AZ

Lionel Messi MLS-in əsas bombardirinə çevrildi - Video

Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in növbəti turu çərçivəsində “DS Yunayted”lə qarşılaşıb.

“Vağlar” doğma meydanda baş tutmuş bu oyunda növbəti qələbəyə seviniblər – 3:2. Messi bu oyunda 90 dəqiqə meydanda olub, 2 qol və 1 assistlə yadda qalıb. O, 35-ci dəqiqədə Tadeo Alyendenin vurduğu qolda məhsuldar ötürmə müəllifi olub. 66 və 85-ci dəqiqələrdə isə argentinalı forvard özü iki qol vurmaqla dublunu rəsmiləşdirib.

Messi bu dubl sayəsində MLS-in cari mövsmünün bombardirlər siyahısında ilk pilləyə yüksəlib – 22 qol. O, “Neşvil”in forvardı Sem Sarrici (21 qol) qabaqlayıb.

“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 52 xalla 5-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 28 oyunda 15 qələbə qazanıb, 7 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.

Lionel Messi 2023-cü ilin yayından MLS təmsilçisi “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

“Leo” cari mövsümdə 37 oyuna 30 qol və 13 məhsuldar ötürmə ilə fərqlənib.

Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 76 oyun, 64 qol və 31 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.

Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.

Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 194 oyun keçirib, 114 qol vurub və 61 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

error: Məzmun qorunur!
Seçilən
24
5
arena.az

10Mənbələr