AZ

Xanın kəndindən tələbə şəhərinə doğru - İlham Əliyev arzuları reallığa çevirir

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Şərqi Zəngəzur və Yuxarı Qarabağ iqtisadi rayonlarının işğaldan azad edilmiş ərazilərinin bərpası, məskunlaşma prosesi uğurla davam edir. Tarixi qələbəmizdən keçən beş ilə yaxın müddətdə sözügedən ərazilərdə görülən işlərin miqyasının, həqiqətən, dünyada analoqunun olmadığını söyləyə bilərik. Qısa müddət ərzində daxili imkanlar və Azərbaycanın özünün gücü hesabına həyata keçirilən meqalayihələr ölkəmizin qüdrətinin göstəricisidir. Qələbəmiz kimi, bu işlərin də memarı Prezident İlham Əliyevdir. Dövlət başçısı mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfərlər edir, görülən işlərlə yerində tanış olur.
Oxu.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Prioritet vətəndaş məmnunluğudur
Dövlət başçısının Xocalı, Xankəndi və Hadruta budəfəki səfərləri, yeni yaşayış məntəqələrinə köçən sakinlərlə görüşləri, fərdi evlərdə yaradılan şəraitlə yaxından maraqlanması xüsusi qeyd olunmalıdır. Bu səfərlər zamanı müşahidə olunan məqamlar ondan xəbər verir ki, dövlət siyasətinin, Prezident İlham Əliyevin fəaliyyətinin əsasında Azərbaycan vətəndaşının məmnunluğu, rifahı dayanır. Bu vurğu sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşü zamanı Prezident İlham Əliyevin özü tərəfindən də qeyd olunub.
"Bütün Qarabağ, bütün Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması bizim gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz", - dövlət başçısı deyib.
Görülən işlərin canlı şahidləri
Bəli, bu gün 30 ildən artıq müddətdə qaçqın və məcburi köçkün həyatı yaşamış minlərlə Azərbaycan vətəndaşı doğma torpaqlarda dövlətin onlar üçün yaratdığı şəraitin, rifahın canlı şahidi olur. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin işğaldan azad edilmiş ərazilərimizə gətirdiyi sülhün ölkənin inkişafında hansı əhəmiyyətə malik olduğunu müşahidə edirlər.
Prezident İlham Əliyevin Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə qeyd etdiyi kimi, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq:
"Yəni burada - Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın".
Ən incə məqamlar belə diqqətə alınır
Görülən işlərin miqyasının böyüklüyünə, əhatə dairəsinə baxmayaraq, ən kiçik detallar da dövlət başçısının xüsusi nəzarətindədir. Prezident İlham Əliyevin kənd sakinlərinin fərdi evlərinə baş çəkərkən onlarla səmimi söhbətində, yaradılan şəraitlə yerində tanış olarkən verdiyi tapşırıqlarda dəfələrlə bunun əyani şahidi olmuşuq. Bu dəfə də istisna olmadı. Prezident sentyabrın 15-də Daşbulaq kəndində Məzahir Novruzovun evində olub, ailə üzvləri ilə söhbət edib. Onlar yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər. Söhbət əsnasında M.Novruzov kəndin digər hissəsində işğaldan əvvəlki ata evini də dövlət başçısına göstərib. Prezident İlham Əliyev ata ocağının da M.Novruzovun ailəsinə verilməsi barədə tapşırıq verib.
Prezident İlham Əliyevin Xocalı rayonunun Şuşakənd kəndinin sakini Zaur Rzayevin evinə baş çəkməsi, yaradılan şəraitlə tanışlıq zamanı verdiyi tapşırıqlar da diqqət çəkib. Dövlət başçısı həyətyanı sahələrlə bərabər, buraya qayıdan sakinlərin məşğulluğunun təmini üçün onlara əlavə torpaq sahələri və örüş yerlərinin ayrılması barədə də tapşırıqlar verib. Bütün bu məqamlar göstərir ki, Prezident İlham Əliyevin şəxsən nəzarət etdiyi işğaldan azad edilmiş ərazilərin bərpası, Böyük Qayıdış prosesi zamanı ən incə məqamlar belə diqqətə alınır.
Xankəndi tələbə şəhəri olacaq
Azərbaycan Prezidentinin işğaldan azad edilmiş ərazilərə budəfəki səfəri həm də yeni tədris ilinin başlanğıcına təsadüf etdi. Bu il onlarla kənd və qəsəbədə işğaldan azad ediləndən sonra ilk məktəb zəngi səslənib. Budəfəki tədris ili Xankəndidə fəaliyyətə başlamış Qarabağ Universiteti üçün isə xüsusilə əlamətdar olub. Tələbələr, müəllim heyəti həm Prezident İlham Əliyevlə görüşmək imkanı qazandılar, həm də dövlət başçısının iştirakı ilə Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı reallaşdı.
Xankəndidə möhtəşəm ali təhsil ocağının yaradılması vaxtilə separatizm yuvası olmuş bu şəhərin gələcəkdə tələbə şəhəri olacağına işarə idi. Dövlət başçısı da bu məqamı xüsusi olaraq qeyd edir. Eyni zamanda, Qarabağ Universitetində ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan sahələr üzrə kadrların hazırlanması işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən qayıdış və bərpa prosesinin də mühüm tərkib hissəsidir. Bu ərazilərin gələcək sosial-iqtisadi inkişafı məhz peşəkar kadr hazırlığından ciddi şəkildə asılıdır.
Beləliklə, Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi xarakter alan səfərləri bu ərazilərin bərpasına kompleks yanaşmanın göstəricisidir. Yaradılan şəraitin ən yüksək səviyyədə olması, məşğulluğun təmini, infrastrukturun müasir standartlar səviyyəsində qurulması, bu işlərin görülməsi və gələcək sosial-iqtisadi inkişaf üçün peşəkar kadr hazırlığı və s. kimi hədəflər dünyaya yeni bir Azərbaycan modelini təqdim edir. Qurub-yaradan, sülhü hədəfləyən, güclü, müstəqil Azərbaycan modelini.
Seçilən
63
1
oxu.az

10Mənbələr