19-20 Sentyabr 2023-cü il Lokal Antiterror Əməliyyatının Tarixi Əhəmiyyəti
Azərbaycan tarixində dönüş nöqtələrindən biri olan 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş lokal antiterror tədbirləri, dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpasını təmin edən mühüm bir mərhələ oldu. Bu əməliyyatlar, təkcə hərbi uğur deyil, həm də diplomatik, siyasi və milli mənsubiyyət baxımından tarixi əhəmiyyət daşıyır.
2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda yerləşən Ermənistan silahlı birləşmələrinin törətdiyi növbəti genişmiqyaslı təxribatın qarşısını almaq məqsədilə Azərbaycan Ordusu lokal xarakterli antiterror tədbirlərinə başladı. Əsas məqsəd qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, konstitusiya quruluşunun bərpası və bölgədə ictimai asayişin təmin olunması idi.
Yüksək peşəkarlıqla planlaşdırılan və cəmi 23 saat davam edən bu əməliyyat nəticəsində Azərbaycan Silahlı Qüvvələri qarşıya qoyulan bütün strateji hədəflərə uğurla nail oldu. Qarabağın bütün bölgələrində Azərbaycan suverenliyi bərpa edildi, dövlət bayrağımız əzəmətlə dalğalanmağa başladı.
Azərbaycan dövləti uzun illər boyu dialoq və reinteqrasiya üçün sülh təşəbbüsləri göstərsə də, Qarabağda yaşayan erməni icmasının nümayəndələri bu təkliflərə ardıcıl şəkildə qarşı çıxmış, qeyri-qanuni silahlı rejimə sadiq qalmışdılar. Lakin 19-20 sentyabr antiterror əməliyyatlarından sonra yaranmış yeni reallıq fonunda separatçı rəhbərlik Azərbaycanın Yevlax şəhərində keçirilən rəsmi görüşlərdə iştirak etməyə məcbur oldu. Bu fakt, separatçıların artıq Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanımaqdan başqa çıxış yolunun qalmadığını açıq şəkildə göstərdi.
Əməliyyatdan cəmi 8 gün sonra, sentyabrın 28-də Qarabağda yaradılmış qanunsuz rejimin rəhbəri Samvel Şahramanyan, separatçı qurumun "fəaliyyətinə son qoyulması" barədə sənəd imzaladı. Bu sənəd, Azərbaycanın daxili işlərinə qanunsuz müdaxilənin və separatçılığın rəsmi şəkildə sona çatdığını bəyan etdi.
Tarixi Zəfərin məntiqi davamı olaraq, 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinə səfər edərək, orada dövlət bayrağını ucaltdı. Bu simvolik addım, Azərbaycanın həmin ərazilərdə real və hüquqi suverenliyinin bərqərar olmasının rəmzi kimi qəbul olundu.
Tarixi əhəmiyyətini nəzərə alaraq, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da imzaladığı sərəncamla 20 Sentyabr tarixini Dövlət Suverenliyi Günü elan etdi. Bu qərar, həmin günün gələcək nəsillər tərəfindən də unudulmaması və daim qürur hissi ilə xatırlanması üçün mühüm hüquqi və siyasi addım oldu.
19-20 sentyabr 2023-cü il tarixli lokal antiterror tədbirləri Azərbaycan tarixində yalnız bir hərbi uğur deyil, həm də milli birliyin, siyasi iradənin və beynəlxalq hüququn təntənəsi kimi yadda qaldı. Ölkəmiz separatçılığa son qoyaraq, bütün ərazisində suverenliyini tam bərpa etdi və dövlət nəzarətini təmin etdi. Bu Zəfər, həm bugünkü nəsil, həm də gələcək nəsillər üçün qürurverici bir irsdir və müasir Azərbaycanın dövlətçilik tarixində əbədi yer aldı.
Şəbnəm Uğurlu
YAP Laçın Rayon Təşkilatı 54 saylı ƏPT sədri,
Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi
Laçın şəhər 2 nömrəli tam orta məktəbin direktor müavini