AZ

Şəmistan Nəzirli son mənzilə yola salındı

21 sentyabr 2025-ci il tarixində Bülbülə qəbiristanlığında Azərbaycan hərb tarixinin yorulmaz tədqiqatçısı, tanınmış jurnalist, polkovnik-leytenant, Prezidentin fərdi təqaüdçüsü, Qori Müəllimlər Seminariyasının və Səməd Vurğun irsinin öyrənilməsində misilsiz xidmətləri olan Şəmistan Nəzirli böyük izdihamla son mənzilə yola salındı.

Bu böyük ziyalının vida mərasimi onun xalqına, vətəninə, tarixinə verdiyi dəyərin aynası kimi oldu. Dəfn mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, “Qazax”Xeyriyyə İctimai Birliyinin İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov,  hərbçilər, alimlər, yazıçılar, ictimai xadimlər və Şəmistan Nəzirli sevərləri iştirak edirdilər.

Əlində qələm, qəlbində Vətən sevgisi olan Şəmistan müəllim, təkcə araşdırmaları ilə deyil, həm də milli kimliyimizin qorunmasına verdiyi töhfələrlə tanınırdı. Onun qələmindən çıxan hər sətir bir tarix səhifəsi, hər söz bir Vətən çağırışı idi.

Şəmistan Nəzirli, yaşadığı ömrün deyil, yaşatdığı dəyərlərin ölçüsü ilə böyük idi. Onun vəsiyyəti ilə məzarı başında sazın ruhani sədaları eşidildi. Tanınmış aşıq Şaiq İncəli mərhumun ruhuna ehtiram əlaməti olaraq, sazı ilə son vida sözlərini səsləndirdi. Sanki bu səs illərin o tayından gələn bir tarixin, bir ruhun son nəfəsi idi…

“Qazax” Xeyriyyə İctimai Birliyinin Ağsaqqallar Şurasının üzvü kimi daim Vətən və el-oba işində ön sıralarda olan Şəmistan müəllim, sadəliyi, alicənablığı və dərin biliyi ilə hər zaman örnək olub. O, bu torpağın yaddaşına silinməz izlər saldı.

Vətən, sən bir oğulunu itirdin. Amma bu oğul elə yaşadı ki, özü bir tarixə çevrildi. Ruhu şad olsun!

Allah rəhmət eləsin, Şəmistan müəllim.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri.

 

        

 

 

 

Seçilən
8
xalqqazeti.az

1Mənbələr