AZ

Bakıda növbəti Formula 1 yarışı uğurla yekunlaşıb

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə Qran-Prinin açılış mərasimi olub. Mərasim Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Himnimiz dünyaşöhrətli xanəndə, Azərbaycanın Xalq artisti Alim Qasımov və Fərqanə Qasımovanın təqdimatında səsləndirilib. Onların bənzərsiz ifası xüsusi səhnə kompozisiyası və üçrəngli bayrağımızı simvolizə edən vizual həllər ilə müşayiət olunub. Açılışda, həmçinin milli simvolumuz – səkkizguşəli ulduz da nümayişin bir hissəsi kimi təqdim edilib.

Açılışdan sonra Formula 1 Azərbaycan Qran-Prisi-2025 start götürüb.

Formula 1 yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb. Sürücülər qalibi müəyyənləşdirmək üçün Bakı Şəhər Halqasında iki saat ərzində 51 dövrə vurublar.

Uzunluğu 6 kilometr olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız Qalasına çatmaq üçün İçərişəhər ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Qran-Prinin qalibi olub. Corc Rassell (“Mersedes”) ikinci, Karlos Saynz (“Uilliams”) üçüncü olub.

Sonra Formula 1 Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə müvafiq olaraq, Böyük Britaniya və Niderlandın dövlət himnləri səsləndirilib.

Mükafatları Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisinə sentyabrın 19-da start verilib. İlk gündə keçirilmiş birinci sərbəst yürüşdə “McLaren”in pilotu Lando Norris, ikinci sərbəst yürüşdə "Ferrari"də çıxış edən Luis Hemilton finişə hamıdan tez çatıblar.

Ayın 20-də təşkil olunmuş üçüncü sərbəst yürüşdə ən yaxşı nəticəyə Lando Norris, sıralanma turunda isə Maks Ferstappen imza atıblar.

Builki dünya çempionatına martın 14-16-da Avstraliya Qran-Prisi ilə start verilib. Sonrakı mərhələlər Çin, Yaponiya, Bəhreyn, Səudiyyə Ərəbistanı, ABŞ (Mayami), İtaliya (İmola), Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Belçika, Macarıstan, Niderland, İtaliyada (Monza) təşkil olunub. Yarışlara dekabrın 6-8-də Əbu-Dabidə yekun vurulacaq.

Beləliklə, 17 Qran-Pridən sonra pilotların siyahısında “McLaren”də çıxış edən Oskar Piastri 324 xalla liderdir. Onun komanda yoldaşı Lando Norris 299 xalla ikinci, Maks Ferstappen 255 xalla üçüncü yeri tutub.

Konstruktorlar Kubokunda isə sıralamaya 623 xalla “McLaren” komandası başçılıq edir.

“Mersedes” 290 xalla ikinci, “Ferrari” 286 xalla üçüncü sırada yer alıblar. Sonrakı pillələrdə “Red Bull” (272), “Uilliams” (101), RB (72), “Aston Martin” (62), “Kick Sauber” (55), “Haas” (44), “Alpine” (20) komandaları qərarlaşıblar.

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 yarışları da keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik uğrunda mübarizə aparıb. Sentyabrın 19-da Formula 2 üzrə sərbəst yürüş və sıralama yarışı təşkil olunub. Birinci sərbəst yürüşdə "Rodin"dən Aleks Dunne, sıralanma turunda isə “DAMS”dan Cek Krauford finişə hamıdan tez çatıb. Ertəsi gün isə sprint yarışı baş tutub. Ən yaxşı nəticəni “TGR” komandasının üzvü Dino Beqanoviç göstərib.

Bu gün keçirilən əsas yarışda isə Cek Krauford Formula 2 Azərbaycan Qran-Prisinin qalibi olub.

Qeyd edək ki, Azərbaycan 2016-cı ildən dünyanın ən nüfuzlu avtoidman yarışına ev sahibliyi edir. Ölkəmizdə təşkil olunan ilk Formula 1 yarışı Avropa Qran-Prisi adlandırılıb. Həmin yarışda almaniyalı Niko Rosberq birinci olub. Növbəti illərdə müvafiq olaraq Daniel Rikkardo (Avstraliya), Luis Hemilton (Böyük Britaniya), Valtteri Bottas (Finlandiya), Serxio Peres (Meksika), Maks Ferstappen (Niderland) və Oskar Piastri (Avstraliya) bütün rəqiblərini qabaqlayaraq podiumun ən yüksək pilləsinə qalxıblar. Yalnız 2020-ci ildə Azərbaycan Qran-Prisi koronavirus pandemiyası səbəbindən keçirilməyib.

Seçilən
4
9
ikisahil.az

10Mənbələr