Bir neçə gün əvvəl Ukraynanı qanunsuz tərk etməyə cəhd edərkən saxlanılan və gündəm olan “Dinamo” nun keçmiş qapıçısı Artur Rudko Azərbaycana gəlmək istəyirmiş.
Sən demə, o, karyerasını xilas etmək üçün ölkəmizi seçibmiş.
Sportinfo.az xəbər verir ki, qapıçı “Qəbələ” ilə müqavilə imzalamaq üçün ölkəsindən çıxmağa çalışıb, akin onun arzusu ürəyində qalıb.
Yalnız Səlahət Ağayev və əvəzedicisi olan gənc Həbib Hüşənovun ümidinə qalan “Qəbələ” uzun müddətdir əcnəbi qolkiper axtarır.
Bir neçə əlcək sahibi ilə danışıqları uğurlu alınmayan bölgə təmsilçisi gözünü Rudkoya dikibmiş. Amma müqavilə imzalaması üçün onun müharibə səbəbindən çıxışa icazə verilməyən Ukraynadan ayrılması lazım imiş.
Klubun buna imkanı olmadığından problemi oyunçunun özü həll etməyə çalışıb. O isə qanunsuz yolu seçib və həbs olunub.
33 yaşlı Rudko Kiyev “Dinamo”sunun yetirməsidir. “Noverla”, “Pafos” (Kipr), “Metallist”, “Lex” (Polşa) və “Şaxtyor”da oynamış Artur son bir ilini keçirdiyi “Çernomorets”dən iki ay öncə ayrılmışdı.
İndi o, uğursuz cəhdinin cəzası olaraq hərbi hazırlığa cəlb olunub.