Yağlı qaraciyər xüsusilə artıq çəkili insanlar arasında geniş yayılmış və sağlamlıq üçün ciddi təhlükə yarada biləcək problemdir.
E-sağlam.az xəbər verir ki, SM-Klinikasının qastroentoloq və diyetoloqu Natalia Panina bildirir ki, qaraciyərdə hüceyrələrin 5%-dən çoxu yağ yığdıqda bu xəstəlik diaqnoz qoyulur. Bunun üçün də artıq çəkili olmaq lazım deyil. Yağlı qaraciyərin əsas riski ürək-damar xəstəlikləri və serroza yol açma ehtimalının olmasıdır.
Yağlı qaraciyərin inkişafında əsas risk faktorlarından biri müntəzəm alkoqol istehlakıdır. Panina qeyd edir ki, xəstəlik riski üçün hətta kişilər üçün gündə 40 qram, qadınlar üçün isə 20 qramdan çox etanol kifayətdir.
Qaraciyər üçün təhlükə yalnız alkoqolla məhdudlaşmır. Fast food və rahat qidalarda olan doymuş yağlar və trans yağların həddindən artıq istifadəsi də risk yaradır. Bu yağlar “pis” xolesterolun artmasına səbəb olur və qaraciyər ilə ürək-damar sisteminə əlavə gərginlik yaradır. Həkim tövsiyə edir ki, gündəlik yağ qəbulunun 30-35%-dən çox olmamasına diqqət yetirilsin və bu yağların yarısı bitki mənşəli olmalıdır.
Digər risk faktorları isə fruktoza və sadə karbohidratların çox istifadəsidir, xüsusilə şəkərli içkilərdən alınanlar. Qaraciyərin sağlamlığı üçün tam taxıllar və işlənməmiş taxıllara üstünlük verilməli, liflə zəngin tərəvəz və salatlar kifayət qədər pəhrizə daxil edilməlidir. Bu, həm yağ və karbohidrat metabolizmasını normallaşdırır, həm də qaraciyərə birbaşa təsir edən bağırsaq mikroflorasını qoruyur.
Tərcümə: Nəzrin Abbas
E-saglam.az