AZ

Fatima Şibane: Üzeyir Hacıbəyli dünya musiqi xəzinəsinə töhfə verən nadir sənətkarlardandır

Paris, 21 sentyabr, AZƏRTAC

Bu gün mənim üçün xüsusi bir gündür, çünki ilk dəfə olaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bəstələrini canlı konsertdə dinləyəcəyəm. Bu konsertin dinləyicisi olmaq mənim üçün böyük bir sevinc və şərəfdir. Belə bir sənətkarın musiqisi ilə tanış olmaq təkcə musiqi zövqümü zənginləşdirmir, həm də mənə böyük bir mədəni irsi kəşf etmək imkanı verir.

Bu fikri UNESCO-da Üzeyir Hacıbəylinin 140 illiyinə həsr edilmiş konsertdə şairə Fatima Şibane AZƏRTAC-a müsahibəsində deyib.

“Üzeyir Hacıbəyli təkcə bəstəkar deyildi, o həm də yazıçı, pedaqoq və musiqi sahəsində əsl yenilikçi idi. O, müsəlman dünyasında ilk dəfə olaraq operanı nota almış sənətkardır. Bu fakt təkcə Azərbaycan üçün deyil, bütün müsəlman ölkələri üçün motivasiya və cəsarət simvoludur. O, operanı yalnız Qərb musiqi ənənəsi kimi deyil, həm də Şərq mədəniyyətinə uyğun şəkildə təqdim edə bilib. Bu yanaşma onun necə universal və qabaqcıl düşüncəyə sahib olduğunu bir daha sübut edir.

Onun həyatı və yaradıcılığı haqqında oxuduqlarım əsasında deyə bilərəm ki, Üzeyir Hacıbəyli sadəcə bir bəstəkar deyil, əfsanəvi bir sənətkar olub. O, Şərq musiqisinin incisi sayılan muğamı Qərb musiqi texnikaları ilə birləşdirərək unikal bir musiqi sintezi yaradıb. Bu isə dünya musiqi xəzinəsinə töhfə verən nadir sənətkarların edə biləcəyi bir işdir”, - deyə F.Şibane vurğulayıb.

“Xüsusilə qeyd etmək istərdim ki, Üzeyir bəy Şuşada doğulub və yaşamışdır. Şuşa təkcə coğrafi məkan deyil, eyni zamanda mədəniyyət beşiyidir. Azərbaycan mədəniyyətinin və ədəbiyyatının çox sayda nümayəndələri – şairlər, bəstəkarlar, musiqiçilər məhz bu torpaqda doğulub və yaradıblar. Onlardan biri də Xurşidbanu Natəvandır. Məmnuniyyətlə qeyd edirəm ki, gələn həftə onun fransız dilinə tərcümə edilmiş poemalarını səsləndirəcəyəm.

Azərbaycan səfirliyinin təşkil etdiyi mədəniyyət tədbirlərində iştirak etməkdən böyük məmnunluq duyuram. Bu cür tədbirlər həm Azərbaycan mədəniyyətini daha yaxından tanımaq, həm də onu beynəlxalq səviyyədə təbliğ etmək üçün çox gözəl bir fürsətdir. Belə bir zəngin musiqi və mədəniyyət irsini tanımaq və paylaşmaq mənim üçün böyük qürurdur”, - deyə F.Şibane əlavə edib.

Seçilən
7
1
azertag.az

2Mənbələr