Bazar ertəsi səhər saatlarında Moldova Milli İstintaq Müfəttişliyinin təhqiqat qrupu prokurorlarla birlikdə və “Fulger” Xüsusi Polis Briqadasının, habelə Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin (SIS) əməkdaşlarının dəstəyi ilə bütün ölkə boyunca genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat zamanı 250-dən çox axtarış aparılıb, nəticədə 100-dən çox insan müxtəlif yerlərdə həbs edilib.
“İki sahil” MOLDPRES agentliyinə istinadla xəbər verir ki, Milli İstintaq Müfəttişliyinin məlumatına görə, “axtarışlar cinayətkar qruplar vasitəsilə Rusiyada razılaşdırıldığı iddia edilən kütləvi iğtişaşların hazırlanması və sabitliyin pozulması ilə bağlı cinayət işinin tərkib hissəsi kimi həyata keçirilir”.
Axtarışlar həm hadisədə iştirak edənlərin evlərində, həm də bir neçə cəzaçəkmə müəssisəsində aparılır.
Səlahiyyətlilər əməliyyat tədbirləri başa çatdıqdan sonra əlavə məlumat veriləcəyini bildirirlər.
Xatırladaq ki, sentyabrın 28-də Moldovada parlament seçkiləri keçiriləcək.