AZ

Sənədsiz evlərə kommunal xidmətlər: Su, qaz, işıq ilə bağlı MÜHÜM XƏBƏR

2023-cü ilin 1 oktyabrından etibarən bəzi ərazilərdə çıxarışı olmayan fərdi yaşayış və qeyri-yaşayış tikililərə kommunal xidmətlərin verilməsi məhdudlaşdırılıb. Yeni qərara əsasən, belə evlər elektrik enerjisi, qaz, su və istilik təchizatı şəbəkələrinə qoşula bilməz, yəni yalnız rəsmi sənədləşdirilmiş tikililər kommunal xidmətlərdən istifadə hüququ qazanır. Qaydanın əsas məqsədi sənədsiz tikililərin qarşısını almaq və şəhərsalma normalarına riayət olunmasını təmin etməkdir.

Maraqlıdır, bu sistem necə tətbiq olunur? Ümumiyyətlə, qanuna görə, yeni tikilən və çıxarışı olmayan evlərə kommunal xidmətlər çəkilirmi?

Məsələ ilə bağlı News24.az-a danışan əmlak eksperti Elnur Azadov açıqlamasında bildirib ki, məsələ qanunda birbaşa nəzərdə tutulmasa da, praktik tətbiq baxımından belədir:

"Əgər bütün sənədsiz evlərdə kommunal xidmətlər dayandırılsa, Bakıda əhalinin böyük əksəriyyəti qazsız, işıqsız və susuz qala bilərdi. Bu, əslində dövlət qurumlarının müəyyən etdiyi texniki tələblər idi. Çıxarış olmadan evlərə kommunal xidmətlərin çəkilməməsi nəzərdə tutulurdu. 2023-cü ilin oktyabrından etibarən torpağın çıxarışı və təyinatı yaşayış məntəqəsi olmayan ərazilərdə tikilən evlərə kommunikasiya xətti çəkilmir. Qanunun məqsədi odur ki, insanlar sənədsiz torpaqlarda ev tikməsinlər”.

Ekspertin sözlərinə görə, həmin tarixdən sonra çox sayda yeni evlər inşa edilsə də, onların böyük bir hissəsi sənədsizdir və məhz bu səbəbdən kommunal xidmətlərdən istifadəsi məhdudlaşdırılır. Lakin bəzi güzəştlərlə xidmətlərin verilməsi imkanları da mövcuddur.

Hüquqşünas Ramil Süleymanov isə bildirib ki, kommunal xidmətlərin göstərilməsi ilə bağlı aydın tələblər mövcuddur:

"İstər qaz, istər işıq, istərsə də suyun çəkilməsi üçün əsas şərtlərdən biri torpaq sahəsinin çıxarışının olmasıdır. Hazırda ölkədə 500 mindən çox sənədsiz ev mövcuddur. Onların bir hissəsi indiyədək faktiki olaraq kommunal xidmətlərlə təmin olunub. Amma qanunvericilik baxımından sənədsiz torpaq üzərində ev tikmək istəyən şəxslərə bu xidmətlər göstərilməməlidir". 

"Əgər vətəndaş kommunal xidmətin göstərilməsindən imtina ilə qarşılaşırsa, müvafiq icra strukturuna müraciət edib rəsmi cavab ala və sonra inzibati məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə xidmətin təmin olunması ilə bağlı qərar verəcək. Fərqli yanaşmalar və güzəştlər vətəndaşlar arasında ayrıseçkilik yarada bilər ki, bu da hüquqi baxımdan yolverilməzdir”, – deyə hüquqşünas əlavə edib.

Aqil Qarayev



 



Seçilən
36
1
news24.az

2Mənbələr