AZ

Az öncə istefa verən adam hər şeyi “Sportinfo”ya açıb danışdı!

Adil Şükürovun “Kəpəz”ə ikinci qayıdığı cəmi 5 oyundan ibarət oldu.

“Qəbələ”yə böyük hesablı məğlubiyyətdən sonra (0:3) təcrübəli çalışdırıcı ilə yollar ayrıldı.

Klub rəsmi səhifələri vasitəsi ilə ayrılıq xəbərini yayan kimi Adil bəylə əlaqə saxlayıb, sual doğuran məqamlara aydınlıq gətirdik.

- Yoldasınız, deyəsən.

- Bəli, Gəncəyə gedirəm.

- Gəncəyə gedirsiniz, yoxsa Bakıya qayıdırsınız?

- Birinci Gəncəyə getmək, sonra Bakıya qayıtmaq lazımdır.

- Anladım. Deməli, “Qəbələ”ylə matçdan sonra Gəncəyə yox, Bakıya getmişdiniz.

- Bəli-bəli.

- İstefa verdiniz, yoxsa istefaya göndərildiniz?

- İstefa verdik və ayrıldıq.

- Səbəb?

- Səbəb məlumdur. Komanda istədiyimiz kimi oynamırdı, istədiklərimizi ala bilmirdik. Yekunda yolların ayrılmasına dair qərar verdik.

- İstədiklərinizi niyə ala bilmirdiniz?

- Bilmirəm. 5 tur səbəb axtardım, tapa bilmədim.

- Ola bilər ki, nəyəsə və ya kiməsə görə komanda bilərəkdən oynamırdı.

- O barədə düşünmürəm. Heç vaxt da fikirləşməmişəm. İnsani keyfiyyətlərimiz, davranışlarımız kiməsə qarşı artıq hərəkət etməyə imkan vermir. Ona görə də dediyiniz məsələ barədə heç düşünməmişəm.

- Ötən mövsümə də “Kəpəz”də başlamışdınız, bu il də. Və hər iki cəhddə uğursuzluq yaşandı. Bu fakt Adil Şükürovun məşqçi bacarığına kölgə salmayacaq?

- Hər bir işdə xeyir var. Məni ən çox məyus edən komandadan istədiklərimizi ala bilməməyimizdir. İndiyə qədər gördüyümüz işlər, keçdiyimiz məşqçilik yolu, karyeramız – bütün bunlar məyus olmağa əsas vermir. Çatışmazlıq hər kəsdə var. Lakin bu, məşqçi bacarığı ilə bağlı olan məsələ deyil.

- Ötən mövsüm sizin yerinizə gələn Azər Bağırov bir neçə futbolçunu göndərib, onların yerinə yeniləri dəvət etdi və nəticələr yaxşılaşdı. Seleksiyada yanılmağınız bu dəfəki uğursuzluğa səbəb ola bilər?

- İstədiyimiz futbolçuları gətirə bilmədik. Yoldaşlıq görüşlərindəki məğlubiyyətlərdən sonra tələm-tələsik transferlər etdik. Bununla belə, gətirdiyimiz futbolçuların hər biri ötən mövsüm sabit və uğurlu çıxış edib. Ona görə də seleksiyada səhvə yol verdiyimizi düşünmürəm.

- Bundan sonra nəticələri kimsə düzəldə bilər?

- Bir dəfə bununla bağlı öz məsləhətimi verdim, sonra da dayanmadan qabırğalarımdan zərbələr aldım. Ona görə də bu mövzuda susmağı üstün tuturam.

- Nə mənada məsləhət vermişdiniz?

- Ötən mövsüm “Kəpəz”dın ayrılanda bizdən “kim olsun, necə olsun” məsləhətini alanda, fikrimizi bildirmişdik. Hətta demişdim ki, yayda gətirə bilmədiyimiz futbolçuları dəvət edə bilsəniz, nəticələr düzələcək. Və həmin oyunçular gələndən sonra nəticələr yaxşıya doğru dəyişdi.

- Bu komandanı qaldırmaq olar, yoxsa yox?

- Olar.

- Bunu kim bacarar?

