Moderator.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Strateji dron hücumları Moskvanın iqtisadi imkanlarını zəiflədir, Kremlin danışıqlar masasına dönməsini sürətləndirə bilər..."
Ukraynanın yeni nəsil dron hücumları Rusiya daxilində geniş rezonans doğurur. Bu hücumlar təkcə Moskvanın neft gəlirlərini azaldıb daxili bazarda yanacaq böhranı yaratmır, həm də Kiyevin mümkün sülh danışıqlarında əlinə güclü "kart" verir.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.
Moskvanın iqtisadi dayaqları hədəfdə
Nəşr qeyd edir ki, yay aylarında Ukrayna uzaqmənzilli dronları ilə Rusiyanın müxtəlif bölgələrində ondan çox neft emalı zavoduna hücum edib. Avqustun yekunlarına görə, Rusiyanın emal gücünün 17 faizi - gündə təxminən 1,1 milyon barel sıradan çıxıb.
Ryazan və Novokuybışevskdəki zavodlarda əsas distillə qurğuları dayanıb, Volqoqraddakı müəssisə isə tamamilə fəaliyyətini dayandırıb. Bir çox obyektlər dəfələrlə zərbələrin hədəfinə çevrilib.
Ukraynanın istifadə etdiyi "Lütıy" adlı dronlar daxildə istehsal olunur, süni intellekt sistemləri ilə təchiz edilib və 2 min kilometrdən artıq məsafəni qət edə bilir. Bu, Kiyevə həm müstəqil hərəkət imkanı verir, həm də Rusiyanın radioelektron müdafiə vasitələrini aşmağa şərait yaradır.
İqtisadi nəticələr və Moskvanın itkiləri
Zərbələrin nəticəsi olaraq Rusiyada yanacaq qıtlığı yaranıb və benzin qiymətləri rekord həddə yüksəlib. Kreml ixracı məhdudlaşdırmağa məcbur olub, bu isə Moskvanın neft gəlirlərinə ağır zərbə vurub və xarici müştəriləri alternativ bazarlara yönəldib. Eyni zamanda, hökumət milyardlarla dolları zavodların bərpasına və onların müdafiəsini gücləndirməyə xərcləməli olur.
Bu isə birbaşa ordunun ehtiyaclarından resursların yayındırılması deməkdir. "Forbes" qeyd edir ki, Rusiya yay hücumları üçün böyük xərc çəksə də, cəbhədə minimal nəticə əldə edib. Ukraynanın FPV dronları tank və zirehli texnikanı məhv edir, möhkəmləndirilmiş müdafiə xətləri isə rus qoşunlarının irəliləyişini əngəlləyir.
Kiyevin əlində güclü "kozır"
Nəşrin analitiklərinə görə, hazırkı vəziyyət Kremlin danışıqlara dönməsini qaçılmaz edə bilər. Çünki neft gəlirləri kəskin azalır, hərbi xərclər sürətlə artır, strateji məqsədlərə nail olmaq mümkün olmur. Jurnal yazır ki, artan daxili narazılıq və beynəlxalq təzyiqlə birləşən iqtisadi zəiflik Moskvanı danışıqlar masasına çəkə bilər. Əgər Kiyev bu təşəbbüsü qoruyub saxlaya bilsə, həm Rusiya ordusunu, həm də iqtisadi dayanıqlığını zəiflətməklə sülh razılaşmalarına daha əlverişli şərtlərlə otura bilər.
Son hücumlar
Sentyabrın 18-də Ukrayna xüsusi xidmətlərinin dronları Rusiyanın ən böyük neft-kimya komplekslərindən birini - Başqırdıstandakı zavodu vurub. Bundan əlavə, Volqoqrad zavodu işini dayandırıb. Bir neçə gün sonra, sentyabrın 20-nə keçən gecə isə Ukrayna qüvvələri Saratov və Novokuybışevskdəki iki mühüm zavodu hədəfə alıb. Sentyabrın 22-ə keçən gecə Ukraynanın uzaqmənzilli dronları Krasnodar diyarında Slavyansk-Kuban və Yaroslavl yaxınlığında neft emalı zavodlarına zərbələr endirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.