokada vəziyyətinə salınmışdır. Qarabağ Zəfərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngəzur dəhlizinin açılması istiqamətində apardığı mübarizə həm Naxçıvan Muxtar Respublikasının blokada vəziyyətindən çıxarılaraq respublikamızın digər əraziləri ilə ahəngdar və daimi əlaqələrinin qurulmasına və həm də Suverenlik Aktının bütün mahiyyəti ilə təmin olunmasına xidmət edən tarixi addımlardır. Zəngəzur dəhlizinin Avropa ilə Asiyanı birləşdirən ən əlverişli beynəlxalq magistral olması və eyni zamanda həmin marşrutun açılmasında dünyanın bir çox dövlətlərinin maraqlı tərəflər kimi çıxış etmələri bu nəqliyyat dəhlizinin açılacağına böyük ümidlər yaradır. Xüsusən, 8 avqust 2025-ci il tarixdə Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin paraflanması prosesində həm də Zəngəzur dəhlizinə dair mühüm tarixi qərarların qəbul edilməsi və bu magistralın “Tramp yolu” adlandırılması Zəngəzur dəhlizi məsələsinin müsbət həllini reallığa çevirmişdir. 

Artıq Amerika Birləşmiş Ştatlarında – Vaşinqtonda imzalanmış sənədlər Zəngəzur dəhlizinin açılmasını qaçılmaz etmişdir. Həm bütün region ölkələri, xüsusən   İran və İrəvan üçün daha çox faydalı olacaq Zəngəzur dəhlizi məsələsini beynəlxalq birliyin gündəmində olan bir mövzuya çevirmişdir. Xalqımız inanır ki, Prezident İlham Əliyevin dəmir iradəsi və ağıllı siyasəti ilə Zəngəzur dəhlizinin açılması problemi  tam həllini tapacaqdır.

Azərbaycanın dövlət Suverenliyi məsələsi Azərbaycanla  Ermənistan arasında Sülh Sazişinin imzalanmasının həyata keçirilməsini də tələb edir. Amerika Birləşmiş Ştatlarında – Vaşinqtonda ABŞ-ın Prezidenti Donald Trampın iştirakı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin möhkəm siyasi iradəsi ilə 8 avqust 2025-ci il tarixdə Sülh Sazişinin maddələrinin paraflanması bu tarixi məqamın çox da uzaqda olmadığını göstərir. Sülh Sazişi təkcə iki ölkəyə - Azərbaycana və Ermənistana  deyil, Cənubi Qafqaza və geniş mənada regiona, Avrasiya məkanına  sülh, əmin-amanlıq və qarşılıqlı əməkdaşlıq gətirən layihə kimi ölkəmizin suveren hüquqlarından beynəlxalq müstəvidə istifadə edilməsinə meydan açacaq.

Beləliklə, Suverenlik – Ərazi Bütövlüyü Azərbaycan Respublikasının misilsiz tarixi nailiyyətidir. Suverenlik – Ərazi Bütövlüyü və  Böyük Qayıdış Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycan xalqının çoxəsrlik tarixi salnaməsinə qızıl hərflərlə həkk etdiyi parlaq səhifələrdir.

Nəhayət, Suverenlik hər bir Azərbaycan vətəndaşının milli qüruru, şərəfi və iftixarıdır. Qədirbilən Azərbaycan xalqı dövlət müstəqilliyimizin böyük və möhkəm təməllərini yaratmış Ümummilli liderimiz Heydər Əliyevə əbədi minnətdardır. Ölkəmiz və xalqımız, bütövlükdə dünya azərbaycanlıları XXI əsrin qüdrətli liderlərindən biri olan Prezident İlham Əliyevin Qarabağın Fatehi və Dövlət Suverenliyinin rəmzi kimi bütün istiqamətlər üzrə çoxcəhətli və yorulmaz fəaliyyətini ürəkdən dəstəkləyir və müdafiə edir.

Azərbaycan tarixində ilk dəfə olaraq Suverenlik Zirvəsində Azərbaycan bayrağını dalğalandıran Prezident İlham Əliyevin həm də dövlət Suverenliyimizin sarsılmaz qarantı olduğuna xalqımız əmindir. Bu gün Azərbaycan Respublikasının üçrəngli dövlət bayrağı Suverenlik Zirvəsində əbədiyyət rəmzi kimi əzəmətlə dalğalanmaqda davam edir.

Seçilən
16
xalqqazeti.az

1Mənbələr