AZ

Taliban universitetlərdə qadın müəlliflərin kitablarından öyrənməyi qadağan edib

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Taliban hökuməti Əfqanıstan universitetlərində qadınların qələmə aldığı kitabların tədrisini qadağan edib.

Bu, hökumətin gətirdiyi yeni qadağaların bir hissəsidir.

O cümlədən, ölkədə insan hüquqları və seksual qısnama ilə bağlı dərslər də ləğv olunub.

Müəllifi qadın olan 140 kitabdan başqa, "Kimya laboratoriyasında təhlükəsizlik" kimi kitabların da yer aldığı 500-dən çox kitab "şəriət əleyhinə və Talibanın siyasətinə qarşı" olduğuna görə "narahatlıq" doğurub.

Universitetlər bildirir ki, 18 fənnin tədrisi qadağan edilib. Taliban rəsmiləri bildirir ki, sözügedən fənlər "şəriətin hökmləri və sistemin qaydalarıyla toqquşub".

Bu fərman Talibanın 4 il əvvəl Əfqanıstanda hakimiyyəti yenidən ələ keçirdikdən sonra gətirdiyi qadağalar seriyasının sonuncusudur.

Talibanın hakimiyyəti təkrar ələ keçirməsindən sonra Əfqanıstanda qadınlara parka getmək, dövlət idarələrində işləmək, qızların orta məktəblərdə və liseylərdə təhsil almaq, yanında kişi olmadan evindən 72 kilometr məsafəyə uzaqlaşmaq qadağan olunub, burka taxmaq isə təkrar məcburi elan edilib.

Təkcə bu həftə Taliban rəhbərliyinin əmriylə 10 əyalətdə fiber-optik internet "əxlaqsızlığın qarşısını almaq üçün" rəsmi şəkildə qadağan edilib.

Bütün bu yeni qaydalar ölkədə həyatın müxtəlif sahələrinə təsir edib - xüsusilə, qadınların və qızların həyatına daha çox təsir edib.

Onlara 6-cı sinifdən yuxarı təhsil almaq qadağan edilib, ən son peşəkar təhsilə yol 2024-cü ili sonunda bağlanıb - ölkədə mamaçalar üçün kurslar səssizcə ləğv olunub.

Bu dəfə isə qadağalar universitetlərdə qadınlarla bağlı tədris olunan fənlərə çatıb. On səkkiz qadağan olunmuş fənnin altısı məhz qadın mövzusundadır: onlar arasında "Gender və inkişaf", "Kommunikasiyada qadınların rolu" və "Qadın sosiologiyası".

Taliban hökuməti açıqlayıb ki, öz təfsirinə uyğun olaraq, qadın haqlarına "əfqan mədəniyyəti və İslam qaydaları çərçivəsində" hörmət edir.

Dərs materiallarını təftiş edən komissiyanın üzvü qadınlar tərəfindən qələmə alınmış kitablara qadağa qoyulduğunu təsdiqləyib və BBC-nin Əfqanca Xidmətinə "müəllifi qadın olan bütün kitabları öyrənmək qadağan edilib" deyib.

Taliban qayıtmazdan əvvəl ədliyyə nazirinin keçmiş müavini olmuş, eləcə də qadağan olunmuş kitablardan birinin müəllifi Zəkiyə Adili bu qərara təəccüblənmir.

"Talibanın son 4 ildə etdiklərini nəzərə alsaq, onların tədris proqramını dəyişməsi təəccüblü deyil, - o deyir. - Onların mizoginist düşüncəsini və siyasətlərini nəzərə alsaq, əgər qadınların təhsil alması qadağandırsa, təbii ki, təbii ki, onların baxışları, ideyaları və əsərləri də qadağan olacaq".

"Təhsil sahəsində ciddi boşluq"

BBC-nin Əfqanca Xidmətinin əldə etdiyi bu yeni təlimat avqustun sonunda verilib.

Taliban hökumətinin Ali Təhsil Nazirliyinin akademik direktorunun müavini Ziaur Rəhman Aryubi universitetlərə göndərdiyi məktubda qərarın "bir qrup din alimi və eksperti" tərəfindən verildiyini yazıb.

Qadınlar tərəfindən yazılmış kitablarla yanaşı, qadağaya həm də İran müəlliflərinə məxsus və ya İranda çap olunmuş kitablar məruz qalıb.

Komissiya üzvlərindən biri BBC-yə deyib ki, bu addımın məqsədi İrana məxsus məzmunun Əfqanıstan təhsil sisteminə nüfuzunun qarşısını almaq məqsədi güdüb.

Əfqanıstandakı bütün universitetlərə göndərilmiş əlli səhifəlik siyahıda 679 kitab yer alıb, bunlardan 310-u iranlı müəlliflərin kitablarıdır və ya İranda çap olunmuş əsərlərdir.

Bu məlumatı BBC-yə biri sözügedən komissiyanın üzvü olmaqla, iki fərqli mənbə təsdiqləyib.

Bu qərarın, xüsusi olaraq, "İran təsirinin qarşısını almaq" üçün qəbul edildiyini bildirilib.

İki ölkə arasında münasibətlər onsuz da gərgindir - son illərdə onlar su ehtiyatları üstündə toqquşurlar.

Bundan başqa, yanvar ayından bəri İran anti-əfqan əhval-ruhiyyəsinin artması fonunda 1,5 milyondan çox əfqanı yenidən Əfqanıstana göndərib.

Qərar akademikləri narahat edib: anonim qalmaq şərti ilə müsahibə vermiş bir əfqanıstanlı professor BBC-yə bildirib ki, qadağan olunmuş kitabların itkisini kompensasiya etmək demək olar ki, mümkün olmayacaq.

"İranlı müəlliflərin və tərcüməçilərin kitabları Əfqanıstan universitetləri ilə dünya akademik ictimaiyyəti arasında önəmli körpü rolu oynayır. Onların istisna edilməsi ali təhsildə ciddi boşluq yaradır".

Kabil Universitetinin müəllimi BBC-yə deyib ki, bu şəraitdə onlar Taliban tərəfindən irəli sürülən bütün "olar" və "olmazlar"i nəzərə alaraq, dərsliklərin bəzi hissələrini özləri yazıb hazırlamağa məcburdurlar.

Bununla belə, əsas sual bu fəsillərin dünya standartlarına cavab verib-verməyəcəyidir.

BBC Talibanın Təhsil Nazirliyi ilə əlaqə saxlasa da, cavab almayıb.

Seçilən
1
bbc.com

1Mənbələr