Təxminən yarım əsrdir axtarılan iki batmış gəmi" illərlə davam edən araşdırmalardan sonra nəhayət ki, tapılıb. ABŞ-ın Miçiqan gölündə yerləşən "FJ King" və Karib dənizindəki "San Xose" adlı gəmilərin üzə çıxarılması həm tarix, həm də dənizçilik sahəsində böyük maraq doğurub.
News.az xəbər verir ki, 1867-ci ildə Ohayoda inşa edilən və 144 fut uzunluğunda olan üçdirəkli yelkənli yük gəmisi FJ King, 15 sentyabr 1886-cı ildə Eskanabadan Çikaqoya dəmir filizi daşıyarkən şiddətli fırtına nəticəsində batmışdı. Güclü dalğalar gəminin gövdəsini parçalayıb arxa göyərtə hissəsini isə tamamilə sıradan çıxarmışdı. Kapitan Uilyam Qriffin və heyət üzvləri gecə saatlarında başqa bir gəmi tərəfindən xilas edilsə də, "FJ King" gölün dərinliklərinə qərq olmuşdu.
İllərlə gəminin yeri barədə fərqli məlumatlar yayıldığı üçün axtarışlar nəticəsiz qalmış vəo, “xəyalət gəmi” adlandırılmışdı. Lakin Viskonsin Tarix və Sualtı Arxeologiya Cəmiyyətlərinin dəstəyi ilə çalışan tədqiqatçı Brendon Beylodun rəhbərlik etdiyi qrup bu sirri aça bilib. Beylod əvvəlki koordinatların yanlış ola biləcəyini düşünüb yeni bir əraziyə fokuslanaraq iki kvadrat millik sahəni araşdırıb. Radar vasitəsilə aparılan axtarış zamanı Baileys Harbor yaxınlığındakı 40 metr uzunluğunda gəmi qırıqları aşkar edilib və bunun "FJ King" olduğu təsdiqlənib. Beylod bu anı “Bu qədər illərdən sonra onu tapdığımızı görmək inanılmaz idi” sözləri ilə ifadə edib.
Eyni dövrdə Karib dənizində dənizçilik tarixinin ən qiymətli itmiş xəzinələrindən biri də tapılıb. Kolumbiya sahillərində yerləşən San Xose adlı gəmi təxminən 300 ildən çoxdur ki, suyun altında yatırdı. Gəmidə 16 milyard funt sterlinq dəyərində qızıl, gümüş və zümrüddən ibarət xəzinənin olduğu ehtimal edilir. 1708-ci ildə İspaniya Varislik Müharibəsi zamanı Peru istiqamətindən İspaniyaya xəzinə daşıyan gəmi İngilis donanması ilə qarşıdurma zamanı partlayaraq batmışdı.
2015-ci ildə sualtı dron vasitəsilə ilk görüntülər əldə edilsə də, gəminin "San Xose" olduğu dəqiq bilinmirdi. Lakin kolumbiyalı tədqiqatçıların son araşdırmaları nəticəsində bu gəminin məhz itkin "San Xose" olduğu təsdiqlənib. "
FJ King"intapılması Böyük Göllərdəki ən uzun sürən dənizçilik sirrini aydınlaşdırdığı halda, "San Xose"nin təsdiqlənməsi beynəlxalq hüquqi mübahisələri yenidən gündəmə gətirib. Gəmidəki xəzinə ilə bağlı Kolumbiya, İspaniya və ekspedisiyaya sponsorluq edən özəl şirkətlər arasında böyük mülkiyyət davası gözlənilir.
Bu iki tarixi kəşf sübut etdi ki, illər keçsə də, sualtı sirlərin bir gün üzə çıxmaq şansı həmişə var.
Xeyrənsə Piriyeva