AZ

Aİ-dən Trampın Hindistan və Çinə qarşı rüsumlar tətbiqi tələbinə cavab: “Öz qərarlarımız olacaq”

Avropa İttifaqı Hindistan və Çinə qarşı rüsumların tətbiqi məsələsində “öz qərarlarını qəbul edəcək”.

APA xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Le Soir nəşrinə müsahibəsində deyib.

O, bu barədə ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə Hindistan və Çin mallarına 100% rüsum tətbiq etmək tələbinə cavab olaraq bildirib.

Avropa Komissiyasının sədri ABŞ-ın Ukraynadakı müharibəni dayandırmaq səylərini alqışladığını vurğulayıb və xatırladıb ki, Aİ öz növbəsində “iddialı və əhəmiyyətli” olan 19-cu sanksiyalar paketini elan edib.

Eyni zamanda Avropa Komissiyasının sədri qeyd edib ki, mövcud mürəkkəb geosiyasi şəraitdə Avropa İttifaqı “ortaq maraqlara əsaslanan tərəfdaşlığı gücləndirmək” niyyətindədir.

“Məsələn, bizim Hindistanla münasibətlərimizi götürək. Bu ölkənin Hind-Sakit okean regionunun təhlükəsizliyinin təminində artan rolunu nəzərə alaraq, Aİ ilə Hindistan arasında daha sıx əməkdaşlıq hər zamankından vacibdir. Məhz buna görə, biz Aİ–Hindistan üçün yeni strateji gündəmi elan etmişik və onun prioritetlərindən biri qarşılıqlı müdafiə və təhlükəsizliyimizi gücləndirmək olacaq,” – deyə o bildirib.

Fon der Lyayen əlavə edib ki, Aİ 2025-ci ilin sonuna qədər Hindistanla yeni azad ticarət sazişi imzalamağı planlaşdırır. Bu saziş “hər iki tərəfin biznesinə fayda verəcək, nəticə etibarilə geosiyasi mövqelərimizi gücləndirəcək və məqsədlərimizə çatmağımıza imkan yaradacaq.”

Seçilən
41
apa.az

1Mənbələr