AZ

2 ildə Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə genişmiqyaslı işlər görülüb

İki il əvvəl - 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirlərindən dərhal sonra Prezident İlham Əliyevin azad olunmuş ərazilərin Azərbaycan enerji sisteminə qoşulması və dayanıqlı enerji ilə təchiz edilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji” tərəfindən genişmiqyaslı işlər görülüb.

Musavat.com xəbər verir ki, ilkin olaraq antiterror əməliyyatından cəmi 4 gün sonra Xankəndi və ətraf ərazilər Ermənistan enerjisistemindən ayrılaraq 110 kV “Şuşa” yarımstansiyası vasitəsilə ölkə enerjisisteminə qoşulub və beləliklə, 30 illik işğaldan sonra azad edilmiş regionda Azərbaycan işığı yanıb.

Ümumilikdə isə antiterror tədbirlərindən keçən 2 il müddətində ölkə başçısının tapşırığına uyğun olaraq Xankəndi, Xocalı, Ağdərə və Xocavənd rayonlarında “AzərEnerji” tərəfindən irimiqyaslı tikinti və yenidənqurma işləri həyata keçirilib.

Belə ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilmiş, işğal müddətində baxımsız vəziyyətdə saxlanılmış 50 MVt gücündə “Sərsəng” Su Elektrik Stansiyasında təcili təmir-bərpa işləri aparılaraq 2023-cü ilin oktyabr ayının əvvəllərində stansiya işə salınıb. Həmçinin, Ağdərə rayonunda 10 MVt gücündə “Həsənriz”, 3 MVt gücündə “Torağay-1”, 5,9 MVt gücündə “Torağay-2”, 5 MVt gücündə “Torağay-3”, 0,8 MVt gücündə“Torağay-4” kiçik su elektrik stansiyaları təmir-bərpa edilərək işə qoşulub.

Qarabağ Enerji Strategiyasına uyğun olaraq regionda müasir infrastruktur da qurulub:

• Xankəndinin dayanıqlı enerji təminatı üçün tam qapalı tipli 110/35/10 kV-luq “Xankəndi-1” yarımstansiyası tikilib və artıq istismara hazırdır. “Şuşa” yarımstansiyasından bura 12 km uzunluqda ikidövrəli xətt çəkilib, şəhərin 1,8 km-lik hissəsi isə yeraltı kabel vasitəsilə təmin olunub.

• 110 kV “Xankəndi-1” yarımstansiyasından 110 kV “Ağdam Qovşaq” və “Həsənriz” yarımstansiyaları istiqamətində yeraltı kabel tunelləri tikilib.

• Xankəndi Şəbəkə Sahəsinin işçi heyəti yerli əhalidən seçilərək xüsusi təlim kurslarından sonra işə cəlb olunub.

• Kəlbəcər istiqamətində üçüncü dairəvi enerji təchizat xətti qurulub. Bu məqsədlə Daşkəsən–Kəlbəcər, Kəlbəcər–Qorçu istiqamətində yeni 110 kV-luq xətlər çəkilib, həmçinin Kəlbəcər–Həsənriz marşrutu üzrə Ağdərəyə qədər 16,7 km-lik xətt tamamlanıb.

• Tərtərçay üzərində 14,7 MVt gücündə “Qozlukörpü” Kiçik Su Elektrik Stansiyası inşa olunub, tikinti-quraşdırma işləri başa çatdırılıb və hazırda son sazlama mərhələsindədir.

 

 
Seçilən
26
15
musavat.com

10Mənbələr