AZ

SÜMSÜ ÖRDƏKLƏR Etibar Əliyevin YAZISI

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

Elm və təhsil bilicisi, maarifçi Etibar Əliyevin "BAZAR GÜNÜ OXULARI" silsiləsindən növbəti yazısını təqdim edirik:

Cənubi Afrika yazıçısı Con Maksvel Kutzee "Maykl K.-nın həyatı və zəmanəsi", "Gənclik", "Rüsvayçılıq", "Barbarları gözləyərkən", "İsanın məktəb günləri" romanlarının müəllifidir. O, iki dəfə "Buker" mükafatına layiq görülmüş yeganə yazıçıdır. Kutzee 2003-cü ildə Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

Con Maksvel Kutzeenin Nobel nitqindən bir parça

“Linkolnşir sahilindəki Boston çox gözəl şəhərdir... İngiltərənin ən hündür kilsə zəngi burada yerləşir; dənizçilər onun köməyi ilə gəmilərinin istiqamətini müəyyən edirlər. Şəhərin ətrafı bataqlıqdır. Burada yaşayan acıqlı danquşuların güllə səsini andıran nalələrini iki mil uzaqdan eşitmək olar.

Bataqlıqlarda yaşılbaş ördək, cürə və vəhşi ördəklər də az deyil. Yerli sakinlər vəhşi ördəkləri bəsləyir, onlardan başqa quşları aldadıb bataqlığa çəkmək üçün tələ kimi istifadə edirdilər.

Belə ördəklərə “sümsü” (quşları aldadıb tutmaq üçün onların səsini yamsılayan ovçu aləti) ördəklər deyirlər.

İngiltərədə bataqlıqları “fen” adlandırırlar. Bütün Avropada, hətta bütün dünyada belə yerlər var, lakin adları başqadır. “Fen” isə ingilis sözüdür, bir dildən başqa dilə keçmir.”

“Sümsü ördəklərini, – nökəri yazırdı, – xüsusi nohurlarda bəsləyir, ələ öyrədirlər, vaxtı yetişəndə isə Almaniyaya, Hollandiyaya göndərirlər. Onlar Hollandiyada və Almaniyada başqa ördəklərlə tanış olurlar. Holland və alman quşlarının acınacaqlı həyatını, çayların donduğunu və qarla örtüldüyünü görən ingilis ördəklər öz dillərində izah edirlər ki, İngiltərədə vəziyyət tamam başqadır; Linkolnşir sahilləri qidalı yemlərlə doludur. Oraların gölləri, çayları, açıq və qapalı nohurları da var; taxıl biçinindən sonra o yerdə çoxlu dən qalır, qar və şaxta olmur, olsa da, çox az olur.

Ördəklər öz dillərində verdikləri bu “məlumatlardan” sonra xeyli quşun başını tovlayıb özləri ilə aparırlar. Hollandiyanın, Almaniyanın üstündən ötüb Linkolnşirdəki süni nohurlara qayıdırlar. Qurbanlarını öz dillərində – dil boğaza qoymadan, qaqqıldaya-qaqqıldaya başa salırlar ki, haqqında danışdıqları göl buradır. Qonaqlar bundan sonra təhlükəsiz və firavan həyat sürəcəkləri ilə müjdələnirlər.

Bu vaxt nohurların sahibləri – ovçular bataqlıq qamışlarından hazırladıqları daldalanacaqlarda gizlənir, nəzərə çarpmadan suyun üzünə dən səpirlər. Yerli ördəklər yemə sarı üzürlər, yadelli qonaqlar da onları izləyirlər. Sümsü ördəklər getdikcə daralan su yollarında iki, ya üç gün öz qonaqlarına beləcə bələdçilik edə-edə, onlara İngiltərədə necə gözəl yaşadıqlarını nümayiş etdirə-etdirə torların atıldığı yerə gəlib çıxırlar.

Ovçular hürə-hürə üzən, təlim keçmiş ov itini suya buraxırlar. Bu qorxunc məxluqu görüb dəhşətə gələn ördəklər qanadlarına güc verməyə çalışsalar da, ilişdikləri tor onları geriyə çəkir. Tor isə getdikcə daralıb pul kisəsinə dönməkdədir. Ovçular toru dartıb, qənimətlərini bir-bir sudan çıxarırlar. Onlar “sümsü” quşlarını sığallayıb tərifləyir, “qonaqların” boğazını isə yerindəcə üzüb tüklərini yolur və satırlar.”

