AZ

Böhtan və təhqirlərin çoxaldığı bir zamanda nə etməli... Vahid Tağıyev yazır

ain.az bildirir, Mia.az saytına əsaslanaraq.

Vahid TAĞIYEV

***

Həssas, dəyərli bir dostumla düşüncəli söhbətdən sonra müşahidə və fikirlərimi qısaca bölüşmək istəyirəm, əsla məsləhət vermək iddiasında deyiləm. Bildiyiniz kimi təqaüddəyəm, heç kimlə bir problemim yoxdur, nəvələrin təhsili, tərbiyəsi ilə məşğulam. Kitab səviyyəsində geniş, təhlili bir yazı üzərində işləyirəm. Arada mütaliədən də zövq alıram.

Reallıq belədir ki, dünyamızda aqressivlik, psixoloji gərginlik çoxalıb, tutarlı bir əsas olmadan, bəzən yaxından tanımadan başqasına böhtan, təhqir dolu sözlər ünvanlamaq sosialda da, həyatda da bir çoxları üçün adiləşib, vərdiş halını alıb.

Daha çox isə ləyaqətli, şəxsiyyətli, yaxud bacarıqlı, hansısa üstünlükləri olan, uğur qazanan insanlar müzakirə, tənqid, böhtan obyekti olur. Bu niyə belədir, çıxış yolu varmı, nə etməli? Əlbətdə, birmənalı cavab vermək çətindir və belə bir məsuliyyəti öz üzərimə götürmək fikrim də yoxdur. Ancaq bütün hallarda mütləq təmkinlə qarşılamaq, öz hərəkətlərini, fəaliyyətini təsadüfi birinin böhtanlarına görə qurmamaq, motivasiyadan düşməmək lazımdır.

DÜŞÜNÜRƏM:

- Əvvəla futbolda top kimdədirsə hamı onun üstünə gəlir. Çox vaxt həytda da belədir, kim öz iş keyfiyyəti, bacarığına görə fərqlənirsə, peşəsini, tutduğu vəzifəni ləyaqətlə icra edərək irəli çıxır, diqqət çəkirsə, istedadlıdır, gözəldir və s. onun "üstunə gələnlər", gözü götürməyənlər, böhtan atanların da sayı çox olur.

- Görmüsünüzmü ki, özünü hamıdan ağıllı bilən ləyaqətsiz, həyasız (üzr istəyirəm) bir adama, vərdişkar olub kim gəldi haqqında əsassız şikayət edənlərə kimsə böhtan atsın?

- Elə tərbiyəsiz adamlar var ki, imkan daxilində ondan kənar olmaq, uzaq durmaq lazımdır. Necə ki, uzunqulağın təpik atmaq, hürən dördayaqlıların dişləmək vərdişini bildiyimiz üçün onlara yaxın məsafədə olmaq istəmirik... Onların hərəkətlərinə cavab verməyin düşünülmədiyi kimi (heyvan təpik atıp deyə insan da ona təpik atmır) görünür bəzi "adamlara" da belə münasibət sərgiləmək lazımdır.

Bu, qorxaqlıq deyil, anlamayana, nadana nəsə deməyin mənasız olduğu, sadəcə vaxtını, əsəblərini qorumaq, daha böyük amallar naminə vaxt itirməmək üçün belə canlılardan uzaqlaşmaq, uzaqda olmaq lazımdır.

- Ancaq ictimai yerdə daha qətiyyətli yanaşma olmalıdır. Məsələn, böyük bir iş kollektivində, qonşuda və s. məkanda yuxarda qeyd edilən kimi bir bağışlanılmaz qüsurlu adam olanda işgüzar mühitə, sağlam münasibətə ciddi zərər yetirir. Hər kəs abırına, həyasına bürünür, yaxud özünü düşünüb qorunduğu halda, ictimai qınaq çatmadığı yerdə belələri üçün münbit şərait yaranır. Belə vəziyyətdə kiminsə qabağa düşməsini gözləmədən kollektiv birgə olaraq, güzəştsiz ortaya mövqe qoymalıdır.

___ Səbirli olmaq həmişə dözmək, mütilik anlamına gəlməməlidir, təmkinli olmaq, vəziyyəti düzgün dəyərləndirmək, məqamı düzgün seçərək ağıllı qərar vermək üçün lazımdır.

ODUR Kİ, ləyaqətlə yaşayıb ədaləti üstün tutanlar, fədakarlıqla, zövqlə çalışanlar, həmişə əzmkarlıqla da davam etməlidir. HƏM DƏ TƏBƏSSÜMLƏ!

Əmin olun ki, layiq olduğunuz qiymət, dəyər və hörmət həmişə kölgəniz kimi sizinlə olacaqdır. Yaşından asılı olmayaraq hər bir insan, xüsusən, gənclərimiz bu ruhda, xarakterdə tərbiyə olunaraq yollarına, hədəflərinə doğru inamla davam etməli, irəliyə getməlidirlər.

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
mia.az

1Mənbələr