AZ

Ermənistanda 44 günlük müharibə ilə bağlı araşdırma: Çox işıqlar sönəcək

BAKI, 22 sentyabr. TELEQRAF

“44 günlük müharibə ilə bağlı İstintaq Komitəsinin hesabatı hazırdır və bu, artıq parlamentin sədri Alen Simonyana təqdim olunub”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Andranik Köçəryan jurnalistlərə deyhib.

“Artıq hesabatımız hazırdır və onu plenar iclasa təqdim etmək çox vacibdir. Hesabatın nəticələri o olmalıdır ki, 44 günlük müharibə zamanı üzləşdiyimiz reallıqlardan dərs ala bilək”, - komitə sədri qeyd edib.

Köçəryan bildirib ki, 44 günlük müharibə zamanı Ermənistan Silahlı Qüvvələrində baş verənləri araşdıran istintaq komissiyasının hesabatı vaxtında spikerə təqdim edilib:

“Genişmiqyaslı nəticələr əldə etdik, çoxlu sayda məxfi materiallar araşdırılıb. Hesabat çoxlu suallara cavab verir. Nəticələr var, hüquq-mühafizə orqanları çoxsaylı işləri araşdırır. Nə vaxt dərc olunacağını parlamentin sədri müəyyən edəcək. Bəli, böyük ifşalar olacaq, çox işıqlar sönəcək”.

Xatırladaq ki, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibədə pozuntularla əlaqədar İrəvanda cinayət işi açılıb. İşə Ermənistan Silahlı Qüvvələrinin yüksək vəzifəli şəxsləri ilə yanaşı, keçmiş hərbi komandanlığın nümayəndələri və ləğv edilmiş separatçı rejimin ünsürləri cəlb də olunub.

Təxminən 70 yüksək rütbəli və vəzifəli ordu zabiti 44 günlük müharibə ilə bağlı müxtəlif cinayət işlərinin təqsirləndirilən şəxsləri kimi araşdırmalara cəlb edilib.

Ermənistan Baş Prokurorluğu bəyan edib ki, 10,687 nəfərə yaxın insan 44 günlük müharibə və fövqəladə vəziyyət zamanı xidmət öhdəliklərini yerinə yetirməmək ittihamı ilə cinayət işlərinə cəlb edilib. Onlardan bəziləri həbs olunub, bəziləri barədə isə araşdırmalar davam edir. Yerli KİV hesabatın dərc olunmasından sonra daha nüfuzlu şəxslərin həbsini istisna etmir.

Seçilən
7
teleqraf.com

1Mənbələr