AZ

Rusiya məhkəməsi Anar Hüseynovla bağlı QƏRAR VERDİ - 9 il həbs cəzası aldı

Rusiyada kütləvi zəhərlənməyə səbəb olan məşhur “Mister Sidr” içkisinin istehsalçıları ciddi həbs cəzalarına məhkum edilib.

Musavat.com xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

“Mister Sidr”in istehsalçısı Anar Hüseynov 9 il, içkini mağazalara tədarük edən Artem Ayrapetyan isə 8 il müddətinə azadlıqdan məhrum olunub.

İstintaqla bağlı digər 7 nəfər də əvvəllər məhkum edilərək on ilə qədər həbs cəzası alıb.

TASS xəbər verir ki, Samara vilayətinin məhkəməsi Anar Hüseynovu şirkətin kütləvi zəhərlənməyə səbəb olan içkini istehsal etməsində təqsirli bilib. Ayrapetyan isə tədarükçü kimi məsuliyyətə cəlb edilib. Hər iki şəxs cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, 2023-cü ilin iyununda Rusiyanın bir sıra regionlarında aşağı alkoqollu “Mister Sidr” içkisindən kütləvi zəhərlənmələr baş verib.

Hadisə nəticəsində 50-yə yaxın insan həlak olub, yüzdən çox nəfər yaralanıb.

İstintaq Komitəsinin açıqlamasına görə, Ulyanovsk vilayətindən götürülmüş spirt nümunələrində təhlükəli miqdarda metanol və etil butirat aşkar edilib.

Araşdırmalar göstərib ki, müsadirə edilmiş spirtli içkilər Samara vilayəti üzrə tədarük mərkəzindən oğurlanaraq “Mister Sidr”in istehsalında istifadə olunub.

Müstəntiqlərin fikrincə, istehsalçılar maya dəyərini və vaxtını azaltmaq üçün almaların uzun müddət mayalanmasından imtina edərək, şirəyə etil spirti əlavə etmək əvəzinə metanol istifadə ediblər. Nəticədə yoxlamadan keçmiş 48 min litr sidr təhlükəli vəziyyət yaradıb. Etiketlərdə göstərilən tərkib isə saxta olub, “Mister Sidr” və “Summer Sidr” adı altında satışa çıxarılıb.

Musavat.com

Seçilən
23
1
musavat.com

2Mənbələr