AZ

Borçalılıların Üzeyir Hacıbəyli sevgisi

Tbilisidə fəaliyyət göstərən “Alyans” Gənclər Mərkəzində böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə və Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndələri, Borçalı ziyalıları, Tbilisidəki ali təhsil ocaqlarının tələbələri iştirak ediblər. Əvvəlcə Üzeyir Hacıbəylinin şah əsəri olan Azərbaycan himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan mərkəzin sədri Leyla Əmrahova dahi bəstəkarın həyat yolundan, zəngin yaradıcılığı və elmi irsindən danışıb, onun milli musiqimizin inkişafında mühüm xidmətlər göstərdiyini qeyd edib. Onun sözlərinə görə, Üzeyir Hacıbəyli XX əsrdə Azərbaycan xalqının yetirdiyi görkəmli publisist, milli opera sənətimizin banisi, musiqi nəzəriyyəçisi, bəstəkar, ədib və lüğətçi kimi tanınıb. Prezident İlham Əliyevin imzaladığı sərəncam Üzeyir Hacıbəyli irsinin təbliği, yaradıcılığının dərindən öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədini güdür. Bəstəkarın ən məşhur əsərləri arasında “Leyli və Məcnun”, “Koroğlu”, “Əsli və Kərəm” operaları, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyaları və bir çox instrumental əsərləri yer alır. Onun yaratdığı opera və baletlər yalnız Azərbaycan musiqisinin deyil, ümumən Şərq musiqisinin zənginliyini dünyaya tanıtmışdır.

Gürcüstandakı səfirliyimizin müşaviri Samir Əbdürəhimov çıxışında soydaşlarımızı Milli Musiqi Günü münasibətilə təbrik edərək bildirib ki, 2025-ci il fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Üzeyir Hacıbəylinin 140 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalanmışdır. Yubileyin yüksək səviyyədə keçirilməsi haqqında qərar görkəmli bəstəkar, musiqişünas, Azərbaycanın milli musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr vermiş Üzeyir Hacıbəyli irsinə dövlətimizin böyük önəm verdiyini göstərir. Bu tədbirlər isə dahi bəstəkarın yaradıcılığının dəyərləndirilməsi və gənc nəslə lazımınca çatdırılması istiqamətində mühüm addımdır. Üzeyir bəyin bəstələdiyi musiqi əsərləri özlərinin milliyi, xalqın ruhundan xəbər verməsi ilə seçilir. Ona görə də xalqımız bu əsərləri daim sevə-sevə dinləyir.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov milli musiqimizi ana laylası ilə müqayisə edib, Üzeyir irsinin xalqımızın yaddaşında əbədi yaşayacağını söyləyib. İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi Cəlal Yadigarov sazda “Ruhani” və “Baş Dübeyti” havalarını ifa edib. Müğənni Ayxan İbadov Emin Sabitoğlunun “Sənsiz” və “Şükriyyə” mahnıları ilə dinləyicilərin zövqünü oxşayıb.

Azərbaycan Mədəniyyət Nazirliyi və “Dalğa” FM radiosunun birgə layihəsi olan “Sənətin səsi” verilişinin aparıcısı Sevinc Salahova soydaşlarımızı Milli Musiqi Gününə həsr olunmuş tədbir münasibətilə təbrik edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi, tarzən Səxavət Məmmədov isə tədbirə onlayn formada qoşularaq “Arşın mal alan” operasından bir parça ifa edib.

Sonda dahi bəstəkarın anadan olmasının 140 illiyinə həsr olunmuş film nümayiş etdirilib. Vətən müharibəsi şəhidi Xudayar Yusifzadənin ifasında “Xudayar təsnifi” səsləndirilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
8
1
xalqqazeti.az

2Mənbələr