Androloq Elena Novikova kişilərin məhsuldarlığını artırmaq üçün əsas addımları açıqlayıb.
E-saglam.az xəbər verir ki, onun sözlərinə görə, erkən və yüngül dərəcədə aşkar edilən sperma anomaliyalarını həyat tərzinə düzəliş etməklə yaxşılaşdırmaq mümkündür.
Mütəxəssis bildirib ki, piylənmə, siqaret, alkoqol və hərəkətsiz həyat tərzi sperma keyfiyyətinə mənfi təsir göstərir. Bu səbəbdən kişilərə pəhrizə kifayət qədər zülal, sink, selenium, C və E vitaminləri əlavə etmək, eləcə də müntəzəm idmanla məşğul olmaq tövsiyə olunur.
Novikova həmçinin xayanın normal temperaturunun qorunmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, saunada həddindən artıq qızınmaq, dar və sintetik alt paltarı geyinmək, dizüstü kompüteri uzun müddət qucaqda saxlamaq və qızdırılan avtomobil oturacaqlarından istifadə etmək sperma keyfiyyətini zəiflədə bilər.
Ekspert əlavə edib ki, zəif sperma sayına təsir edən digər amillər arasında qasıq nahiyəsində ağrılar, xroniki iltihab, damar genişlənməsi və digər dəyişikliklər də ola bilər. Bununla belə, sperma göstəriciləri ideal olmasa belə, bu, mütləq sonsuzluq demək deyil. Həkim əlavə testlər apararaq vəziyyəti qiymətləndirə və müalicə tədbirləri təyin edə bilər.
Tərcümə: Könül Oruc
E-saglam.az