“Neftçi” bu mövsüm ən yaxşı oyununu keçirdi.
“Şamaxı”, “İmişli”, “Turan Tovuz”la qarşılaşmalarda bu dərəcədə qalib ruhlu və canayatan futbol oynayan komanda görməmişdik meydanda.
Topa nəzarət, ağıllı müdafiə, zonalar üzrə pressinq, əks-hücumlar, düşünülmüş hücumlar – futbol adına xoş nə var idisə, ortaya qoydular.
İnqilab Məmmədov haqlı penaltini ləğv etməsəydi, Freddi Varqas, İmad Faraj, yekunda Cordan Rezabala ələ düşən 100 faizlik qol imkanlarından yararlansaydı, “ağ-qaralar” meydanı layiqli qələbə ilə tərk edəcəkdi.
Qol imkanlarının sağa-sola xərclənməsinə görə 3 xalı aktivə yazmaq mümkün olmadı. Tək problem bu idi. Yoxsa “Neftçi” “Sabah”ı meydandan silmişdi. Rəqib qapıçı Stas Pokatilovun matçın heç-heçə başa çatması üçün əlindən gələni etməsi meydan sahiblərinin təzyiqindən xəbər verirdi.
Bəli, bu komanda ötən mövsümdəkindən çox yox, çox-çox fərqlənir. İstər oyunçuların keyfiyyət baxımından olsun, istər oyun quruculuğunda, istərsə də qalib ruhunda möhtəşəm “Neftçi” izləməkdəyik.
Bu komandaya cəmi bir qələbə lazımdır. Həmin 3 xal motivasiyanı birə-beş artıracaq, qorxu hissini candan çıxaracaq, Faraj, Varqas, Ortis kimi yenilərin ikinci nəfəsi açılacaq. Və ən əsası, uzun illərdən sonra azarkeşlər arzuladığı “Neftçi”ni görəcək.
O günlər uzaqda olana oxşamır. Yetər ki, bu tempdə davam edib, özlərinə inansınlar. Ancaq bir şərtlə, səviyyəli mərkəz müdafiəçisi və hücumçu alsınlar.
Bax, onda çempionatda “Neftçi” rüzgarı əsəcək.
HƏBİB / SPORTİNFO.AZ