AZ

Simonyanın səfərində DİQQƏTÇƏKƏN MƏQAM: Bakıya gələn ilk erməni rəsmi…

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Heyət sentyabrın 19-dan 21-dək Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda iştirak edəcək.

Ermənistan mətbuat xidmətinin məlumatına görə, nümayəndə heyəti səfər zamanı forum çərçivəsində regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcək.

Əlavə olaraq, Andranik Simonyanı gətirən təyyarə İrəvandan yola çıxaraq təxminən 50 dəqiqəlik uçuşdan sonra Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Bu səfər, iki ölkə arasında təhlükəsizlik dialoqunun davam etdirilməsi və əməkdaşlığın gücləndirilməsi baxımından diqqət çəkir.

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanması üçün hər iki tərəfin səy göstərdiyi müşahidə edilir:

“Ermənistan əvvəllər özünə yaxın ölkələrlə Azərbaycana təsir göstərərək sülh prosesinə mane olurdusa, son vaxtlar belə hərəkətlərindən imtina edib. Çünki ölkəmizə təsir göstərməyin qeyri-mümkün olduğunu dərk edərək ikili münasibətlərin daha effektli olduğunu anladı. Artıq mübahisəli məsələlərin həllində xeyli irəliləyiş var. Ermənistan başa düşür ki, ərazi iddiaları və xəyallarla yaşamaq onu təcrid edir və mövcudluğunu sual altına qoyur. Ona görə də ölkəmizin irəli sürdüyü təkliflərə uyğun normallaşdırıcı addımlar atır.

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Simonyanın Bakıya səfəri iki ölkə arasında artan anlaşmanın göstəricisidir. Bakıda keçiriləcək üçüncü beynəlxalq təhlükəsizlik forumunda Ermənistanın təmsil olunması ciddi məsələdir və bu, rəsmi orqanlar arasında birbaşa əlaqə və ünsiyyətin formalaşması deməkdir. Bu, ilkin bir başlanğıcdır və bundan sonra da davam edəcək. Səfər çərçivəsində Ermənistana izah ediləcək ki, dövlət strukturlarının Azərbaycana qarşı gizli fəaliyyəti yolverilməzdir. Ermənistan özünü səmimi aparmalıdır, əks halda, mövcud yaxşı görünən münasibətlərin də dağılmasına gətirib çıxara bilər”.

Seçilən
31
1
editor.az

2Mənbələr