AZ

İsveçdə Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş “Şimal və Şərqin harmoniyası” adlı konsert keçirilib

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Stokholm, 21 sentyabr, Nərgiz Cəfərli, AZƏRTAC

Stokholmun Hallvyul Muzeyində (Hallwylska Museet) dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yubileyinə həsr olunmuş “Şimal və Şərqin harmoniyası” adlı konsert keçirilib.

AZƏRTAC xəbər verir ki, SAF cəmiyyətinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən tədbir İsveçdə yaşayan azərbaycanlı pianoçu Aynur Məlikovanın təşəbbüsü ilə baş tutub.

Gecədə İsveçdə akkreditə olunmuş diplomatik korpusun üzvləri, Azərbaycan icmasının nümayəndələri, mədəniyyət mübadiləsinə maraq göstərən isveçli musiqisevərlər iştirak ediblər.

Açılış mərasimi Diasporla İş üzrə Dövlət Komitəsinin Koordinasiya Şurasının İsveç üzrə nümayəndəsi Ayda Əmir Haşiminin salamlama nitqi ilə başlayıb. O, Üzeyir Hacıbəylinin musiqi sənətinə verdiyi töhfələrdən və konsertin Şərqlə Şimalı musiqinin dili ilə birləşdirmək missiyasından danışıb.

"Üzeyir Hacıbəyli novator idi, O, Avropa klassik musiqisinin ənənələrini Azərbaycan xalq musiqisi ilə birləşdirən ilk bəstəkar olub. Məhz buna görə də onun musiqi irsinin Şimalla Şərqin qovuşduğu, mədəniyyətlərin hörmət və birlik ruhunda birləşdiyi Stokholmda qeyd olunması xüsusi əhəmiyyət kəsb edir”, -deyə A. Ə. Haşimi qeyd edib.

Əlamətdar haldır ki, konsert proqramının bir hissəsi İsveçin ən qədim royallarından birində ifa olunub. Bu, tədbirin tarixi əhəmiyyətini vurğulayır və əsərlərin səslənməsinə xüsusi dərinlik verir. Səhnəyə Aynur Məlikova və İtaliyadan gəlmiş pianoçu Serjio Lapedota, soprano Burcu Kuru, bas Lennart Forsen, fleytaçı Katrin Sponqberq, skripkaçı İrena Lemos, nağarada ifa edən Filip Hakimov çıxıblar.

Onların ifasında Üzeyir Hacıbəylinin “Arazbarı” və “Sevgili canan” əsərləri, həmçinin Hacıbəyli musiqi məktəbinin davamçıları olan Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Muğam”, “Məhəbbət rəqsi”, “Min bir gecə” baletindən fraqment, Arif Məlikovun “İki ürək dastanı” baletindən “Komdenin arzuları” parçası səsləndirilib.

Bunlarla yanaşı, Skandinaviya bəstəkarları Emil Höqren, Ture Ranqström, Qunnar de Frümeri və Edvard Qriqin əsərləri də ifa olunub.

“Şimal və Şərqin harmoniyası” konserti təkcə Üzeyir Hacıbəylinin xatirəsinə ehtiramın deyil, həm də Azərbaycan ilə İsveç arasında mədəni dialoqun əsl rəmzinə çevrilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
azertag.az

1Mənbələr