AZ

Kürmük məbədi: Qədim inancların yaşadığı məkan - FOTOREPORTAJ

Qaxın yaşıllıqları içində, Əmbərçayın yaxınlığında yerləşən Kürmük məbədinə yol alıram. Uzaqdan sadə bir kilsə təsiri bağışlasa da içində yüzilliklərin sirri yaşayır.

Qədim izlər

Kürmük kilsəsi XIX əsrin sonlarında – 1891-1894-cü illərdə tikilib. Amma əsl hekayə bununla bitmir. Araşdırmalar göstərir ki, burada qədim albanlara aid Ay məbədi olub. Mən bu fikri eşidəndə sanki həmin daşların üzərində əsrlərin nəfəsini duydum.

Bura gələnlərin arasında həm müsəlmanlar, həm də xristianlar var. Müsəlmanlar “Kürmük Baba” deyə dua edir, qurban gətirirlər. Xristianlar isə kilsəni Müqəddəs Georgiyə həsr olunmuş ibadətgah kimi ziyarət edirlər. Bir yerdə fərqli duaların səslənməsi məni çox təsirləndirdi – bu torpaq sanki birlik və tolerantlığın canlı nümunəsidir.

Məbədə aparan yolun üstündə qapını xatırladan nəhəng qara daş var. Əfsanəyə görə bura hələ İsa Məsihin sağlığında kilsə olub. Peyğəmbər çarmıxa çəkiləndə qapılar daşa çevrilərək, birdəfəlik bağlanıb.  Zərdüştlük cizgiləri daşıyan başqa bir inanca görə isə qara daşın içində qızıl xoruz yaşayır. İldə bir dəfə, payızda, noyabr ayında gecə göydən enən mələk qara daşın qapılarını aralayır. Səhər isə yenidən bağlayır. Səhərə qədər o mağaraya girə bilən adam xoşbəxtlik və ölümsüzlük qazanır.

“Kürmükoba” bayramı

May və noyabr aylarında burada böyük bayram keçirilir. Yüzlərlə insan məbəd yoluna toplaşır, dua edir, qurban kəsir. Bu mərasim qədim inancların izlərini bu günümüzə daşıyır.

Bayramın kökləri qədim inanclara və adətlərə, o cümlədən köçəri tayfaların yayla bağlı təbiətin dirçəlişini qeyd etmək ayinlərinə əsaslanır. Bu bayram xüsusilə may ayında daha təmtəraq və həyəcanla qeyd olunur və minlərlə insanın iştirakı ilə şahid olur. "Kürmükoba bayramı" məbəd yolundan başlayır və məbədin ziyarətilə başa çatır. 

Bayramda qurban kəsmək, namaz qılmaq, kilsə ətrafında dua etmək kimi adətlər hələ də yaşamaqdadır. Bütün bu ayinlər torpağın qədim zamanlardan müqəddəs ibadət yeri hesab edildiyini təsdiqləyir.

Qeyd edək ki, Kürmük məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə mühüm yerli tarix və mülki abidələr siyahısına daxil edilmişdir.



 

Qeyd: material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə​​​​​​ dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi istiqaməti üzrə hazırlanıb.


Şəfa Hüseynli

Seçilən
19
operativmedia.az

1Mənbələr