AZ

DSX mayoruna hücumla bağlı məhkəmə istintaqı yekunlaşıb

Bakıda DSX mayoruna hücum etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının vəsatəti əsasında istintaq davam etdirilib. Prosesdə ötən iclasda baxılması mümkün olmayan videogörüntüyə baxış keçirilib.

Videogörüntüdə zərərçəkənə ilk hücumu Elnur Həmidovum etdiyi görünüb. Daha sonra davada digəriləri iştirak edib.

Dövlət ittihamçısı Elnur Həmidova əlində görünən parlaq əşyanın "beşbarmaq" olub-olmadığını soruşub. Elnur Həmidov əlində "beşbarmaq"ın olmadığını bildirib. O, görüntüdə görünən, əlindəki parlayan cismin bərk sıxaraq saxladığı təsbehi olduğunu açıqlayıb: "Əlimdə həmin alət olsaydı, Fuad Zeynalova daha çox vurmuşdum, onun bədənində iz qalardı. Anarın yıxılmasının səbəbi mən vurandan sonra beynindəki sağlamlıq problemləri ilə əlaqədar yaranan baş gicəllənməsi olub. Mən ona "beşbarmaq"la vurmamışam. Onlar mənim məşq yoldaşlarım olub. Barışıq da əldə olunub".

Daha sonra prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxış üçün vaxt istəyib.

Növbəti proses oktyabrın 6-na təyin edilib.

Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıb. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
5
8
apa.az

9Mənbələr