Paytaxtda Dövlət Sərhəd Xidmətinin (DSX) zabitinə qarşı xuliqanlıq etməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəməsinin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hadisə vaxtı qeydə alınan müəyyən videogörüntülərə baxılıb.
Görüntülərdə zərərçəkənə ilk hücumu Elnur Həmidovun etdiyi, daha sonra insidentə digərlərinin qoşulduqları əks olunub.
Dövlət ittihamçısı Elnur Həmidovdan əlində görünən parlaq əşyanın "beşbarmaq" olub-olmadığını soruşub, o isə bunun təsbeh olduğunu deyib:
"Əlimdə həmin alət olsaydı, Fuad Zeynalova daha çox vurmuşdum, onun bədənində iz qalardı. Anarın yıxılmasının səbəbi mən vurandan sonra beynindəki problemlərlə əlaqədar yaranan başgicəllənməsi olub. Mən ona "beşbarmaq"la vurmamışam. Onlar mənim məşq yoldaşlarım olublar. Barışıq da əldə olunub".
Daha sonra prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.
Dövlət ittihamçısı çıxış üçün vaxt istəyib.
Növbəti proses oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, yanvarın 4-də paytaxtın Xətai rayonunda bir qrup idmançı xuliqanlıq zəminində insident törədib. İdmançıların DSX mayoru, kikboksinq üzrə Əməkdar məşqçi və Əməkdar idman ustası Fuad Zeynalova hücum etdikləri bildirilib. Faktla bağlı idmançılardan Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov, Musa Əhmədov və Ramal Aslanov polis tərəfindən saxlanılıblar. Hadisənin sifarişçisinin Kikboksinq Federasiyasının I vitse-prezidenti Ramal Aslanov olduğu açıqlanıb. Xətai Rayon Məhkəməsinin qərarına əsasən, saxlanılan Elnur Həmidov, Elçin Hüseynov və Musa Əhmədov barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilib. Elvin Məmmədov barəsində isə polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Onlara Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 126.2.4 (ağır dərəcədə bədən xəsarətləri yetirmə) 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddələri ilə ittiham irəli sürülüb./Oxu.az/