AZ

EATDA nın fəaliyyəti ciddi şəkildə araşdırılsın” Tanınmış alimdən MÜRACİƏT

ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.

Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşı, fizika elmləri doktoru Elman Şahverdiyev “AzPolitika.info” vasitəsilə yenidən müraciət yayımlayıb.  

Alim, iki ildir ki, ona verilməli olan mükafatın ödənilməməsinə etirazını bildirərək məsul şəxslərə qarşı teni ittihamlar irəli sürüb: "Son illər ölkəmizdə elmin və təhsilin inkişafı istiqamətində dövlət başçısının xüsusi diqqət və qayğısı hər kəsə məlumdur. Lakin təəssüflər olsun ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin (EATDA) fəaliyyəti ilə bağlı ciddi narazılıqlar ictimaiyyətə çatmaqdadır.

Hörmətli oxucular, sual olunur: görəsən, alimlərin illərlə zəhmət çəkərək qazandıqları mükafatların ödənilməsini iki ildən artıqdır yubadan bu qurumun rəhbəri kimdir? Sözügedən Agentliyin direktoru Ülkər Səttarova haqqında elmi ictimaiyyət arasında çoxlu suallar dolaşır.

Elm adamı, yoxsa sadəcə “vəzifə adamı”?

Məlumdur ki, dünya elminin ən obyektiv ölçü meyarlarından biri – Hirş indeksidir. Bu göstərici bir alimin beynəlxalq elmi mühitdə çəkisini və nüfuzunu əks etdirir. Təəssüf ki, Səttarovanın bu göstəricisi cəmi 3-dür. Bu isə deməyə əsas verir ki, onun elmi fəaliyyətinin nəticələri olduqca zəifdir. Müqayisə üçün, bizim alimlərimizdən bəzilərinin, o cümlədən Fizika İnstitutunun əməkdaşlarının Hirş indeksi dəfələrlə yüksəkdir.

Belə olan halda sual doğur: elmi fəaliyyətdə ciddi nailiyyəti olmayan bir şəxs elm və təhsil kimi strateji bir quruma necə rəhbərlik edir? 

Dövlət vəsaiti kimlərə və necə paylanır?

Əldə etdiyimiz faktlara görə, mükafat alanların böyük əksəriyyəti – təxminən 98 faizi – bir neçə yerdə işlədiklərinə görə, hər yerdən ayrıca mükafat alırlar. Yəni bir nəfərə 2-4 qat ödəniş yazılır. Beləliklə, dövlətin elmə ayırdığı məhdud maliyyə vəsaitləri qeyri-şəffaf şəkildə “paylanır”.

Daha da təəssüf doğuran məqam odur ki, Agentlik Prezident Administrasiyasına da yanlış məlumatlar təqdim edir. Məsələn, kimlərəsə əlavə ballar yazılır, guya onların məqalələri “top 10” jurnallardadır. Halbuki, bu məqalələrin 90%-nin  “top 10” jurnalla heç bir əlaqəsi yoxdur. Əksəriyyəti "top 91"-dən də yuxarıdadır.

Elementar hesablamanı belə düzgün aparmayan qurum rəhbərliyinin elmimizi necə inkişaf etdirə biləcəyi sual altındadır.

Ölkə rəhbərliyinə müraciət

Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycanın gələcəyi məhz elm və təhsilin inkişafından keçir. Amma təəssüflər olsun ki, bu sahəyə ayrılan vəsaitlərin bir qismi yanlış idarəçilik nəticəsində itib-batır.

Elm ictimaiyyəti adından ölkə rəhbərliyinə müraciət edərək xahiş edirik: Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyəti ciddi şəkildə araşdırılsın, mükafatların ödənilməsi ilə bağlı yubanmalar aradan qaldırılsın və bu qurumda şəffaflıq təmin olunsun.

Azərbaycan elmi özünü doğrultmuş, dünya səviyyəsində uğurlara imza atmış alimlərimizin zəhməti üzərində inkişaf etməlidir, formal göstəricilərlə deyil".

Qeyd edək ki, Elman Şahverdiyevin iddiaları ilə bağlı Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin irektoru Ülkər Səttarovanın da mövqeyini işıqlandırmağa hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
azpolitika.info

1Mənbələr