AZ

Gənc oğlan və qızlar arasında UÇURUM – Niyə biri-biriləri ilə YOLA GETMİRLƏR?

Son zamanlar evlilik məsələsinə gənclər çox soyuqqanlı və biganə yanaşırlar. Qarşı tərəfi bəyənməmək, onda ancaq mənfi xüsusiyyətlər axtarmaq indiki gənclərin yaşadığı acı reallıqdır.

Bu tendensiyaya səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-nın sualını cavablandıran psixoloq Gülnar Orucova deyib ki, gənclik dövründə insanda emosiya güclü olur:

“Bu da insanın hormonlarıyla bağlıdır. Yetkinlik dövründə bu daha güclü olur. Bu da çox zaman özünü aqressiyya ilə göstərə bilir. Məlumdur ki, bəzi insanlar həyatda özlərini tapa bilmirlər. Çox zaman da bunun günahını başqalarında görürlər. Yaxud da özünün zəifliyini gizlətmək istəyən gənc oğlan və qız “ən yaxşı müdafiə hücumdur” taktikasını seçir. Hücumları alınanda isə nəticədən məmnun qalırlar, özlərində günah axtarmırlar. Nəticədə belə insanlar eqoistə çevrilirlər”.

Cəmiyyətimizdə bəzi stereotiplər qalmaqdadır

Müsahibimiz qeyd edib ki, bəzi gənclər də bu stereotipləri qıraraq özləri üçün yeni bir həyat yolu cızmaq istəyirlər:

“Bu zamansa ətrafdakılara, xüsusən də əks cinsə qarşı aqressiv olurlar. Onlar daha əvvəlki şərtlərlə yaşamaq istəmirlər, ikili münasibətdə əsas söz sahibi özləri olmağa çalışırlar.

Aqressiyanın bir səbəbi də sosial həyatla bağlıdır. Nədənsə gənclərimiz gələcəyə çox inamsızdırlar. Bu ikili münasibətdə özünü daha çox göstərir. Məsələn istər qız, istərsə də oğlan fikirləşir ki, qarşımdakı mənə yaxşı nə verə bilər ki? Amma fikirləşmir ki, biz bununla hansı çətinliklərin öhdəsindən gələ bilərik?! Yəni hər kəs rahat həyat axtarır. Arzulanan həyatda isə heç kim çiynini yükün altına vermək istəmir. Ona görə də gənclər bir-birinə qarşı aqressiv olurlar”.

Aqressivliyin digər səbəbi isə sevgi aclığıdır...

Gülnar Orucova hesab edir ki, bu gün valideynlər uşaqlarına lazımı diqqəti göstərmir:

“Uşaqlar çox zaman sevgisiz böyüyürlər. Yaxud ailədə ata ilə anasının bir-birinə sevgisini, etibarını görmürlər. Belə vəziyyətdə isə sevgi görməyən gənclər heç kimə etibar etmirlər. Kiminsə ona lazım olan sevginin və qayğının göstərilə biləcəyinə inanmır. Beləliklə də ilkin tanışlıq və araşdırma etmədən qarşısındakını inkar edirlər. Bu da əks-cinsli gənclər arasında uçurum yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

Seçilən
4
1
bizim.media

2Mənbələr