- Bu sualdan uzaq durmağım yaxşıdır.

- Azər Bağırovla münasibətiniz necədir?

- Salam, sağ ol.

- Görəndə öpüşüb-görüşürsünüz?

- Görəndə salamlaşırıq, ayrılanda sağollaşırıq.

- İsti münasibət yoxdur?

- Vaxtilə olub. “Kəpəz”ə gələndən sonra nə axtardı, nə zəng elədi. İstəmədisə, istəmədi.

- Ötən il qədər münasibətiniz normal idi, hə?

- Hər zaman gücüm çatdığı qədər kiməsə kömək etməyə çalışmışam.

- Rəhbərliklə münasibətiniz necədir?

- Əvvəl necəydisə, həmin münasibətdə də qalmışıq. Yaxşıdır, heç bir problem yoxdur.

- Azarkeşlərlə münasibətiniz necədir?

- Xaraktercə elə insanam ki, nə kiməsə qarşı kobudluq edərəm, nə də artıq söz deyərəm. Heç kimə qarşılıqsız heç nə etmərəm. Nəsə olub ki, qarşılıq olaraq nəsə etmişəm, nəsə demişəm. Ola bilsin bir qrupla münasibətim pisdir, bir qrupla yaxşıdır. Bu da təbii prosesdir. Çünki bir adam hamı ilə eyni münasibətdə olmaq məcburiyyətində deyil.

-“Qəbələ”yə məğlubiyyətdən sonra çox əsəbi görünürdünüz.

- Əsəbi olaram da. Həm oyunda istədiklərimizi ala bilmirdik, həm də tribunada lazımsız, oyundan kənar ifadələr işlədilirdi. Bu da adamı istər-istəmız özündən çıxarır.

- Azarkeşlə aranızda baş verən kobud dialoqun görüntüsünə baxmısınız?

- Oyunun gedişində tribunadan deyilən sözləri eşitməyiniz də məsləhətdir. Onda bilərsiniz ki, niyə sonluq belə alındə, niyə o sualı verdim.

- Azarkeşlər sizi istefa verməyə çağırıb, evə getməyə səsləyirdilər. Eləmi?

- “Adil, get evə” – bunu fərd olaraq bir nəfər deyib. Ondan başqa heç kim deməyib. Mənim dediyim söz də həmin bir nəfərə aid idi, başqa kiməsə yox.

- Doğru addım idi sizcə?

- Kimsə kimisə evinə getməyə səsləyirsə, bu adam səninlə həddən artıq yaxın olmalıdır. Azarkeş istefaya səsləyə bilər, bu, normaldır. Ancaq “evə get” deyə bilməz. Heç kimin bu sözü deməyə ixtiyarı yoxdur. Baxmayaraq ki, jurnalist-məşqçi münasibətimiz var, mənim belə sizə o sözü demək ixtiyarım yoxdur. Etik qaydaları aşmaq doğru deyil.

- Azarkeş ağzının danışığını bilməyəndə, baş məşqçi onunla o tərzdə danışmalıdır, azarkeşə “evində yer var” sualını verməlidir?

- Mənə maraqlı olan o idi ki, həmin şəxs məni özünə o qədərmi yaxın bilir? Ona görə sual verdim.

- Amma siz o sualla daha yaxın olmaq istədiniz sanki.

- Adamın özünü yaxın hiss etdiyini görüb, mən də yaxınlıq etmək istədim. Adam mənimlə yaxın, yaxşı münasibət qurmaq istəyirsə, başqa nə deyim? Mənimlə xoş münasibət qurmaq istəyən adamla münasibətə hazıram.

- Bundan sonrakı karyeranızı necə və harada görürsünüz?

- İnşallah ki, öz işimizdə davam edəcəyik.

- Hansı işinizdə?

- Məşqçilik işində.

- Davam edəcəksiniz, yoxsa etmək istəyirsiniz? Təklif(lər) var?

- Hər şey Allahın əlindədir. Nəyin necə olacağını Allahdan başqa heç kim bilmir ki.

HƏBİB

Seçilən
8
sportinfo.az

1Mənbələr