AZ

Şəmistan Nəzirli Bakıda dəfn olunacaq

Bu gün 83 yaşında vəfat edən hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli Bakıda, həyat yoldaşı və oğlunun məzarları yanında dəfn ediləcək.

 

Senzor.az bildirir ki, bu barədə KİV-ə Qazax Xeyriyyə İctimai Birliyinin mətbuat katibi Səbinə Yusif məlumat verib.

 

Onun sözlərinə görə, mərhumun ürəyində problem olub. Bir il əvvəl ürəyinə stent qoyulub və əməliyyat keçirilib. Başqa ciddi sağlamlıq problemi olmayıb: “Yaddaşı çox güclü idi, danışığında da problem yox idi. Hadisə Qazaxda keçirilən tədbir zamanı qəfil baş verib. İlkin ehtimala görə,  ürəktutmadan vəfat edib. İndi isə Bakıda yaşadığı evə aparılır. Məndə olan məlumata görə, Bülbülə qəbiristanlığında dəfn olunacaq".

 

Səbinə Yusif əlavə edib ki, mərhumun iki oğlu olub, biri bir neçə il əvvəl dünyasını dəyişib. Həyat yoldaşının da vəfatından sonra o, yeganə oğlu ilə birlikdə Bakıda yaşayıb.

 

Şəmistan Nəzirli 1942-ci il avqustun 12-də Qərbi Azərbaycanın Loru nahiyəsinin Yuxarı Körpülü kəndində anadan olub. Əsli Qazaxdandır. Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

 

Ədəbi fəaliyyətə 1958-ci ildə "Sovet Ermənistanı" qəzetində çıxan kiçik bir məqaləsi ilə başlayıb. Tərtib etdiyi general-leytenant Əliağa Şıxlinskinin "Xatirələrim" kitabı 1984-cü ildə "Azərnəşr" tərəfindən Azərbaycan və rus dillərində kütləvi tirajla buraxılıb.

 

Müxtəlif mövzularda (Qori Müəllimlər Seminariyası, Səməd Vurğunun həyat yolu və s.) araşdırmalar aparsa da, daha çox 20-ci əsr Azərbaycan hərbçilərinin, o cümlədən Cümhuriyyət generallarının həyat və fəaliyyətinin tədqiqatçısı kimi tanınıb.

 

**13:24

 

Hərbi jurnalist, yazıçı Şəmistan Nəzirli 83 yaşında dünyasını dəyişib.

 

Senzor.az bildirir ki, Ş.Nəzirli bu gün səhər saatlarında Qazaxda ADA Universitetinin Qazax Tədris Mərkəzində keçirilən tədbirdə qəfil vəfat edib. 

 

Şəmistan Nəzirli Azərbaycan Hərb tarixinin və Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin əvəzolunmaz araşdırıcısı olub.

 

O həm də “Qazax” Xeyriyyə İctimai Birliyi Ağsaqqallar Şurasının üzvü, Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü idi.

Şəmistan Nəzirlinin nəşinin bu saatlarda Qazaxdan Bakıya yola salındığı, "Qazax" Xeyriyyə İctimai Birliyi və ailəsi tərəfindən Bakıda dəfnə hazırlıq işlərinin görüldüyü bildirilir. Dəfn yeri və vaxtı  haqqında əlavə məlumat veriləcək.

 

Allah rəhmət eləsin!

 

Seçilən
29
senzor.az

1Mənbələr