AZ

Adnan Əhmədzadənin həbsinin şok pərdəarxası

Xəbər verdiyimiz kimi, Bakı şəhəri Səbail rayon məhkəməsinin qərarı ilə SOCAR-ın keçmiş yüksəkçinli rəhbərlərindən biri olan Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə ona qarşı iqtisadi təhlükəsizliyə qarşı təxribat, vəzifə səlahiyyətlərindən sui-istifadə və külli miqdarda mənimsəmə ittihamları irəli sürülüb.

Publika.az AzPolitika-ya istinadən xəbər verir ki, məhkəmədə elan olunan ittihamlara görə, Əhmədzadənin fəaliyyəti Azərbaycanın maliyyə maraqlarına ciddi zərbə vurmaqla yanaşı, ölkənin iqtisadi sabitliyini də hədəfə alıb. Onun barəsində seçilən həbs qətimkan tədbiri istintaqın gedişini təmin etmək üçün atılmış zəruri addım kimi qiymətləndirilir.

Neft qalmaqalı və beynəlxalq rezonans

Mətbuatda yayılan məlumata görə, Adnan Əhmədzadənin həbsi ölkə qanunlarını kobud şəkildə pozaraq "Azəri Layt" markalı nefti digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması ilə bağlıdır. Bu əməl Azərbaycanın neft sənayesinin etibarlılığına və bazar şəffaflığına ciddi zərbə kimi qiymətləndirilir.

"Daha da sensasion iddiaya görə, Əhmədzadənin bu hərəkəti Rusiya kəşfiyyatı ilə birgə törətməsinə dair şübhələr mövcuddur. Mənbələr bildirir ki, bu hadisə ilə Azərbaycan dövlətinə həm maliyyə, həm də siyasi ziyan vurulması hədəflənib. Hökumət dairələrindən verilən informasiyaya görə, bu həbslə yanaşı, Bakının beynəlxalq mövqeyini zəiflədə biləcək korrupsiya və sui-istifadə hallarına qarşı mübarizə gücləndirilir. Hadisə həm də Azərbaycanın enerji sektorunda aparılan təmizlənmə və şəffaflıq kampaniyasının bir hissəsi kimi təqdim olunur", - deyə bildirilib.

Xatırladaq ki, 2025-ci ilin iyul ayında Azərbaycandan ixrac olunan xam neftin bir neçə partiyasında zərərli maddə – xlorid aşkarlanmışdı. Rumıniya və İtaliyaya çatan neft partiyalarında aşkarlanan bu maddəyə görə bir müddət Ceyhan limanından ixrac dayandırılmışdı. "BP-Azərbaycan" həmin iddiaları təkzib etsə də, Rumıniya mətbuatı yerli hüquq-mühafizə orqanlarına istinad edərək, neftə xloridin Rusiya tərəfindən məqsədyönlü şəkildə qatıldığı barədə məlumat yaymışdı. Rusiya tərəfi bu iddialarla bağlı heç bir açıqlama verməmişdi.

Dünya mətbuatında yayılan şərhlərə görə, məqsəd həm Azərbaycana maddi zərər vurmaq, həm də tərəfdaş ölkələrlə münasibətlərə xələl gətirmək olub. Həmin vaxt BTC kəməri ilə Qazaxıstan neftinin nəqli də müvəqqəti dayandırılmış, yalnız ötən həftə bərpa olunmuşdu.

İndi isə Adnan Əhmədzadənin məhz bu prosesdə iştirak etməsi və "Azəri Layt" neftini digər xam neft məhsulları ilə qarışdırmaqda ittiham olunması, həmin vaxtdan bəri şübhə doğuran məqamları daha da gücləndirib.

Adnan Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələri olub?

Qeyd edək ki, İstintaq materiallarına dair yayılan iddialarda ən sensasion məqam təbii ki, Əhmədzadənin Rusiya kəşfiyyatı ilə əlaqələrinin olması ehtimalıdır. Hətta onun Azərbaycanın bəzi vəzifəli məmurları ilə Rusiya xüsusi xidmət orqanları arasında vasitəçi rolunu oynadığı, gizli məlumatların ötürülməsində iştirak etdiyinə dair də iddialar yayılıb.

Bu iddialar rəsmi mənbələr tərəfindən təsdiqlənməyib. Ancaq iddialara əsasən, məhz bu fəaliyyət ifşa olunduqdan sonra təkcə Əhmədzadə deyil, onunla əlaqəli bəzi digər məmurlar da saxlanılıb. Onların adlarının da yaxın günlərdə ictimaiyyətə açıqlanacağı gözlənilir.

Əgər bu faktlar rəsmi təsdiqini tapsa, Əhmədzadəyə qarşı təkcə iqtisadi cinayətkar kimi deyil, həm də vətənə xəyanət ittihamı ilə hökm çıxarılması gündəmə gələ bilər.

Enerji sektorunda təmizlənmə: xarici təsirlərin ifşası və bəzi güc mərkəzlərinin çöküşü

Hadisə təkcə bir şəxsin həbsi ilə məhdudlaşmır. Hökumət dəhlizlərində bu prosesi ölkənin enerji sektorunda aparılan şəffaflıq və təmizlənmə kampaniyasının bir hissəsi kimi təqdim edirlər. Çünki son illər Azərbaycanın beynəlxalq enerji bazarındakı etibarı həm iqtisadi, həm də siyasi baxımdan strateji əhəmiyyət daşıyır.

Məlumdur ki, Azərbaycan nefti təkcə iqtisadi gəlir mənbəyi deyil, həm də geosiyasi təsir aləti kimi mühüm rol oynayır. Bu səbəbdən də enerji sektorunda baş verən hər hansı korrupsiya, sui-istifadə və ya təxribat faktı ölkənin beynəlxalq mövqelərinə birbaşa təsir göstərir.

Seçilən
19
8
publika.az

10Mənbələr