AZ

İnsultdan sonra beyni bərpa etmək üçün yeni üsul hazırlanıb

Kaliforniya Universiteti və Sürix Universitetinin alimləri insultun müalicəsində mühüm addım atdıqlarını bildiriblər.

E-saglam.az xəbər verir ki, Nature Communications jurnalında dərc olunan araşdırmaya görə, insultdan bir həftə sonra siçanların beyninə sinir kök hüceyrələrinin köçürülməsi yeni hüceyrələrin böyüməsinə və zədələnmiş sahələrin funksiyasının bərpasına səbəb olub.

Tədqiqatçılar insan qan hüceyrələrini yenidən proqramlaşdıraraq sinir kök hüceyrələrinə çevirdilər və onları işemiyadan zədələnmiş beyin bölgələrinə yeritdilər. Beş həftə sonra heyvanlarda iltihab azaldı, qan damarları möhkəmləndi, neyronlar arasında əlaqələr bərpa olundu və qan-beyin baryerinin sızması zəiflədi.

Alimlərin diqqətini xüsusilə köçürülən hüceyrələrin GABAergik neyronlara çevrilməsi çəkib – bu hüceyrələr insultdan sonra beyin fəaliyyətinin bərpasında mühüm rol oynayır. Kompüterləşdirilmiş hərəkət analiz sistemləri siçanlarda yerişin və incə motor bacarıqlarının əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərib.

Mütəxəssislər qeyd edirlər ki, bir çox xəstələr vaxtında standart təcili yardım ala bilmir və bu yeni yanaşma onların sağalmasına ümid verə bilər. Hazırda terapiyanın uzunmüddətli nəticələri və insanlarda tətbiq imkanlarını qiymətləndirmək üçün əlavə araşdırmalar aparılır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
0
e-saglam.az

1Mənbələr