AZ

“Kirkdən fərqli olaraq rəqiblərimə nifrət edirəm” – Tramp

ABŞ Prezidenti Donald Tramp sui-qəsd nəticəsində öldürülən Çarli Kirkdən fərqli olaraq rəqiblərinə nifrət etdiyini bildirib.

“Report”un məlumatına görə, Amerika lideri fikirlərini Arizona ştatının Qlendeyl şəhərindəki “State Farm Stadium” stadionunda Kirkin anım mərasimində səsləndirib.

“O, nəcib və böyük məqsədi olan missioner idi. O, rəqiblərinə nifrət etmirdi və onlar üçün ən yaxşısını istəyirdi. Bununla bağlı Çarli ilə razı deyiləm. Rəqiblərimə nifrət edirəm və onlara ən yaxşısını arzulamıram”, – Tramp deyib.

O əlavə edib ki, Kirk hər kəsi yaxşı, düzgün, həqiqi ideya və prinsiplərə inandırmaqda maraqlı idi.

Kirkin dəfn mərasimində ABŞ Prezidenti Donald Trampla yanaşı, Pentaqon rəhbəri Pit Heqset, dövlət katibi və prezidentin milli təhlükəsizlik müşaviri Marko Rubio da daxil olmaqla ABŞ administrasiyasının bir çox yüksək səviyyəli rəsmiləri iştirak edib.

Qeyd edək ki, amerikalı mühafizəkar fəal və Trampın yaxın müttəfiqi Çarli Kirk sentyabrın 10-da Yutada universitetdə ictimai çıxışı zamanı boyun nahiyəsindən güllə yarası alıb. O, ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, az sonra dünyasını dəyişib.

İki gün sonra Yutanın qubernatoru Spenser Koks qətldə şübhəli bilinən 22 yaşlı Tayler Ceyms Robinsonun həbs olunduğunu elan edib.

Seçilən
9
2
7times.az

3Mənbələr