Nökər yazırdı: “Kral I Ceymsin dövrünədək Halifaksda edam maşını fəaliyyət göstərirdi. Məhkum başını kötüyün üstünə qoyurdu, sonra cəllad ağır tiyəli mili qaldırıb buraxırdı. Tiyə kilsə qapısı kimi hündür çərçivənin arası ilə sürüşüb adamın boynuna düşür, qəssab bıçağının sərrastlığı ilə başı bədəndən ayırırdı. Halifaksda belə bir ənənə var idi ki, tiyə havaya qalxıb başını üzənədək cəlladın əlindən çıxıb ayağa sıçrayan, təpəni aşmağa, çayı keçməyə macal tapan məhkum əfv edilməlidir. Lakin hələ ki belə bir hadisənin şahidi olan olmamışdı”.

Con Maksvel Kutzeenin "Maykl K.-nın həyatı və zəmanəsi" romanı haqqında

"Maykl K.-nın həyatı və zamanı" romanında hadisələr Afrika üçün xarakterik olan real sosiumda cərəyan edir: burada komendant saatı, əmək düşərgələri, yeniyetmə bandaları, dəhlizlərdə çarpayılar yerləşdirilmiş xəstəxanalar, konslagerlər var, insanlar addımbaşı təhqir olunurlar. Bu roman müxtəlif caynaqlar arasında bölünmüş məkanda insanın özünə yer axtarması haqqındadır.

Sosial insan özündə borc kateqoriyasını ehtiva edir. Bu, hamıya – həmçinin tənha və lənətlənmiş Maykla da – aiddir. O, sanki sifətində lənət həkk olunmuş kimi doğulub. Bu səbəbdən insanlar ona ikrah hissi ilə baxır, bir dəfə baxan ikinci dəfə baxmaq istəmir. O, heç kimə lazım olmadığından verdiyi suallara da heç kim cavab vermir.

Maykl öz sosial "funksiyası"nı yerinə yetirmək üçün xəstə və hərəkətsiz anasına qulluq etmək istəyir. Anası oğlundan xahiş edir ki, onu kəndə – doğulduğu yerə – aparsın. O, anasını ölkə boyu araba ilə gəzdirir; onun vəsiyyətini yerinə yetirmək istəyir. Maykl yolda vəfat edən anasını elə vəsiyyət etdiyi yerdə də dəfn edir. Bundan sonra onda torpağa bağlılıq hissləri yaranır və anasına məxsus kiçik torpaq parçasını becərməyə başlayır. Onu buradan qovurlar. Maykl dağlara çəkilir, mağarada yaşayır, lakin aclıq onu aşağı düşməyə məcbur edir. O, həbs olunaraq düşərgəyə salınır, az sonra oradan qaçaraq anasını dəfn etdiyi yerə gəlir. Bu dəfə onu guya partizanları ərzaqla təmin etmək üçün torpağı becərdiyinə görə həbs edirlər. Yenə düşərgə həyatı…

Axırıncı dəfə Maykl düşərgədən adam kimi çıxmır. Onda ciddi nəsə baş vermişdi. Bunu həkimlər də təsdiq edirdilər. O, yemək əvəzinə yuxu ilə qidalanır, insanlara cavab vermir. Bəlkə heç onları eşitmir də. Kutzee sualı belə qoyur: bəlkə qarşımızda duran mömindir, yaxud zahid? Bu necə mömin ola bilər ki, özü də daxil olmaqla heç kimə xidmət etmir? Yazıçının məqsədi adi insanın möminə çevrilməsini yox, onun düçar olduğu durumlarda ruhunun (həm də bədəninin) yoxa çıxmasını, yalnız nəfəs alıb-verən varlığa çevrilməsini təsvir etməkdir.

Düşərgənin həkiminin son sözü maraqlıdır: “Bütün insan tipləri, hərəkətlər və fəaliyyətlər üçün düşərgələr mövcuddur, yeganə çıxış yolu düşərgədən aralı gəzməkdir.”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
azpolitika.info

1Mənbələr